GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Şəhram Qolkarın “Bənzətmə”si

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Şəhram Qolkarın şeirlərini təqdim edir.

 

Şəhram Qolkar 1973-də Muğanda doğulmuşdur. Baklavra qədər orada olub oxuyubmuş. Universitet illərini şirkət yönətimi sahəsində davam etmək üçün Tehrana yol almışdır. Orada olub Muğanda olmayan azcıq olanaqlar uşaq çağlarından başlayan ədəbiyyat həvəsini daha da qabartmışdı. Az zamanda gəlişməsinin yapdırtdığı açıq ara az sonra əsgərlikdəki və daha sonra yaranan geniş bol boş işsizlik vaxtları ona şeir, hekayə, araşdırma və məqalələr üzrə yazı, köçürmə, çevirilər, ayrıca genəl mədəni ortamda qəzet, jurnal, sanalda ədəbi sitə yazdırtdırlb. 

 

 BƏNZƏTMƏ

 

Sinən ağ dəniz;

Boğaz körpüsü sütyən qovşağı

Qadırğalı

Hərbi donanmayla dolu

Boğaz altı lövbəri

Göyərtəsində cüt topu

Baxan donur, boğazı quruyur

Əllə dolur havalanır

Tam şişəndə;

        Qalay axır

           Qala yaxır

           Qala yıxır

           Qalaya xır

Şişə çəkir qalanları

Boğazlayır

       Boğazına saxlayır

Boğaz açmış ac göz boşboğazları.

 

Sinən ürəkqabın

Ürəyinin bənizi, başmağı

Həm qaradır havası həm dənizi

Ürəyinə gedən yolun

Qaranlıqda iynə ucu boyda işıldayan izi

Süt içən əmziyi

Süt yiyən bezi

Əmcək qabın.

 

Sinən evin eyvanı

Nə əl çatır, nə ayaq

Uymur heç nömrəli ayaq

Pinəçisi xəfiyyə

Satır “üzüyümün qaşın” çalan piyanoçunu

Ələ verən təlis qədər kağıza-kuğuza, sənədə, akta

Çalanları oğurlayır “hə bəsxanaya”

Fərq etməyir: kontrabas, ürək, dilək, çörək

Hamısına bir gözlə “eye one”dan baxır, -

Yuxarıdan.

 

Sinən

Ağacda heyvanin dəymişi

Sapından asır heyvanın ərmişin

Daşınar əmlik

Dırnağa yamanan şüş dırnaqlıq

Maşına cək

Qələti tutulmuş kağızdakı lak

Qullanılmamış ürün

Körüklənmiş burun

Börkü başında ağa

Ətirli pudurlu çağa

Yazılmamış ağ çek

Yeyilməmiş

Naylondan çıxmamış ak.

 

Sinən ən dadlı çiban

Sinən yara izi

Gövdənin gözü

Zırıltılı qonağın iki gözü

Stəkanın, çaynikin qulpu

Ciyərimi pöşləyən

Kömürün iki közü

Suya yatmış sərt torpağın

Cütə bağlanan öküzü

Uzun yol erkək qoxuyan avtobusun

İki qızı

Savalanın ekizi.

 

Sinən düşün futbol meydançası

Apaçinin lələk tacı

Canavar tükü

Vampirin qoşutlu dişi

Barbi qadınların hər şeyi

Diş batmaz

Göz oxşamaz

Döşün daşın

Kələm daşın

Qapıdan top keçirməz

Luyi Yasin.

 

Sinən qaradağın üçqardaş dağı

Babək qalasının meşə yolu

Tükənməyən dağı

Yamacının topa çığı

Sinən mağara

Qalıb ağara-ağara

Köpüklənməz ağ araq

Vinçesterin kalibri qədər qülləsi

Qobustanın qayadakı dadaşlarıl

 

Sinən ağız əmziyi

Qoxusu gənziyin uyuşdurucusu

Qoxu suya qala-qala qalma qala

Bu gözləri kim tikər

Düşün döşün

Düşün daşın

Bozqırımın Çingizi...

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.