Poetik Qiraətdə bu gün sizlərə təqvimi nəzərə alaraq bir sevgi şeiri təqdim edirik. Müəllifi gənc şairə, həm də piano müəllimi Aygün Bayramlıdır.
Onun sevgiyə verdiyi tətif gözəldir, deyilmi?
Sevgi bizim məhlədə, bizim bağçada idi,
Sevgi, Sona nənənin qadağan eylədiyi
Alçada idi.
SEVGİ
Bilsəydim böyüməzdim,
Böyüyəndə öyrəndim nifrəti,
Mən balaca olanda bilməzdim nifrət nədi.
Mən balaca olanda
Bildiyim təkcə sevgi,
Anamın çörək üstə
Şor çəkməyi olardı,
O vaxtdakı saf sevgim
«şor çörəyim» olardı...
Mən o vaxtda sevgini,
Atamın qatar -qatar
Süfrəmizə düzdüyü
«Pendir -çörək» bilirdim,
«Kəmşirin çay» bilirdim...
Sevgi, o vaxt mən hələ
Lap balaca olanda
Babamın hədiyyəsi
Güllü donumda idi,
Donumun ətəyində
Əlvan çiçəkdə idi,
Mən böyüdüm,
don balacalaşdı...
Sevgi, o illər kimi
Bizlərdən uzaqlaşdı
Kaş balaca qalaydım...
Sevgi məhləmizdəki
«Ortada qaldı» idi,
Bir topdan aslı idi
oyunda qalmağımız,
O topu tutmağımız sevgi idi...
Sevgi Sona nənənin
Bağında alça idi.
O da qadağan idi...
Bir də dolu bir oğlan
Keçirdi məhləmizdən
Xətrimi istəyirdi
«Ay qara qız» deyirdi...
Sevgi onun adıma
Ad qoşmağında idi.
İllər keçdi beləcə,
Bir daha məhləmizdən
Həmin oğlan keçmədi...
Bax o həmin sevgilər
Qaldı məhəlləmizdə
Qaz balonlar üstündə
Ağacı şagird bilib
Dərs keçməyimizdə...
İndi təəssüf, nə təəssüf,
Böyüdük, şor çörəyin
Dadı suya qarışdı,
İndi şirinçaylar da
zəhər dadır elə bil,
Güllü donun gülləri
soldu bir- bir babamın
qəbiri üzərində...
Müharibələr gördük...
Ortadaqaldılarda tutmadığım
o toplar düşdü evlərimizə ...
Alça ağacı həmin barı vermədi sonra
Töküldü öz dibinə, yığan da olmadı heç...
Sonra o dolu oğlan, hara getdi bilmədik,
Böyüyəndən sonra da bir daha görüşmədik.
Görən dərs keçdiyimiz o həmin ağaclar da
Məktəbi bitirdimi?
Biz «müəllim» olmuşuq...
Bilsəydim böyüməzdim...
Sevgi bizim məhlədə, bizim bağçada idi,
Sevgi, Sona nənənin qadağan eylədiyi
Alçada idi.
“Ədəbiyyat və incəsənət”
(14.02.2024)