Poetik Qiraətdə bu gün sizlərlə Arzu Hüseynin “Ona deyin” şeirini təqdim edirik.
“Ona deyin yiyəsizəm mən onsuz” - sizcə ayrılığın gətirdiyi əzabı bundan gözəl ifadə etmək olarmı?
Qara çətir, yalın ayaq gecələr,
Ala gözlü o sevdaya xəbər ver.
De ki, onsuz yiyəsizdir küçələr,
De ki, onsuz sevinclərim qəhərdir.
Bakı yolu bağırışan maşınlar,
O bilir ki, xoşlamıram səs küyü.
Az deyil e, özüm boyda yaşım var,
Yaraşarmı yollarına göz döyüm?...
Qaya dedi, ürəyimə daş dedi,
Heykəl oldum, buza döndüm anında.
Toxunmazdın nəfəsimə kaş dedi,
Bir də baxdım üşüyürmüş yanımda.
Qucaqladım, uşaq kimi ağladı,
Kiprikləri titrədikcə əridim.
İkimizdən bütöv dünya olmadı,
Tez anladım, tez yoruldum, kiridim.
Özüm mətin, məhəbbətim qürürsuz,
Səbrim hər gün biraz daha incələr.
Səpələyib saçlarına ay-ulduz,
Qara çətir, yalın ayaq gecələr.
Ona deyin yiyəsizəm mən onsuz,
Ona deyin yiyəsizdi küçələr...
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)