“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər.
Biri vardı, biri yoxdu, gözəl bir yurd vardı. Dağlar qoynunda yerləşən bu diyarın insanları xoşbəxt, firavanlıq içində yaşayırdılar. Buranın əsrarəngiz təbiəti ürəkləri oxşayırdı. Yamyaşıl sıx meşələri, ormanları, şip-şirin meyvəli bağları, səfalı bulaqları, çayları bu insanları daha da mehriban, istəkli etmişdi. Kəndin bağları, əkinləri başdan-başa düzən, hamar, həm də оlduqca münbit tоrpaqlarda idi. Bu diyarda yaşayan insanlar hamılıqla işləmək lazım gələndə işləyir, dincəlmək lazımdırsa dincəlirdilər. Heç birinin evinin ağzında qıfılı olmazdı. Varlı kasıb söhbəti bu diyara aid deyildi. İnsanlar çayın suyu ilə əkin sahələrini, bağlarını sulayır, bol məhsul ilə firavan yaşayırdılar. Amma bir gün yurda gələn çay qurudu. Xəbər yayıldı ki, çayın üstünü bir əjdaha kəsdirib. Camaat bir-birinə dəydi. Meşələrə gedib gəlmək qorxulu oldu.
Kənddə Yusif adlı ağıllı bir oğlan vardı. O qərara gəldi ki, əjdahanı öldürsün və camaatı bu bəladan qurtarsın. Odur ki, kənddə yaşayan nurani bir qocanın yanına məsləhətə getdi. Qoca dedi ki, əjdahanı öldürmək çox çətin olacaq. Çünki əjdahanın başında üç zınqırovu var, ona yaxınlaşmaq istəyəndə zınqırovlar tərpənir və əjdahanı xəbərdar edir. Həm də ki, zınqırovlar çalınanda elə bədheybət səslər çıxarır ki, insan o səsdən dəli ola bilər. Gün doğandan sonra isə zırqırovlar tamam başqa səs salır, bu səsə mal qara sehrlənmiş, ram olunmuş kimi gedir və əjdaha hər gün bu mal qaradan on dənə inək, öküz yeyib yatır. Əyər sən gün doğmadan zınqırovlar çalınmadan onları qırıb atsan, əjdahaya bəlkə qalib gələ bilərsən.
Bəli, Yusif yolçu yolda gərək deyib, atın yəhərlədi və üz tutdu meşəyə. Dərələrdən yel kimi, badeyi sərsər kimi, axır ki, gəlib çatdı meşəyə. Hə, indi çayı keçib o üzgəki tərəfdə kəndə gələn çay yolunun üstündəki əjdahaya tərəf getməliydi. Amma gur axan çayı necə keçə bilərdi, fikir onu götürdü. Bu vaxt meşədə iki divbeçənin mübahisə etdiklərini gördü. Yaxınlaşıb soruşdu. Dedilər ki, bizə üç şey miras qalıb: xəncər, kilim və papaq. Amma aramızda nə qədər edirik, bölə bilmirik. Yusif dedi: Axı, bunlar nədir ki, ondan ötrü mübahisə edirsiz. Divbeçələrdən biri dedi ki, bunlar adi şeylər deyil, sehrlidir. Papağı başına qoysan görünməz olarsan, kilimin üstündə istədiyin yerə uçub gedərsən, xəncərlə bir zərbəylə hətta yeddi başlı əjdahanı öldürərsən. Yusif özünü axmaqlığa qoyub dedi, mən buna inanmıram. Divbeçə dilləndi: İnanmırsansa, götür özün bax. Yusif xəncəri əlinə götürüb o tərəf bu tərəfinə baxdı. Kilimin üstündə oturdu, papağı başına qoydu, gözəgörünməz oldu, tez kilimə əmr etdi. Kilim onu çayın o üzünə apardı. Divbeçələr nə qədər qışqırdılarsa, bir xeyri olmadı.
Bəli, Yusif artıq gün doğmamış əjdahanın yanında idi. Bir azdan gün doğacaqdı. Odur ki, fürsəti fövtə vermək olmazdı. Kilimin üstündə uçub əjdahanın düz başı üzərində dayandı Xəncəri ilə bir zərbə ilə üç zınqırovu qırdı. Zınqırovlar cingilti ilə yerə tökülməmiş, xəncəri əjdahanın düz ürəyinə sapladı. Əjdahanın ağzından od püskürdü, getdikcə qüvvədən düşüb od içində yandı.
Yusif sevincək, kilimin üstdə, xəncər əlində, başında papaq öz yurduna gəldi.
Çay öz axarı ilə kəndə yenidən sevinc gətirdi. Kənd camaatı yığışıb Yusifin şərəfinə qonaqlıq verdilər. Yedilər, içdilər, şənləndilər. Siz də yeyin, için, həmişə şənlənin. Yurdunuzu sevin. Göydən isə üç alma düşmədi. Çünki, alma hələ yetişməmişdi. Yetişəndə gələrsiz, birlikdə yeyərik. Siz sağ, mən salamat. Təki yurdumuz salamat, bol ruzulu və zəngin olsun.
Danışdığım nağıldakı yurdun adamları bolluq içində yaşadılar. Tanrı bu yurda o qədər ruzu, bərəkət verdi ki, insanlar buranı Zəngin yurd – Zəngilan adlandırdılar. Yusifin iti xəncəri neçə- neçə yurduna sahib çıxmaq istəyənlərin canını aldı. Zəngin yurd zənginlik içində yaşadı. Beləcə zəngin bir yurdun nağılı başa çatdı. İndi də belə zəngin yurdun yurdsevər qəhrəmanları var. Onlar yurdun insanlarının xoşbəxtliyi, firavanlığı üçün hər zaman əjdahalar, divlərlə döyüşə hazırdırlar.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)