MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

 

Hava limanında xeyli adam var idi. Maşını dayanacağa yerləşdirib gəlişlər üçün nəzərdə tutulan zala girəndə elanları verən növbətçi xanım səsgücləndiricidən Moskvadan gələn reysin nömrəsini səsləndirirdi:

-Diqqət! Moskvadan Bakıya uçan Aeroflot aviaşirkətinin 1854 nömrəli reysi yerə endi.

Bu o demək idi ki, Stepan bir azdan dayandığım zala gələcəkdi.

Düşündüyüm kimi də oldu. Çox keçməmiş, çiynində adi idman çantası olan, ətrafdakılardan heç nə ilə seçilməyən, sadə geyimi ilə daha çox Bakıya gəzməyə gəlmiş turisti xatırladan dostum zala daxil oldu. Onun çiynindəki çantadan başqa heç bir yükü olmadığına əmin idim. Adətən, gəlişlərində Stepan məni görüb uzaqdan əl edib salamlayar, sonra yaxınlaşıb bərk-bərk qucaqlayardı. Amma indi göz-gözə gələndə siması heç bir emosiya ifadə etmədi, sadəcə, çantanı bir çiynindən çıxarıb o biri çiyninə keçirdi.  Bu, bir işarə idi. Aramızda xeyli məsafə vardı. Gələnlərin və qarşılayanların axınında məni rahat görə bilməsi üçün bir qədər də yaxınlaşmasını gözlədim, sonra çönüb zaldan çıxdım. Telefon danışığı zamanı son görüşümüzə vurulan eyhamdan sonra hər şeyin, təxminən, belə olacağını bilirdim. Asta addımlarla maşını qoyduğum yerə tərəf getdim. İrəlidə getsəm də, onu gözdən qoymurdum. Ola bilərdi ki, dostum yaxınlıqda dayanmış taksilərdən birinə oturub hava limanını tərk etsin. Bu halda mən həmin taksini izləməliydim. Ola da bilərdi ki, birbaşa ardımca gəlib maşınıma əyləşsin. Hər halda, Stepan nə edəcəyini yaxşı bilirdi. Mənsə, ona uyğun hərəkət edəcəkdim.

Maşına çatıb sükanın arxasına keçdim. Gələrkən maşını elə saxlamışdım ki, sükan arxasında oturarkən müşahidə aparmaq üçün daha nə sağa-sola dönməyə, nə də güzgülərdən istifadə etməyə ehtiyac qalırdı. Buradan həm az əvvəl gəldiyim yol, həm də taksilərin dayanacağı aydın görünürdü. Sükanın arxasından dostumu müşahidə edirdim. Cərgə ilə düzülmüş taksilərin yanından düz keçən Stepan maşınıma tərəf də baxmayıb, birbaşa avtobusların dayandığı meydançaya tərəf getdi. Ancaq yaxınlığımdan keçərkən sol əlinin orta və şəhadət barmaqlarını birləşdirib başını qaşıdı, bu zaman onun adsız barmağı da yarı qatlanmış vəziyyətdə idi. Birləşdirdiyi iki barmağı ilə, minəcəyi avtobusun şəhər istiqamətində ikinci dayanacağında düşəcəyini bildirirdi. Yarı qatlanmış adsız barmaq isə düşdükdən sonra növbəti dayanacağa qədər olan məsafənin yarısını piyada qət edəcəyinə işarə idi. Onun mindiyi avtobusun nömrə nişanını yadımda saxladım.

