“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Vida Heşmətinin şeirlərini təqdim edir.
Vida Heşməti, 1968-ci il oktyabr ayının 26-da Təbriz şəhərində doğulmuşdur. O, uşaqlıq dövründən ədəbiyyata marağı olduğu üçün Təbriz universitetində fars dil və ədəbiyyatı fakültəsini bitirmişdir. Onun “Ağ qanadlı kəpənək” və “Ulduzların nəğməsi” adında uşaq kitabları çap olunmuşdur. Kitabın rəsimlərini şairənin bacısı Lida Heşməti çəkmişdir. Şairənin “Tanrı boyalı saçlarım” adlı şeir kitabı da 2021-ci ildə Təbriz şəhərində çap olunmuşdur.
SƏN
Barı
Bölmək olsaydı
Sevincləri, ağrıları.
Mən də sənə göndərərdim
Çərşəmbə bayramımı,
İsti günlərimin söyüdlərini,
Qış ocağımın kabab könlünü.
Ama neyləyim?!
Sən Müşfiqin tarında yeniləndin
NazPərinin səsində qocaldın.
Yenə sağ ol ki,
Kölgə kimi yerə sərilib,
Çinar kimi ucaldın...
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)