“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Mənsur Ağayevə həsr edilmiş şeirlə tanış olacaqsınız.
MƏNSUR AĞA OĞLU AĞAYEV
(29.07.1994.-09.11.2020.)
Əslən Kürdəmirin Sığırlı kəndindən olan, Hacıqabul rayonunun Padar kəndində doğulmuş Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
MƏNSUR
Vətən uğrunda candan keçdi nə qədər igid,
Onlar ölmədilər ki, oldular canlı-şəhid.
Belə aslanlar ilə duyuruq fəxr, qürur,
Bu igidlər nə qədər? - tanıyaq - biri Mənsur.
Əslən Sığırlıdandır, Padarda yaşa doldu,
Vaxt gəldi, gün yetişdi, orduda əsgər oldu.
Əsgərlikdə hamının qazanmışdı hörmətin,
Gizlədə bilməyirdi kafirlərə nifrətin.
Qurtarıb əsgərliyi qayıtsa da evinə,
Nə eyni açılırdı, nə bilirdi sevinə.
Hər gün həyəcan ilə xəbərlər izləyirdi,
Ali Baş Komandanın əmrini gözləyirdi.
Nəhayət, o gün gəldi, çatdı intiqam vaxtı,
Mənsur döyüşə getdi, düşündü, gülür baxtı.
Necə də hünər ilə, ürəklə savaşırdı,
Azğın düşmən özünü itirirdi, çaşırdı.
Kafirlərin üstünü cəngavərtək almışdı,
İblisgöz düşmənləri pərən-pərən salmışdı.
Şəhid olan zamanı sanki ulduz yağırdı.
Fikirləşdi bir anlıq - Göylər məni çağırdı.
...Ən böyük arzum idi, çatdım, Şuşanı gördüm,
Ana, nigaran olma, daha yoxdur bir dərdim.
“Ədəbiyyat və incəsənət”
(19.02.2024)