“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
İnsan özündə nə qədər göz yaşları gəzdirərmiş. Ağlayırdı, hönkürürdü, hıçqırırdı, köynəyinin sinəsi büsbütün yaş idi.
Rüfətə mesaj yazdı ki, sənə məktub yazmışam, həmin yerdədir.
Dərhal Rüfətdən cavab mesajı gəldi. Mesajı açıb oxumadı.
Durdu, bir qədər irəlilədi.
Təkrarən, sonra təkrarən mesaj səsi gəldi, sonra uzun-uzadı zəng gəldi. Hamısı Rüfətdən idi. Bunun xəbərsiz-ətərsiz, onu gözləmədən çıxıb getməyinə, deyəsən, çox qızmışdı. Özgə nə istəyirdi axı o? Vacib idimi ki, bu halında Ülkərə söysün, ağzından çıxanı da desin?
Zənglər və mesajlar kəsilməyəndə əlləri əsə-əsə telefondakı Rüfətdən gələn axırıncı mesajı oxumaq istədi. Amma yenə də dişini dodaqlarına sıxıb oxumadı. Oxuyardı, nəsə dəyişərdi. Lazım deyildi nəyisə dəyişmək.
Başı panamalı, yüngül yay pencəyi geymiş yaşlı bir kişi yaxınlaşıb nə baş verdiyini soruşdu, dedi, sənə necə kömək edə bilərəm.
Nə cür kömək edə bilərdi ki, bu kişi ona? İndi ona heç kəs kömək edə bilməzdi. O öz taleyini bu günə qədər yazmışdı, elə yazmışdı ki, keçmişi bugününü və gələcəyini artıq müəyyənləşdirmişdi. Yazıya pozu yoxmuş. Yoxmuş yazıya pozu.
Kişiyə qəhərli səslə dedi ki, heç nəyə ehtiyacım yoxdur, çox sağ olun.
Kişi cibindən bir qalaq pul çıxardı, dedi, sən də mənim qızım, utanma, bir çətinliyə düşmüsənsə, götür pulu, get işini həll elə. Dedi, qorxma, təmənnasız verirəm sənə bu pulu. Dedi, başqasının dərd çəkməsinə heç vaxt biganə qala bilmirəm.
Dünya yaxşı insanlardan xali deyilmiş. Amma indi heç bir milyonlar, milyardlar Ülkərin keçmişini yuyub təmizləyə bilməzdi.
Kişiyə minnətdarlıq edib bir qədər ondan aralandı, bulvarın bu biri hissəsində özünə yer eləyib qıy vuran qağayıların müşayiəti altında yenidən sularda Rüfətin əksini axtarıb tapdı.
Bu dəfə özünü daha çox yamanladı, təkcə özünü bədbəxtliyə sürüklədiyinə görə yox, Dubaya apardığı, varlı əcnəbilərin yatağına saldığı qızlara görə də vicdan əzabı çəkdiyini Rüfətin əksinə pıçıldadı. Dedi, mən günahlarımın bədəlini həbsxana həyatı ilə ödədiyimi sanırdım, amma yox, demək, ödəməmişəm. İndi bir ömür səni bədbəxt etməkçün deyil, ani bir ölümlə günahlarımı yumaq üçün yaşamalıyam. Üstümə hopmuş ləkəni, bir də üstümə hopmuş günahı yumalıyam.
Rüfət durmadan zəng edir, mesaj yazırdı. Bu dəfə ucadan hönkürdü. Onun əzizi, canı, ciyəri, gözlərinin işığı, ömrünün yaraşığı, bir dənəsi, sevimli Rüfəti...
“Sənə qurban olum, ayaqlarının altında ölüm, ay Rüfət” deyib hey təkrarladı.
Birdən sanki günəşin üstünü qara buludlar aldı. Parlaq, işıqlı bir hücrədən sanki qaranlıq zülmətə düşdü.
Rüfət onu bağışlayardı, “qəbulumsan” deyərdi, bu, hədsiz bir qəhrəmanlıq idi, cəsarət idi, amma əslində, həm də özünüfəda idi. Rüfət onu ləkəli halda qəbul edirdisə də, öz gələcəyini zərbə altında qoyur, öz rifahına, əmin-amanlığına təhlükə yaradırdı. Rüfət onlarca kişinin arxasınca söylədiyi ittihamlara duruş gətirməli olacaqdı, bu sözlər arxasınca deyilsə, kürəyinə xəncər kimi saplanacaqdı. Bəziləri hətta hansısa məqamda onu aşağılamaq istəyəndə, hansısa bir rəqabəti xeyirlərinə həll etməkdə bulunanda onun üzünə də bunu deyə biləcəkdi, bu da Rüfəti ya özünü eşitməzliyə vurmağa sövq edəcəkdi, ya da Rüfət qürurunun sınmasına dözməyib həmin adamın üstünə hücum çəkəcəkdi, onunla süpürləşəcək, yaxud onu vuracaqdı. Bilmək olmazdı, ani qəzəbdən doğan bu basqı bəlkə ölüm-itimə də yol aça biləcəkdi, Rüfətin, iraq olsun, ya özü xəsarət alacaqdı, ya o, kiməsə xəsarət verəcəkdi. Xəstəxana, həbsxana, qara torpaq – bu cür mücadilənin sonu hara qədər desən gedib çıxa bilərdi.
