“Vuruldum nisgilinə...” - Əhməd Qəşəmoğlunun şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı Əhməd Qəşəmoğlunun şeirlərini təqdim edir.

Əhməd Qəşəmoğlu şair, publisist, sosioloqdur, 1988-ci ildən AYB-nin üzvüdür, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısıdır.

O, fevral ayının 15-də 74 yaşını qeyd etdi, yenə də gənclik şövqü ilə yazıb yaradır. Əslən Naxçıvanın Babək rayonunun Vayxır kəndində olan müəllif ilk dəfə 1977-ci ildə Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində dərc edilib, bundan sonra onun şerləri müntəzəm olaraq respublika mətbuatında çap olunub. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunub.

Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nın laureatı olub. Buna görə də onun "Vlyublennıy veter" (Aşiq olan külək)  kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunub. Razılaşın ki, o dövrdə belə uğur hər kəsə nəsib olmur. Üstəlik, Əhməd Qəşəmoğlu SSRİ Yazıçılar İttifaqına üzv də seçilib. O, həm də "Rəsul Rza" adına ədəbi mükafatın laueratıdır.

Yubiley yaşına doğru səmt götürən Əhməd müəllim redaksiyamıza xeyli şeir təqdim edib. Olduqca maraqla oxunan və əksəriyyəti lirik olan bu şeirlər həm də düşündürücüdür, günümüz üçün aktualdır.

Yaxın bir neçə gündə oxucuları Əhməd Qəşəmoğlu poeziyası ilə baş-başa buraxacağıq.

 

 

Mən sənin özünlə sevirəm səni...

 

Təkcə ürəklə sevmək nədi ki...

qəlbimin kökləndiyi

yerlə, göylə sevirəm səni...

 

min illərin səsi gəlir hər yandan...

min illərin

ruhuyla sevirəm səni...

 

ayağımı basdığım

hər qarış torpağın

duaları ilə sevirəm səni...

 

bilirsən anamı

nə qədər sevdiyimi...

anamın baxışları ilə sevirəm səni...

 

ulduzların, kəhkaşanların,

qaynayıb daşan aləmlərin

sirri ilə sevirəm səni...

 

...çiçəkli ağacların üstündə

ilahi nəğmə oxuyan

ay işığıyla sevirəm səni.

 

ürəyimin parçasısan,

səndən axıb gəlir üzümün nuru,

mən sənin özünlə sevirəm səni...

 

 

Səndən sonra

 

Eşqindən dərviş oldum,

Sirr oldum səndən sonra.

Dünyaları dolaşdım,

Sovruldum səndən sonra.

 

Axı, nədən, de nədən

Yer oynadı yerindən?

Mən şah idim əzəldən,

Devrildim səndən sonra.

 

Tərlandım, göydən endim,

Qanadım didim-didim...

Daha dünyadan bezdim,

Yoruldum səndən sonra.

 

 

Ay işığında

 

ay işığına bürünən gözəl,

mələk kimi görünən gözəl

üzülmə

       yer üzünün qayğılarından,

nə işin var yerinən, gözəl?!

 

...ay işığı nə gözəl yaraşır sənə?!

 

heç bir paltar belə sirli,

belə gözəl görünməz...

ay işığına heç bir gözəl

belə gözəl bürünməz...

gözlərinin işığı

yaraşıq verir ay işığına.

 

sənin qəlbin göy üzünə köklənib,

göy üzünün

             sehri var səndə,

göy üzünün ətri gəlir səndən...

 

titrəmə,

üzülmə

       yer üzünün qayğılarından...

 

 

Ülvi dünya

 

çiçəkdən istədiyimi

istəsəm səndən,

məni çiçəkdən də incə

                    dindirərmisən?

 

günəşdən istədiyimi

istəsəm səndən,

ömrümə günəşdən tək

                  nur yayarmısan?

 

anamdan istədiyimi

istəsəm səndən,

ruhumu anam tək

                 oxşayarmısan?

 

taledən istədiyimi

istəsəm səndən,

qoşulub taleyimə,

         üzümə  gülərmisən?

 

göy üzündən

yağan işıqdan istədiyimi

istəsəm səndən,

                     eşidərmisən?

 

tənha darıxıram

bu yer üzündə...

hayana  üz tutum?

                  sən deyərmisən?

 

 

Nisgil

 

Sən bu dünyadasan,  duyuram bunu,

üfüqün rəngindən, çiçəklərin ətrindən,

küləklərin səsindən

                               bilirəm bunu...

 

sən bu dünyadasan, bilirəm bunu,

bəlkə,  qonşu binada, bəlkə, qonşu küçədə,

bəlkə, başqa şəhərdə, kənddə,

                          bəlkə, başqa ölkədə...

 

hərəmizin öz dünyası, işi-gücü,

            bir kövrək kədər içində, intizarda

bu dünyalıq arzuları...

 

bəlkə də, üz-üzə gəlmişik

                                     neçə dəfə,

bəlkə, nəsə soruşmuşuq bir-birimizdən,

bəlkə, nəsə anlamışıq

                          gözlərimizdən...

aramızda bir tül kimi axan tilsim

alıb bizim xoşbəxtliyi

əllərimizdən?

 

bu dünya uçdu daha, gecdi daha...

heç üzə çıxma daha...

öyrəşdim nisgilinə...

bax, qaldım hansı günə...

vurula bilmədim sənə,

vuruldum nisgilinə...

 

 

Bu qəfil sevda

 

Mən bu qəfil sevdaya

baxıram ürkə-ürkə,

bu, Allahdan bir paymı,

ya imtahandı, bəlkə?

 

dörd bir yanda duman var,

gün çıxmağa güman var,

darıxma, sınma könlüm,

hələ öndə zaman var.

 

göy üzündə bir şəfəq

nəsə söyləyir mənə,

nə gözəl işıq yağır,

İlahi, kədərimə...

 

xəlvət hönkürən nəğmə

kimi ağlayır elə?

o nəğmədə nə səsdir,

nə deyir gülə-gülə?

 

alma mənim canımı,

alma, nisgilim, alma,

ömrümdəki soyuğu

salma, yadıma salma.

 

mən bu qəfil sevdaya

baxıram ürkə-ürkə,

bu, Allahdan bir paymı,

ya imtahandı, bəlkə?

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.