Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Əsgərlikdə olarkən, günlərin birində anasının ölüm xəbərini alır. Tez gedib hadisəni komandirinə məruzə edir və təcili evə getməyinə icazə istəyir. Komandiri isə teleqramın üzərində Qazax rayon hərbi komissarının imzası və möhürü olmadığını bəhanə edib, ona icazə verməkdən boyun qaçırır. Anasından başqa kimsəsi olmadığını nə qədər desə də, komandir eşitmək istəmir. Əsəbləri gərilir, necə deyərlər, özünü saxlaya bilmir. Çiynindəki avtomatı komandirin üstünə çəkir. Komandir qorxusundan əllərini qaldırıb, onun çıxıb getməsini işarə edir.
Binadan çıxanda görür ki, onu mühasirəyə alıblar. Avtomatı yerə qoymasını tələb edirlər. O da: “heç kim yaxın gəlməsin, vuraram!”- söyləyərək, oradan qaçıb uzaqlaşır. Qazaxa çatanda silahı qohum evinə qoyub qəbiristanlığa, anasının dəfninə yollanır. Dəfndən sonra xidmət etdiyi hərbi hissəyə qayıdır və əzablı günləri başlayır...
Bu ərəfədə hərbi hissədə şairlərin görüşü keçirilirmiş. Nigar Rəfibəyli, Rəsul Rza da bu görüşdə iştirak edirmişlər. Nigar Rəfibəyli onu tanıyıb tədbirdə şeir oxumasını təklif edir. O da ağlayaraq oxuya bilməyəcəyini söyləyir. Sonra baş verən hadisəni Nigar xanıma danışaraq, ondan kömək istəyir və bildirir ki, bu görüşdən sonra onu ağır cəza gözləyir. Azadlıqdan məhrum oluna bilər. Nigar xanımın israrlı xahişindən sonra hərbi hissənin komandanlığı onu bağışlayır...
Qəribə hekayədir, deyilmi? Bunu ötən gün 93 yaşını qeyd edən, qosqoca şairimiz Nəriman Həsənzadə söyləyib. Onun yaradıcılığı, davranışı adama həzin bir musiqini xatırladır. İnsanı düşündürən, xəyalən uzaqlara apara bilən musiqiyə. Bəlkə də ondan irəli gəlir ki, şairin söz-söhbəti, səsi də həzindir…
1931-ci ildə anadan olub. Bir yaşında atasını, iyirmi üç yaşında isə anasını itirib. Erkən gəncliyindən həyata təkbaşına atılıb. Həsən bəy Zərdabi adına indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnib. Sonra SSRİ ordu sıralarında hərbi xidmətdə olub. Daha sonra Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı ikiillik ədəbiyyat kursuna göndərib. Bu kursu başa vuraraq Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Beş il də orada təhsil alıb. Uç il Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspiranturasında oxuyub. "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.
Ötən müddətdə müxtəlif vəzifələrdə çalışıb. Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsinədək yüksələ bilib. Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. Azərbaycanın xalq şairidir. "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenlərinə layiq görülüb. Prezidentin fərdi təqaüdçüsüdür. İndiyədək 30-dan yuxarı kitabı işıq üzü görüb…
Deyir ki,- "Şair olmaq bədbəxçilikdir. Daim öz aləmində olursan, qəm-qüssə çəkirsən, duyğularla yaşayırsan..."
Yəqin ki, bütün xoşbəxtlər kimi, onun da öz xoşbəxtliyindən xəbəri yoxdur. Erkən gəncliyindən kimsəsiz qalsa da, necə deyərlər, bütün ömrü boyu kimsəsizlər KİMSƏSİNİN kimsəsi olub. Allah ondan heç nəyi əsirgəməyib- İstedad, ailə, ağıllı övladlar, rahat həyat, şan-şöhrət və ən başlıcası uzun ömür. Uzun ömür isə Allahın bəndəsinə olan xüsusi mərhəmətidir. Elə bil, səni can borcunu geri qaytarmağa heç kim tələsdirmir…
Bəli, xalq şairi Nəriman Həsənzadə ömrünün ixtiyar çağlarını- qocalığını yaşayır. Elə yaşayır ki, ağlı, yaddaşı, nitqi, ədəb-ərkanı, davranışı, düşüncə və hərəkətləri ilə QOCALIĞI insanlara sevdirə bilir. Necə deyərlər, qoca olanda da Nəriman Həsənzadə kimi QOCA olasan...
Xalq şairinin növbəti ad günü oldu, hələlik bir əsrdən yeddi il balacadır. Ona can sağlığı, ağrı-acısız günlər arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(19.02.2024)