Şəhidlər barədə şeirlər – Xudayar Yusifzadə Featured

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Xudayar Yusifzadəyə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

        XUDAYAR MÜSLÜM OĞLU YUSİFZADƏ

(15.07.1998.-22.10.2020.)

 

Bərdə şəhərində anadan olmuş, oxuduğu təsniflə milyonların sevimlisinə çevrilmiş, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

 

VƏTƏNİ CANDAN ÇOX SEVƏN XUDAYAR

 

Necə də şövq ilə oxuyurdu o,

Nəğmədən bir çələng toxuyurdu o,

Sanki yurdun ətrin qoxuyurdu o,

Söhbəti mahnıydı, sözü kaman, tar,

Vətəni candan çox sevən Xudayar.

 

Qəmzəli gülüşü- nurlu üzündə,

Həyat bir nəğməydi onun gözündə,

Müqəddəs Şuşanın Cıdır düzündə

Gəzsəydi, olardı necə bəxtiyar,

Vətəni candan çox sevən Xudayar.

 

Qəlbində sevgili Vətən var idi,

Qarabağsız həyat ona dar idi,

Dünya susmuş idi, dünyakar idi,

“Qarabağ bizimdir”- hey çəkirdi car,

Vətəni candan çox sevən Xudayar.

 

Doymazdı Vahidin qəzəllərindən,

Oxuyurdu yurdun gözəllərindən,

Riyakar düşmənin əməllərindən,

Danışıb, deyərdi,- düşmən olar xar,

Vətəni candan çox sevən Xudayar.

 

Atıldı döyüşə Xudayar şir tək,

Vuruşdu düşmənlə igid tək, ərtək,

Məhv oldu düşmənlər fitnə tək, şər tək,

Adı hər bir zaman dildə dolaşar,

Vətəni candan çox sevən Xudayar.

 

Zəfərdə, şəhiddə, yurd da bizimdir,

Qalib ölkə kimi, ad da bizimdir,

“Xudayar təsnifi” necə həzindir,

Özü tək təsnifi əbədi yaşar,

Vətəni candan çox sevən Xudayar.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.