Xocavənddə Tağlar mağarası – Zahirə Cabir Featured

“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri barədə hamı üçün bir mənbədir.

 

Həkan-həkan içində, qoz girdəkan içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı batdı. Milçək mindik, körpü keçdik, yabaynan dovğa içdik. Şah Abbas cənnət məkan, tərəziyə verdi təkan. İki qoz, bir girdəkan.


Çox-çox əvəllərdə bir kənddə ata-anasını itirmiş iki qardaş vardı. Bir qarın yeməkdən ötrü onun, bunun mal qarasını, qoyun-quzusunu otarardılar. Bir gün sürünü otararkən  dağın başından güclü sel gəlir, mal- qaranı aparır. Bunu görən iki qardaş sağ qalmaq ümidi ilə dağa tərəf qaçırlar. Sən demə bunu edən sel əjdahası idi. Qardaşlardan böyüyü çox ağıllı və güclü idi. Digəri isə tez özündən çıxan, dəlisov idi, hirsləndisə qarşısında heç kim dura bilməzdi. Həmin dediyim dəlisov qardaş, əjdahanı yerə yıxır, əlindəki çomax ilə başın əzir. Sonra iki qardaş əjdahanın mağarasını tapıb, mağarada yaşamağa başlayırlar. Dağlarda yaşayan heyvanlar mağarada yaşayanın əjdaha olduğunu bilib burdan uzaq qaçırlar. Qardaşlar meşədəki ağaclardan cır meyvə yeyir, çaydan balıq tutur, vəhşi dağ keçisi, maral tutub əhliləşdirib mağarada saxlayırdılar. Saxladıqları heyvanlara hər gün bir qardaş gözətçilik edirdi.  Bir gün ağıllı qardaş təzəcə gözünü yummuşdu ki, mağarada iki siçanın söhbətini eşitdi. Biri o birinə deyirdi ki, bəs neçə vaxtdır ki, əjdahanın qorxusundan xəzinəni apara bilmirdik. Əjdaha öldü, indi isə dəli qardaşdan qorxmuruq, amma ağıllı bilsə xəzinəmizin axırına çıxar. Ağıllı qardaş bunu eşidən kimi, siçanları tutub qəfəsə saldı. O yeri qazıb xəzinəni çıxartdı. Yetimçiliklə böyüyən iki qardaş ömürlərinin axırına kimi o mağarada yaşadılar. Mağaranı tağlarla böldülər, hər qardaş bir tağda kefi kök, damağı çağ yaşadı.

İndi də Tağlar mağarasının üstündən quşlar uçanda tük salırlar. Dəlisov qardaşıın əjdahanı öldürməsindən hələ də xəbər tutmayıblar.

 

 “Ədəbiyyat və incəsənət”

(06.02.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.