Unudulmaz sevgi şeirləri: Cəlil Cavanşir, “Daha bundan sonra dönmə…” Featured

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Cəlil Cavanşirin şeirləri o qədər içdən yazılır, o qədər duyğusal, o qədər ruhsaldır ki, onları təsirlənmədən oxuya bilməzsən. Sevgi şeirləri isə xüsusən gözəldir. 

Hamısında ayrılıq var. 

Və hamısında göynərti var. 

 

Çoxdan kilidlidir sən açan qapım

Bir də boş, səbəbsiz qapımı döymə

Yəqin gələcəksən, 

Baş çəkəcəksən

Sabah payız gəlir, sən sabah gəlmə...

 

Üşütdü ruhumu səssiz gedişin

Bunu çox yaşadım səndən də əvvəl

Mən bu payızdan da sənsiz keçərəm

Gözlə bahar gəlsin...

durnalarla gəl

 

Sənin hər fəsildə yerin göründü

Amma sən bilmədin, 

Sən axı yoxdun

Yayın istisində gəlib çıxmadın

Günəşli günlərdə qardan soyuqdun...

 

Sabahdan qapımı küləklər döyər,

Yağışlar küçəyə çağırar, səslər

Payız dumanında itər xəyalın

Səslər göylər məni

Yanına səslər...

 

Mən öz təkliyinə sarılıb, solan

Ağacsız çöllərdə qalan sarmaşıq

Bir az payız çökər gecələrimə,

Bir az da çiskinli, 

nəmli qaranlıq 

 

Məni təkliyimdən qoparmaz heç kim,

Heç kimin nəfəsi istiməz daha.

Daha bundan sonra dönmə, qayıtma

Sabah payız gəlir,

Şükür Allaha!

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.