Poetik Qiraətdə bu gün sizlərlə Yardımlıda yaşayıb yaradan şair İqbal Nəhmət görüşür. O, sözünü deyən adam olduğunu vurğulayır. Düzü, indi çoxları özgə sözü dediyindən, şairin qaldırdığı məsələ günümüzdə önəm kəsb edir.
Çörəyimi öz suyumda,
İsladıb yeyən adamam!
Bir tək olan Allahıma,
Başımı əyən adamam!
Halsızam hallar içində,
Qalmışam lallar içində,
Bu qədər kallar icində,
Yetişib, dəyən adamam!
Yaşam yox ürək atmasa,
Yuxum yox gözüm yatmasa,
Heç kimə gücüm çatmasa,
Özümü döyən adamam!
Alışmaram ,,döz" deməyə
Özgə mala ,,öz" deməyə,
Söz taparam söz deməyə
Sözümü deyən adamam!
“Ədəbiyyat və incəsənət”
(19.02.2024)