POETİK QİRAƏTdə İntiqam Yaşarın “Şəkil” şeiri

Poetik Qiraətdə bu gün sizlərlə İntiqam Yaşarın “Şəkil” şeirini təqdim edirik. Şeir unudulmaz Qənirə Paşayevaya ithaf olunur. 

 

Sən, ey başdaşından boylanan şəkil,

Dünyaya baxmaqdan yorulmadınmı?

Burdan gəlib-keçən haqqa çatmaza,

Dişini sıxmaqdan yorulmadınmı?

 

Bir gəlib tozunu silənin də, yox.

Sən kimdin, nəçiydin - bundan kimə nə?

Bəlkə, bir istəyin, bəlkə, arzun var,

Utanma, çəkinmə, buyur, de mənə.

 

 Əvvəllər bir qadın görərdim hərdən,

Gəlib dayanardı sənlə üzbəüz.

Deyəsən, heç o da baş çəkmir daha,

Nə dedin, xətrinə dəydi hansı söz?

 

 Bəlkə, o qadın da köçüb dünyadan,

Köçübsə, görəsən, hardan boylanır?

Yəqin, başqa yerdə dəfn eləyiblər,

Yəqin, bir şəkil də ordan boylanır.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.