“Ədəbiyyat və incəsənət” Əlisəmid Kürün şeirlərini təqdim edir.
Əlisəmid Kür ədəbiyyatımızın 80-ci illər nəslinin nümayəndəsidir. Bu nəsil olduqca istedadlı, amma istedadlarını realizə etmək üçün min cür çətinliklə üzləşən bir nəsildir, SSRİ-nin dağılması prosesinin başlanması, yeni iqtisadi ictimai formasiya, Qarabağ probleminin başlaması, yeni ədəbiyyat məfkurəsi… və sair, və illaxır.
Əlisəmid Kür özünə Kür təxəllüsünü götürməklə özünün də kür olmasını vurğulayıb, o həm şəxsi həyatında kür olub, həm də yaradıcılığında.
Yağışlı bir gecədə adımı söylədim Kürə. Sağ-soluma baxdım gördüm heç kəs eşitmədi. Yağış dəli, Kür dəli. Qoşulub dəli sulara şeir dedim mən dəli...
Bir həftə öncə Əlisəmid Kürün 70 yaşı tamam oldu.
Amma onun barəsində ən gözəl danışan onun şeirləridir.
BARMAQLARIM – ƏLLƏRİMİN YARPAQLARI
Siqaret tüstüsündən
Saralan barmaqlarım
Payıza qalan yarpaqlar kimi
bir gün töküləcək
sənin ovcuna.
Ovuda bilməyəcəksən barmaqlarımı.
Saçlarına sığal çəkməyəcək,
Silməyəcək
Yanağına süzülən
Göz yaşını.
Nə bir kəsi hədələyib,
Nə dəmir barmaqlığa dönüb
Gözümün üstə...
Barmaqlarım yorulub
Şeir yazmaqdan
Qələm tutmaqdan.
Yadında saxla,
Siqaret tüstüsündən
Saralan barmaqlarım
Payıza qalan yarpaqlar kimi
Bir gün töküləcək sənin ovcuna.
DƏNSİZ DƏYİRMAN DAŞLARI
Fırlanır dəyirman daşı
Baxıram, başım fırlanır.
Fırlanır dünya başıma
Torpağım, daşım fırlanır.
Saçı-saqqalı ağarmış
Sığal çəkmə alt daşına, üst daşına.
Un ələnmir üst-başına.
Dənsiz dəyirman daşları qəm ələyir,
Dərd üyüdür ömrün qışına.
Bu çərxi-dövran daşları
Dəyir, bir-birinə dəyir.
Dənsiz dəyirman daşları
Yeyir, bir-birini yeyir.
Acıdı dəyirman daşları
Dən gözləyir əvvəl-axır.
Tanrı dinmir, Tanrı susub
Çörəyimiz daşdan çıxır.
QAN BAHASINA
…Əvvəl-axır
buludlar dağılacaq
yağışların qanı bahasına
Çəmənlər saralacaq
çiçəklərin qanı bahasına.
Əvvəl-axır
sevgilər yetim qalacaq
aşıqlərin qanı bahasına
Köklənib ayrılıq havasına
yollar dərvişlərə qalar,
bir də qaraçı köçünə –
mahnıların qanı bahasına.
Hamı sevgidən doğulmur,
Hamı sevgiyə möhtacdı.
Əvvəl-axır söz dedim,
könül açdım.
Söz dedim sevdiyim qədər –
ürəyimin qanı bahasına.
buludlar dağıldı, keçər…
çəmənlər saralıb, köçər…
Sözlərim ürəyimin qanını içər,
İçər, –
ömrümün qanı bahasına. …
Qiyamət günüdü yoxsa,
Yoxsa Miflərin dağılan günü…
Uğultusu eşidilir dərdlərin,
Zəlzələsi qabaqdadı kədərlərin.
AD GÜNÜ KEÇİRMİR HƏBSXANALAR
Bir qədəh zəhər,
boyu uzunu ipək kəndir
gətirdilər şairə ad günündə.
Səslər gəldi qulağına:
– İçək sənin sağlığına!
İçmədi!..
– İpək kəndir ölçülübdür boynuna,
Keçmədi…
Pıçıldadı öz-özünə
öz qanını içən şair,
«Azadlıq» sözündən asılan şair:
– Ad günü keçirmir həbsxanalar! …
Qismət etmə kafirə də
kamerada, dar otaqda
dönə saat kəfkirinə;
Neçə kilometr yol gəldi şair,
Yol uzanır, yol uzanır
Azadlığın ad gününə
burulğanlar içindən…
Səsin gəlsin, Xəlil Rza,
Səsin gəlsin,
Ad günü keçirmir həbsxanalar!..
MƏN BÜLLÜR KÜLQABIYAM
Mən büllur külqabıyam
Hərracda satılacam
bir azdan
Taleyi çat atmış
büllur bir şairin
çat atmış büllur külqabısı
satılacaq hərracda.
O nakam şairin
nəyi var - bölünüb,
nəyi var - satılıb
bir az aşağı,
bir az yuxarı.
Ömrün payızında
onu satdı arvad-uşağı.
Mən büllur külqabıyam -
Məni satan qazanacaq,
məni alan sevinəcək…
Mən - şahidəm.
Əldən salsalar məni
çilik-çilik olacam.
Mən - şəhidəm!
Kül acıyam.
Yanmış əlyazmaların
kül qoxusu var canımda.
Mən büllur külqabıyam.
Məni ortaya qoyub
satacaqlar hərracda.
Bir mən satılacam,
bir də satılacaq
qəm çəkmiş şairin
toz basmış,
nəm çəkmış əlyazmaları.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)