Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!
«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.
Meşə yolu birbaşa rayon mərkəzinə aparan əsas yola çıxırdı. Hər iki istiqamətə şütüyən maşınları buraxıb asfalt yola çıxdım. İrəlidə gedən maşınların cərgəsinə qoşulub sürəti artırdım. Elə bu vaxt telefonuma zəng gəldi. Gözucu ekrandakı nömrəyə baxdım. Rusiya nömrəsi idi. Zəng vuran köhnə dostum və kolleqam Stepan Bondaryov idi.
Telefonu açdım.
-Salam, Baxa.
Moskva Ali Milis Məktəbində oxuduğumuz illərdə möhkəm dostlaşdığım Stepan, nə qədər çalışsa da, «ə» hərfini tələffüz edə bilməmiş, əvvəlcə mənə Baxtiyar, sonralar isə qısaldaraq Baxa deməyə başlamışdı.
-Salam, əziz dostum.
-Bayaqdan sənə zəng çatmır. Şeremetyevo hava limanından zəng vururam, təxminən üç saatdan sonra Bakıda olacam. Yoldaşlara demişəm məni qarşılamasınlar. Əvvəlcə səninlə görüşəcəyəm. Yəqin sonuncu görüşümüz yadındadır.
Üç saat… Bu qədər vaxt oteldən əşyalarımızı götürüb şəhərə çatmağa bəs edərdi.
-Başa düşdüm, dostum. Dediyin vaxtda hava limanında olacam.
Cavabımı dinləyən Stepan əlaqəni kəsdi.
Polis sıralarında işlədiyim vaxtlarda xidməti ezamiyyətlər zamanı mütləq bir-birimizi qarşılayırdıq. Mən yaralandıqdan sonra polis mayoru rütbəsində istefaya çıxsam da, Stepan xidmətini davam etdirirdi. Moskva Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlmiş, hələlik polkovnik rütbəsində idi.
Stepanın işarə vurduğu son görüşümüz əlbəttə ki, yadımda idi. Bu görüş məhz az əvvəl sizə dediyim iki ölüm işini araşdırdığım vaxta, dörd ay əvvələ təsadüf etmişdi. Günortaya qədər Bakıya gəlib yenə təcili geri qayıdan dostumla yalnız nahar vaxtı görüşməyə imkan tapmışdıq. Bu görüş zamanı gəlişinin səbəbi barədə açıqlama verməsə də, ehtiyac olarsa, gələcəkdə mənə də müraciət edə biləcəyini eşitdirmişdi Stepan. Görünür həmin vaxt yetişmişdi və xidməti ezamiyyətin rəsmi tərəflərini bir kənara qoyub, ilk növbədə, mənimlə görüşmək istəyir. Belə başa düşdüm ki, bu görüşün məxfi qalması da onun üçün vacibdir.
Dostum sıradan bir əməkdaş deyil, bütün Rusiyanın cinayət aləmini qarşısında tir-tir əsdirən, «MUR» (Moskovskiy Uqolovnıy Rozısk) kimi tanınan Moskva Cinayət Axtarışı İdarəsinin yüksək vəzifəli zabiti idi. Onun Bakıya gəlişi yalnız çox ciddi bir məsələ ilə bağlı ola bilərdi.
Gülanə Stepanı tanıyırdı. Söhbətin nədən getdiyini eşitdiyi üçün mənim nəsə deməyimi gözləməyib soruşdu.
-Üç saata çata biləcəyik? Axı hələ aeroporta da özünü çatdırmalısan.
-Çatarıq. İndi tərpənsək, fikrimcə səni evə düşürüb tam vaxtında orada olaram.
-Onda, tələs.
Oteldəki əşayalarımızı götürməyimizə on dəqiqə vaxtımız getdi. Otağın açarlarını növbətçi xanıma qaytaranda təəccüblə baxıb soruşdu:
-Siz ki, bu gün səhər gəlmisiniz. Niyə gedirsiz? Otelimiz xoşunuza gəlmədi?
-Oteliniz haqqında heç bir fikir söyləyə bilmərik. Çünki tanış olmaq imkanımız olmadı. Sadəcə təcili işimiz çıxdı, getməliyik.
Bayaqdan bir qədər pərt görünən xanım, bu sözlərimdən sonra gülümsəyib bizimlə sağollaşdı.
Əşyalarımızı yük yerinə atıb maşına oturduq. Gülanə irəlidə, mənimlə yanaşı oturdu. Yol gedə-gedə yanakı oturub mənə baxmağı sevdiyini bilirdim. Kəmərlərimizi bağlayandan sonra dövrə vurub otelin həyətindən çıxdım.
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)