Amma, lap tutalım, heç kəs heç nə deməsin, bunlar ailəlikcə harasa gedəndə bir vaxtlar altlarına yıxıldığı kişilərlə üzləşəndə Ülkərçün onların istehzalı baxışlarına tuş olmaq məgər ölümə bərabər deyildimi?
Ayaqları onu gətirib sahilə çıxarmışdı. Beton çıxıntının üzərinə çökdü, masmavi sulara tamaşa etməyə başladı. Dalğalar gəlib sanki sahildə intihar edirdi. Düşündü, dalğa intiharı çox qəribədir. Bu başda intihar edirsən, o başda yenidən doğulursan. İnsansa intihar qərarı verəndə əbədilik gedir, qayıdışsız.
Onu gördü ki, sularda Rüfətin əksi tərpənir, dalğalar irəlilədikcə bu əksi ləngərlədir, sola-sağa tərpədir.
Bir də gördü, Rüfətlə danışır. Onu dedi ki, çox peşmanam, həddindən artıq peşmanam. Göz yaşları imkan vermədi dalını deməyə.
Xeyli susub azacıq toxtayandan sonra çantasını açdı, həbləri qablarından çıxarıb ovcuna yığdı, Rüfətlə xəyalən danışığına davam etdi. Dedi: “Bəli, peşmanam. Yüzlərlə qadın həyat yoldaşını müharibədə itirdi, dul qaldı, bəziləri çörəklə sınağa çəkildi, övladını dolandırmaqda min bir zillət yaşadı. Amma onlar sınmadılar, başlarına qara örpəklərini bağlayıb hətta ən məşəqqətli işlərə gedib də həyat yoldaşlarının adlarını uca tutdular, balalarını böyütdülər. Mənsə bunu bacarmadım, namusumu, ləyaqətimi qoruya bilmədim, gücüm çatmadı bunu etməyə, sənin sevginə belə xəyanət etdim, Rüfətim...
Yenə göz yaşları onu boğdu, yenə gözlədi ki, toxtasın.
Rüfətin əksi suların içindən sakitcə ona tamaşa edirdi, onu dinləyirdi.
Ülkər dedi ki, sənə olan ülvi məhəbbətim o qədər böyükdür, ömrümün sonunadək səni sevəcəyəm, amma sən bu dünyada, mən o dünyada, uzaqdan-uzağa, sənə yaxınlaşmadan, sənə toxunmadan.Dedi, səni heç kəsin yanında başıaşağı edə bilmərəm, səni qüruru sınmış görə bilmərəm. Sənin bundan sonrakı həyatını zəhərləməyə haqqım yoxdur mənim, bircəciyim.
Dəniz tərəfdən meh əsməyə başladı, lacivərd sularda günəşin şüaları parladıqca göz qamaşdıracaq dərəcədə işıltı yaratdılar.
Həyatı gəlib kino lenti kimi Ülkərin gözünün önündən keçdi bu an. İlk aldanışlar, ilk büdrəmələr, zərbələr...
Səssizcə ağlamağa başladı. Bir də gördü hıçqırır.
Necə yuyacaqdı ləkəsini, bunu dəqiq bilirdi. Müqəddəsləri çirkaba batırmağın da bir həddi var. Həvəsdi, bəsdi!
Bu dəfə hönkürdü. Əlləri ona uzanan Rüfətin əllərini itələyirmiş kimi bir jest etdi. Dubay hotelində görüşləri, kəlmə kəsmələri, sonra doymadan bir-biri ilə ünsiyyətə girmələri, Bakıya birlikdə dönüşləri, birlikdə keçirdikləri o möcüzəli anlar, saatlar, günlər... Hamısı bir qəhər kimi sinəsində toplandı, onu boğdu. Qəribədir, xoşbəxtlik bir addımına gəlir, əl uzatsan, onu tutarsan, amma əlin sanki quruyub, hərəkətsiz qalmısan.
Göz yaşları sel kimi axırdı, köynəyinin sinəsini yamyaş etmişdi.
Pıçıltıyla bir neçə dəfə “Əlvida, mənim Rüfətim” kəlmələrini söylədi.Ovcunda sıxdığı bir ovuc həbi ağzına doldurdu, öyüyə-öyüyə uddu. Sonra özünü dənizə -- suların qoynuna atdı. Heç bir qorxu-hürküsüz, tərəddüdsüz etdi bunu.
“Ədəbiyyat və incəsənət”
(05.02.2024)