Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!
«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.
Beşmərtəbəli binanın yarızirzəmi olan alt mərtəbəsinin mənzillərindən birində masa arxasında oturmuş adam barmaqları arasında tutduğu siqaretə son qullabı vurub külqabıya basdı. Ayağa qalxıb pəncərəyə yaxınlaşdı. Pəncərədən birbaşa evin içi göründüyü üçün qaldığı gündən bu birotaqlı mənzilin tək pəncərəsinin pərdəsini həmişə bağlı saxlayırdı. Əlini uzadıb pərdəni azca araladı və bayıra baxdı. Buradan, küçə ilə keçən adamların, əsasən, ayaqlarını görmək olurdu. Bu mənzildə qaldığı ilk günlərdən darıxanda pəncərədən baxıb üzünü görə bilmədiyi adamlar haqqında ayaqqabılarına baxmaqla özlüyündə təsəvvür oyatmağı məşğuliyyət seçib bu yolla başını qatırdı. O, gözəl bilirdi ki, insanın varlı və ya kasıb olmasını nişan verən ilk əlamət onun ayaqqabılarıdır. Ortabab imkanlı bir adam, bir kostyuma iki yüz əlli-üç yüz manat verdiyi halda, heç vaxt üç yüz manata ayaqqabı almaz. İmkanı daha zəif olan biri isə, ümumiyyətlə yüz-yüz əlli manata kostyum alarsa, ondan baha qiymətə ayaqqabı almağı heç ağlının ucundan da keçirməz. Burada həmin adamların maddi imkanları nə qədər rol oynayırsa, psixoloji yanaşmaları da bir o qədər rol oynayır. İnsanlar bütün bədəni örtüb uzaqdan diqqəti cəlb edən kostyumla, təkcə bu bədənin ölçülərinin təxminən əllidə biri qədər olan ayaqları örtmək üçün nəzərdə tutulan ayaqqabıları alarkən elə bunu nəzərə alıb mütləq kostyumun qiymətindən dörd-beş dəfə ucuzunu seçirlər. Çox imkanlı olanlar isə, əksinə, mütləq qaydada ən bahalı ayaqqabıları seçib alır, ayaqqabını qarderoblarının vacib komponentlərindən biri hesab edirlər. Bu tendensiya imkanına görə insan kateqoriyalarının istər tufli, istər idman ayaqqabısı, istərsə də yay mövsümündə geyindikləri çəkələklərdə də eynilə müşahidə olunur.
Son bir il müddətində təlim keçdiyi qapalı düşərgədə peşəkarların buna bənzər incəliklərlə yanaşı geyim və ayaqqabılar haqqında da verdikləri biliklər, indi qaldığı mənzilin pəncərəsinin qarşısından keçən adamların ayaqlarını seyr edərkən yadına düşmüş və başını bununla qatırdı.
Budur, çəliyinə söykənib asta-asta gedən qocanın ayaqqabıları necə də nimdaşdır. Rəngi solmuş, dabanları isə tamamilə yeyilib. Sözsüz ki, qoca təqaüdçüdür. Aha, bu da yan-yana gedən ortabab cütlük. Heç də kasıb görünməyən əyin-başlarını bir qədər də zəngin göstərmək üçün kişi «inspektor» tufli, qadın isə «Nike» şirkətinin krosovkalarını geyiniblər. Əlbəttə ki, heç birinin orijinal olmadığı diqqətlə baxan kimi hiss olunur. Əks təqdirdə bu iki cüt ayaqqabının qiyməti, bu cütlüyün başdan-ayağa geyindiklərindən iki-üç dəfə baha olardı.
Uzaqlaşan cütlüyü baxışları ilə yola salan adam, daha kimin gəldiyini görmək üçün pərdəni bir az da yana eləyib başını sağ tərəfə döndərdi. Elə bu zaman düz pəncərənin tuşuna çatan gənc xanım büdrəyib az qaldı ki, yerə yıxılsın. Müvazinətini saxlamaq üçün əlini səkinin kənarındakı ağaca atdığından əlindəki kitablar yerə dağıldı. Xanım əynindəki donu qısa olduğu üçün bir qədər ətrafa boylanıb sonra arxasını binaya tərəf çevirdi və əyilib kitabları yığmağa başladı. Əyilərkən onsuz da qısa olan donu lap yuxarı sürüşdü və əynindəki arxasını yarıya qədər zorla örtən mavi rəngli qısa alt tumanı tamamilə çöldə qaldı. Altdan yuxarı gənc qadının yarıçılpaq arxasını seyr edən adam başını bulayıb baxışlarını yayındırdı və pərdəni çəkib bağladı. Xeyli müddət tək olmasına baxmayaraq gördüyü gözəl qadın bədənindən ehtiraslanmaq istəmirdi. Aldığı tapşırığın ciddiliyi ondan fikrini başqa şeylərlə məşğul etməməyi tələb edirdi. Pəncərədən aralaşıb mətbəxə keçdi və süzdüyü çayla qayıdıb yenidən masaya oturdu. Qaynar çaydan bir qurtum vurub yenidən əlini masanın üstündəki siqaret qutusuna uzatdı.
Hələ ki, ona gözləmək əmr olunmuşdu.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)