Dəyərli oxucular. “Ədəbiyyat və incəsənət” portalı bu gün və sabah istedadlı gənc yazar Tural Cəfərlinin şeirlərini diqqətinizə çatdıracaq. Bu gün sizlrə “Tanış gəlir bu küçə, tanış gəlir bu döngə”, “Alma həsrəti” və “Qarşıma çıxmadı, arxamca gələn...” adlı 3 şeir təqdim ediləcək.
Buralarda yağış olmur,
Buralarda hey küləkdi.
Burda həsrət bir qoşundu,
Ümidlərsə təkbətəkdi.
Elə ilk misralar diqqəti çəkir, oxumağa səbirsizlənirsən. Xoş mütaliələr.
Tanış gəlir bu küçə, tanış gəlir bu döngə
Buralarda yağış olmur,
Buralarda hey küləkdi.
Burda həsrət bir qoşundu,
Ümidlərsə təkbətəkdi.
Dilim kilid düşüb çoxdan,
Danışmağa sözüm yoxdu.
Nə Allaha əl açmağa,
Nə baxmağa üzüm yoxdu.
Burda kədər çıxır səhər,
Günəş kimi işıq saçır.
Hər küçədə, hər döngədə,
Ayrılıqlar çiçək açır.
Köhnə şəkil kimi asılmışam mən,
Toz basıb üstümü, başımı tamam.
Öz evim özümə qəribə gəlir,
Özüm öz evimdə özgəyəm, yadam.
Nə desəm də boşunadı,
Tanrı məndən küsüb daha.
Bəndəsinə ümidini,
İnamını üzüb daha.
Alma həsrəti
Uşaq bağçasının pəncərəsindən
Bir uşaq baxırdı əli üzündə.
Elə bil yolları əzbərləyirdi,
Elə bil yollardan ümid dərirdi...
Gedəni gözləmək ağırdı yaman,
Kimsə gözləyəni yadına salmır.
Nə küçə danışır, nə ağac dinir,
Heç kim günahını boynuna almır...
Sən də unutmağa vərdiş elədin,
Atdın xatirələr küncünə məni.
Axır təslim oldum unutmağına,
Saldın məhbus kimi bürcünə məni.
Nəyimə gərəkdi, bu iz, bu cığır,
Həsrət xırmanında belə sovuldum.
Bir alma nədir ki, onun üstündə,
Cənnətdən dünyaya elə qovuldum...
Qarşıma çıxmadı, arxamca gələn...
Küləyi soruşdum ara küçədən,
Eşidən olsa da, görən olmadı...
Bir köhnə ev vardı, hasarı uçmuş,
O evin hasarın hörən olmadı...
Bir ağac var idi, barlı-bəhərli,
Yığdılar, ağacı öyən olmadı.
Qocalar evinə qapı qoydular,
Qapı da qocaldı, döyən olmadı.
Bilmədim, itirdim harda ümidi,
Sonra o ümidi tapan olmadı.
Daş yığdım, uşaqkən göyə atmağa,
Daş küsdü, atmağa sapan olmadı.
Yeridim, yıxıldım, dizim ağrıdı,
Ağrıyan dizimə baxan olmadı.
Dedilər sel gəlir, mirvari dolu,
Hamı selə düşdü, axan olmadı.
Təpəni qaldırdı çoxu yuxarı,
Təpə yüksəlsə də, o dağ olmadı.
Kəsildi atalar əkən ağaclar,
Ağaclar bitsə də, o bağ olmadı.
“Ədəbiyyat və incəsənət”
(05.02.2024)