Poetik Qiraətdə bu gün sizlərlə İqbal Nəhmətin “Bu ağrıyla burax məni qoy gedim” şeirini təqdim edirik.
Adətən, “bir ağrı var içimdə” deyirik, amma İqbal Nəhmət “Bir ağrı var şeirimin içində” söyləyir.
Bir ağrı var şeirimin içində,
Hansı misra xəstə olub bilmirəm.
Hansı sözü deməmişəm yerində,
Bəlkə ayrı kəsdə olub bilmirəm.
Tuşlananda gülələrin nişanı,
Neçə ölüm can verəcək gilizdə.
Bir ağrı var içimizdə sürünür,
O məndədi, o səndədi, o bizdə.
Bir ağrı var, desəm məni öldürər,
Ta qədimdən dayanıbdı qəsdimə.
Ha özümü bir az soyuq göstərim,
Axı kimsə dözə bilmir istimə.
Öz evində bəxtəvərsən balası,
Adam var ki, nə yurdu, nə eli var.
Bir ağrı var danışdırar adamı,
Bir ağrı var adam kimi dili var.
Əvvəl-axır qayıdacaq atdığın,
Sənin daşın yetənədir, yetənə.
Bu ağrıyla burax məni qoy gedim,
Mənim yolum Vətənədir, Vətənə!
“Ədəbiyyat və incəsənət”
(08.02.2024)