Moskva Ali Milis Məktəbində bir qrupda oxuduğum, tədrisin ilk günlərindən dostlaşdığım, hətta imtahanlara birlikdə hazırlaşdığım Stepanın əl işarələrini başa düşmək mənim üçün çətin deyildi. Bunlar hələ müdavimlik illərində əməliyyat işinin əlifbasını öyrənərkən əzbərlədiyimiz və mənasını gözəl bildiyimiz işarələr idi. Dostum dəfələrlə Bakıda olmuşdu, hava limanından mərkəzə gedən yola da yaxşı bələd idi. İki dayanacaqdan sonra avtobusdan düşüb xeyli məsafəni niyə piyada qət edəcəyinin səbəbini də yaxşı başa düşürdüm. Demək olar ki, piyadaların olmadığı aeroport yolunun kənarı ilə addımlayan adamı piyada izləmək qeyri-mümkün idi. Maşınla izləyən isə, mütləq, ya sürəti minimuma endirməli, ya da maşınını saxlamalı idi. Bu isə sürətli yolda dərhal diqqəti çəkməklə Stepanın izlənildiyinin sübutu olacaqdı. Bu dediklərimi yoxladıqdan sonra hər şey qaydasında olarsa, dostum yol kənarında dayanıb mənim yaxınlaşmağımı gözləyib, guya təsadüfən maşınıma əl edəcəkdi. Bayaq işarə verərkən mənə tərəf baxmasa da, ardımca gələrkən əyləşdiyim maşını təbii ki, görmüşdü. Ona görə, hansı maşına əl edəcəyini bilirdi.

Yox, əgər təhlükə hiss edərsə və maşına əl etməzsə, bundan sonra nə edəcəyini gözləməliydim.

Doğrudan da, məsələnin çox ciddi olduğu görünürdü, mənim üçünsə həm də hər şey hələ ki, qaranlıq idi. Əgər yüksək vəzifəli polis zabiti hansısa bir məsələ ilə bağlı Moskvadan Bakıya rəsmi ezamiyyətə gəlirsə, rəsmi qarşılanmadan imtina edib ilk növbədə mənimlə görüşmək istəyirsə və elə çatan kimi, hava limanından belə təhlükəsizlik tədbirləri görürsə, deməli, burada nəsə var. Təbii ki, polkovnik Bondaryov özü ilə təyyarədə «quyruq» gətirməmişdi. Bu halda, onun tək ehtiyat etdiyi şey burada- Bakıdadır. Bəs, bu nə və ya kim ola bilər? Bəlkə də bunların heç biri deyil? Sadəcə dostum hansısa səbəbdən rəsmi səfərinin qeyri-rəsmi tərəfinin də olmasını və bunun məxfi qalmasını istəyib. Bu qeyri-rəsmi «tərəfin» də yeganə fiqurantı mənəm? Bu daha ağlabatandır. Hər halda bir azdan hər şey bəlli olacaq.

Nəhayət, Stepanın mindiyi avtobus qapılarını bağlayıb yerindən tərpəndi. Tələsmirdim. İki dayanacağın və piyada qət olunacaq yolun xeyli vaxt aparacağını bilirdim. Dediyim kimi, mən Stepana ikinci dayanacaqdan sonra piyada getdiyi yolda çatmalıydım, ondan tez çatıb orada gözləyə bilməzdim.

Lazım olan vaxtı gözləyib maşını çıxışa doğru sürdüm. Bir azdan aeroport yolunun sağ zolağı ilə gedən maşınlara qoşulub orta sürətlə hərəkət etməyə başladım. İki dayanacağı keçdikdən sonra diqqətimi artırıb yolun kənarına baxmağa başladım. Çiynindəki idman çantasını yerə qoyub dayanmış Stepanı uzaqdan gördüm. O, özünü maşın saxladırmış kimi göstərir, ancaq heç də yavaş getməyən maşınlara yanından ötüb keçən anda əl etməklə sürücülərin saxlayıb onu götürmək ehtimalını sıfıra endirirdi. Yaxınlaşdığımı görən Stepan qarşımda gedən maşının ötüb keçməsini gözlədi, sonra sağ əlini irəli uzadıb dayandı. Dönmə işığını işə salıb sürəti azaltdım və maşını düz onun tuşunda saxlayıb şüşəni endirdim. Yaxınlaşan dostum, guya, sövdələşirmiş kimi şüşədən başını uzadaraq, «hər şey qaydasındadır»-deyib bir qədər pauza verdi və maşına oturdu.

Sıx maşın axınında fürsət tapıb yavaş-yavaş sürət həddinin ən yüksək olduğu sol zolağa çıxdım və pedalı axıra qədər sıxdım.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.