“Yazıqlar olsun!” - Güneyli Vüqar Nemətin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu hün sizlərə növbəti Güney şairini təqdim edir: Vüqar Neməti. 

 

 

KİMDİ BU DƏLİ?

 

Görəsən kimdi bu dəli?

Biz keçdik, bizi söymədi.

O tanrını qaraladı,

İt-pişik payı qoymadı.

 

Söydü, yeri-göyü söydü,

Döydü, kölgəsini döydü,

Hamının ağzını əydi,

Zorbaya, zora əymədi.

 

Getməz, o üzdən getmədi,

Bilmədik davası nədi?!

Birazdan çaldı, oynadı,

Artıq heç kəsi saymadı.

 

Ağıl axtara-axtara,

Gör bir gəlib çıxıb hara?!

Bu dünyaya, pula, vara,

Uymaz, heç nəyə uymadı.

 

Həm buralı, həm oralı,

Görəsən kimdir bu dəli??

Hamı yolun çaşdı, vəli

O öz yolunu caymadı!..

 

 

EŞQİN PƏRDƏ ARXASI

 

Gör bir kimi sevdim mən arxadaş!

Üzümə, üzümə durdu.

Gözləri əsla eşitməz

Və qulaqları kordu!..

 

Durdum gecə boyu yoxluğunun qapısında

Uçdum sözcüklərin qanadlarında

Özgə-özgə düşünüb

Ağladım öz yerimə

Heç bir kimsə bilmədi

Gülüşlərim qanadı

Mən bir sevda yolçusuydum

Uyur-gəzərlər kimi.

Sətir-sətir gəzərdim

Bu yağış ölkəsini.

Yoluma işıq tutardı onun gözləri

Gözlüyünü saxlamaq üçün

Yaxşıca tasarlanmışdı

Qulaqları və burnu!..

 

Həsrətdir, kədərdir, acıdır, qəmdir

Eşqin pərdə arxası cəhənnəmdir.

Durmadan qaralar qanlar

Özünü div aynasında görən bunu nə anlar?!

Göy üzünü dilə-dişə saldılar

Ölü göz adamlar.

Aktyor adamlar.

Bir də, adı pisə çıxmış bir ölüm!..

 

Gör bir kimi sevdim mən arxadaş!

Üzümə, üzümə vurdu.

Gözləri əsla eşitməz

Və qulaqları kordu!..

 

 

YAZIQLAR OLSUN

 

Mən bir fidan əkdim, “tutmaz” – dedilər,

Mənsə tutan bildim, yazıqlar olsun!

“Bu hicran, bu həsrət bitməz” – dedilər,

Nəsə bitən bildim, yazıqlar olsun!

 

Mənim o ulduzum, de, harda qaldı?

Ya göyə çəkildi, ya yerdə qaldı,

Mənə “Tən” deyənim bəs harda qaldı?

Mən onu tən bildim, yazıqlar olsun!

 

Sənə nə “Get” – dedim, nə də ki, “Qayıt”,

Buna göy şahiddir, buna yer şahid,

Bu yolda hər zaman özümü şəhid

Səni vətən bildim, yazıqlar olsun!..

 

 

İNSAN HEÇ NƏYƏ BƏNZƏMƏZ

 

İnsan heç nəyə bənzəməz yavrum mənim

Gülü, güldür

Tikanı, tikandır dünyanın.

Amma insan

Özünə belə bənzəməz.

Baxarsan

Adam kimi adam

Əl uzadsan yanar əllərin

Yaxınlaşsan ürəyin üşüyər!..

 

Qış, qışdır

Yaz da yazdır, bilirsən.

Yaz

İnsan heç nəyə bənzəməz mənim gülüm

Hər şeyə bənzədiyi kimi!..

 

 

QARĞA

 

Yenə nə qar-qar edirsən,

Qoy get öz işinə qarğa!

Həp öz sözünü deyirsən

Bəxtəvər başıma qarğa!

 

Sən ağa, mən ağa ancaq,

Buludları kim sağacaq?

Tələsmə, qar da yağacaq,

Bu qalan işinə qarğa!

 

Bəxtin qara, üzün qara,

İnanma qarla ağara,

Ağlıq nədir ay avara?!

Düşübsən peşinə qarğa!

 

Sən yatarsan, səsin yatmaz,

Heç kimin ağlına batmaz,

Əlin çatar, ağlın çatmaz,

Dünyanın daşına qarğa!

 

Payız gəlir, əsin düşür,

Küləklə də bəhsin düşür,

O səsindən ağ dən düşür,

Mənim də başıma qarğa!

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.