Qırxqız dağ əfsanəsi – Zahirə Cabir Featured

Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri barədə hamı üçün bir mənbədir.

 

Qırxqız dağ əfsanəsi

Qədim zamanlarda Xocalı adlı bir diyar vardı. Bu obanın ərənləri zəhmətkeş, cəsur, qorxmaz idilər. Öz yurdlarını yadellilərdən qorumaq üçün möhkəm qala tikmişdilər. Yurda göz dikən yadellilər talançılıq, işğal yolu ilə onların malını, sərvətini əllərindən almaq istəyirdilər. Nəhayət bir gün düşmən hiylə işlətdi. Güdükçülər qalaya gedən yolların çayın altından gedən lağım ilə qalaya çıxdıqlarını öyrəndilər. Beləcə onlar qalanı ələ keçirib, var-dövlətini talan etdilər.

Qalanın yaxınlığında yaşıl bir təpə vardı. Onun yamacları güllü-çiçəkli, dərələri bağlı-bağatlı idi. Qızlar, gəlinlər yazda da, yayda da, payızda da onun şəninə nəğmələr qoşar, yaşıl xalıya bənzər çəmənliklərinin gözəllliyindən həzz alardılar. Həmin günü şahın qızı öz qırx qaravaşı ilə gəzməyə çıxmışdı. Birdən onlar yadellilərin, düşmənin dağın ətəklərindən onlara sarı gəldiklərini gördülər. Qırx qız düşmən əlinə keçəcəklərindən qorxub qacırlar. Amma artıq düşmənlər onlara çatanda şahın qızı Allaha yalvarır ki, onlara bir nicat versin. Allah onların duasını eşidir, həmin an dağ aralanır, onlar içinə düşürlər. O vaxtdan həmin dağa Qırx qız dağı deyirlər.

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.