Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Biz Cənubi Azərbaycanla bağlı hər bir xəbəri intizarla oxuyuruq, hər bir cənublu soydaşımız barədə məlumatları su kimi içirik. Ulu Şəhriyar və Səhənddən başqa cənubda bir çox yazarlar yetişiblər, onlardan biri də Əli Tudə olub.
Azərbaycanın tanınmış şairi Əli Tudə 1924-cü ilin 31 yanvarında dünyaya gəlib. Və bu gün onun 100 illiyidir.
Əli Tudə
MƏN NƏ GƏTİRDİM...
Mən öz qardaşıma mehman gələndə
Bir qələm, bir dəftər, bir can gətirdim
Dağların döşünü toplar dələndə
Bir ləkə düşməyən vicdan gətirdim.
Mən onu günəşdən təmiz saxladım,
Canımdan, gözümdən əziz saxladım,
Bu kiçik qəlbimdə dəniz saxladım
Bir xilqət görmədi, pünhan gətirdim
Ucuz tutmasınlar bu sovqatımı
Hissimi, duyğumu, ehsasatımı,
Mən öz varlığımı, öz həyatımı
Doğma qardaşıma qurban gətirdim.
Ürək daş deyildir, bir parça ətdir
Bəs onu yaşadan hansı qüdrətdir?
Bir arzu, bir ümid, bir məhəbbətdir,
Mən o məhəbbətdən nişan gətirdim.
Qardaşım, illərlə istədin ki sən
Öz ana yurdumda azad olum mən…
Lakin cəlalımı dağıtdı düşmən,
Tək sənə, tək sənə güman gətirdim.
Yenə Azərbaycan qan ağlayır, qan
O azad olmasa, yaşamam, inan!
Gərək mən Təbrizə qayıdan zaman
Deyəm ki, təzə bir dövran gətirdim.
Hələ 13 yaşından onun şeirləri almanax və qəzetlərdə dərc edilib.
Cənubi Azərbaycanda Milli Hökumət qurularkən Maarif Nazirliyində müdir işləyən Ə.Tudənin ana dilində kitabların tərtib olunmasında böyük xidməti olub.
Əli Tudə İran tarixində ilk dəfə Təbriz Filarmoniyasının əsasını qoyub. O, milli hökumətin ən ali mükafatına – “21 Azər” medalına layiq görülüb.
Bakıya köçəndən sonra da ədəbi fəaliyyətini davam etdirən Əli Tudə 40-a qədər kitab yazıb, əsərləri xarici dillərə tərcümə olunub. Ədib 1996-cı ildə vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)