Fuad Hacızadə, “Ədəbiyyat və incəsənət” üçün
Qaranlıqda iki kölgə yol gedirdi. Biri o birindən bir az enli, bir az hündür. Bəstəboy kölgə elə bil o hündür kölgədən tutub irəliləyirdi. Bir az da külək qovurdu kölgələri, üzü səkiyə sarı. Heç kim görünmürdü ətrafda. Sanki küləkdən qorxub çəkilmişdi hər kəs öz yuvasına. Döngələri keçdikcə uğultu bir az da güclənirdi. Arada bəstəboy kölgə müvazinətini itirir və səndirləyirdi. İri kölgə tez əl atıb yanındakı kölgənin qolundan yapışırdı. Balaca kölgə yanındakı kölgəyə qısılırdı. Hərdən başındakı papağı da başına möhkəmcə basırdı ki, külək alıb qaçmasın. Beləcə qaranlığı yara-yara, tin-tin, döngə-döngə irəliləyirdi bu iki kölgə. Küçələrin qırağındakı projektorların işığı üzlərinə düşürdü aradabir. Gülümsəyirdi kölgə adamlar bu vaxtı.
İşığa gülümsəyirdilər göy üzünə baxıb. Binaların pəncərəsindən nöqtələr boylanırdı küçələrə. Ağ, qara nöqtələr. Pərdələr əl yelləyirdi kölgələrə. Beləcə yol gedirdi iki kölgə qaranlığın içində. Bu küçədən o küçəyə keçirirdi külək onları. Gecə qaçırdı başlarının üstündə. Töyşüyürdü kölgələr. Üşüyürdü kölgələr. Hərdən ucaboy kölgə əllərini bəstəboy kölgənin çiyninə qoyurdu. Qaməti dikəlirdi balaca kölgənin. Uzanırdı kölgə, böyüyürdü kölgə.
Sonra gün çıxdı, səhər açıldı. Kölgələr bir-birindən tutmadı daha. Çoxaldı kölgələr, artdı kölgələr.
Aralarına çəlik girdi bir gün. Yollara çəliyin kölgəsi də düşdü. Bir çəliyə söykənə-söykənə yeridi yavaş-yavaş ucaboy kölgə. Əyilə-əyilə küçə-küçə, yol-yol kiçilə-kiçilə yeridi. Və bir gün...
Bir gün daha görünmədi yollarda çəlik kölgə. Yollar uddu kölgəni deyəsən. Bəstəboy kölgənin yanında daha xırda-xırda kölgələr yeridi üzü sabaha. Kölgələr çoxaldıqca boyları uzandı yolçuların. Hamısı da çəliyin kölgəsindən tuta-tuta uzandı.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)