Qarabağım səs verir!

 

Ramiz Qusarçaylı yazır: 

 

30 ildi Şuşada yoxuydu Vətən səsi,

Yoxuydu Xankəndinin hayqırıb ötən səsi,

Qayıdır Kəlbəcərin, Laçının itən səsi

İstiqlalım həkk olur bir ilahi dastana,

Qarabağım səs verir qalib Azərbaycana!

 

Araz  pəjmürdə idi, 

Xudafərin pərişan,

Nə bir həyanı vardı, nə halını soruşan,

Öz halal məcrasına qovuşur Suqovuşan,

Təbriz, Culfa, Naxçıvan- o tay, bu tay can cana,

Qarabağım səs verir qalib Azərbaycana!

 

Güllənir hər ürəkdə “Xarı bülbül” butası,

“Uvertüra” ləngəri, 

Xan şikəstə sədası,

Hər dildə, hər dodaqda “Azərbaycan” nidası,

Qiyamətə qalmayan qisasım var,-

“Qan qana!”

Qarabağım səs verir qalib Azərbaycana!

 

Hər qazi dağ qartalı, 

hər qartal saymaz sarı,

Şəhid ruhundan keçir mələklərin güzarı,

Sayrışır nur içində hər şəhidin məzarı

Muştuluğa tələsir əlində gül bir ana,

Qarabağım səs verir qalib Azərbaycana!

 

Canımdan can calanan canım Azərbaycanım,

Damarımda çağlayan qanım Azərbaycanım,

Şərəfim Azərbaycanım, şanım Azərbaycanım,

Car çəkirəm Göyçəyə, Zəngəzura, Zəncana, 

Qarabağım səs verir qalib Azərbaycana!

 

Hardasınız, hay verin hayın havadarları,

Viran çölün, çəmənin, çayın havadarları,

Ey toyun qənimləri,vayın havadarları,

Gör nə gözəl yaraşır Zəfər Azərbaycana! 

Qarabağım səs verir qalib Azərbaycana!

 

Mən savaşa çarpılan qurğuşun “Yox” kimiyəm,

Mən düşmənin bağrına saplanan ox kimiyəm,

Polad sipər kimiyəm, dəmir yumruq kimiyəm,

Bayrağım,- hürr qartalım, qıy çəkir bu meydana,

Qarabağım səs verir qalib Azərbaycana!

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.