“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Vida Heşmətinin şeirlərini təqdim edir.
Vida Heşməti, 1968-ci il oktyabr ayının 26-da Təbriz şəhərində doğulmuşdur. O, uşaqlıq dövründən ədəbiyyata marağı olduğu üçün Təbriz universitetində fars dil və ədəbiyyatı fakültəsini bitirmişdir. Onun “Ağ qanadlı kəpənək” və “Ulduzların nəğməsi” adında uşaq kitabları çap olunmuşdur. Kitabın rəsimlərini şairənin bacısı Lida Heşməti çəkmişdir. Şairənin “Tanrı boyalı saçlarım” adlı şeir kitabı da 2021-ci ildə Təbriz şəhərində çap olunmuşdur.
SÜLH
Keşkə səsini dağlara,
Nəfəsini bağlara
Gözəlliyini göy qurşağına paylaşaydım.
İsti əllərini sevgililərin ilk görüşünə
Ürəyini
Oğlu savaşda yubanmış ananın
Sap-sarı astanasına.
Maviliyini dənizlərə qoşaydım
Səni dalğalarla bağlaşaydım.
Ahaaaaay
Mahnılarımın Sarı gəlini
Buludlardan uzaldaydın yağış əlini.
Ulduzlardan göz vuraydın,
Gülümsəyən heykəlini
Calanaydın qaraqançıl kürəmizin
Qsır dodaqlarına.
Səs-səsə verib oxuyaydıq
Ozaylar uzunu.
Saçın ucun hörməzlər
Gülü qönçə dərməzlər…
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)