“Kəndlərim, şəhərim yaman gündədi…” - Məhərrəm Təvəkküloğlu

Qərbi Azəbaycana Qayıdış Bizim Haqq İşimizdir! 

 

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət"

 

Qərbi Azərbaycanın bənzərsiz ədəbi irsi və geniş yaradıcıllığa malik şair və yazarları olmuşdur. Bunlardan biri də babam Məhərrəm Təvəkkül oğlu Allahverdiyevdir. O, Vedi nahiyəsi Şitli kəndində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq pedoqoji fəaliyyət göstərmişdir. 

Amma 1988-ci ildə babam doğma yurdundan ayrı düşmüşdür. Məskunlaşdığı Şuşa rayonunda və Bakı şəhərində də pedoqoji fəaliyyətinə davam etmişdir. O, pedoqoji fəaliyyəti boyunca bədii yaradıcıllıqla da məşğul olmuşdur. Doğma yurdundan ayrı düşdükdən sonra isə onun bədii yaradıcıllığında vətən həsrətini aydın şəkildə görmək mümkündür. Təəssüflər olsun ki , babam 21 ildir ki, aramızda yoxdur. Və bədii irsinin çox cüzi hissəsi bizə məlumdur. Sizə onun bədii irsindən növbəti nümunələri təqdim etmək istərdim. 

 

Bilmirəm...

 

Görünmə gözümə, uca dağlarım,

Yolları bağlanıb, gedə bilmirəm.

Qəriblikdə qalıb, mərim mənim,

Vətənimdən ayrı, ölə bilmirəm.

 

Torpağım satılıb, elim talanır,

Var-yoxu talanıb, oda qalanır.

Allah umuduna kasıb dolanır,

Dərdimi kasıbla bölə bilmirəm.

 

Kəndlərim, şəhərim yaman gündədi,

Kasıblar dilənir, yol üstündədi.

Ölənə baxan yox, ölüb, tindədi,

Elimin dərdinə, qala bilmirəm.

 

Kasıbın dərdinə qalanı yoxdu,

İşlədib pulunu, verməyən çoxdu.

Kasıb ac olsa da, gözləri toxdu,

Ağlaram, gözümü silə bilmirəm.

 

Ürəyim dərdlidi, gözüm dumanlı,

Dağılıb yox olsun, belə zamanı.

İtirdim gül üzlü, cavan balamı,

Elimdən aralı, gülə bilmirəm.

 

Məhərrəm, kasıblar acından ölür,

Xaçpərəst axışıb, bağıma dolur.

Məshəbsiz torpağı yarıya bölür,

Bu işdə yaxşılıq, görə bilmirəm! 

 

Şəkildə: Babam 1986-cı ildə şagirdlərinin arasında.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.