“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər.
Növbəti təqdim edilən nağıl Canyataq-Gülyataq qızılı adlanır.
Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, balçının bal tası yox, baltaçının baltası, burdan bir tazı keçdi, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm.
Biri vardı, biri yoxdu. Bir padşah vardı. Onun Can adlı aman-zaman bir oğlu vardı. Can igidləri başına yığıb ova gedər, at çapıb, ox atardı. Bir gün ov dalınca düşərkən meşədə çırpı yığan gözəl bir qızla rastlaşdı. Qız nə qız, görən bunun camalına heyran qalardı, qaş qara, gözlər sürməyi, boyu sərv. Qız onu görçək ürkək baxışları ilə tez şələsini götürüb getmək istədi. Can atdan düşüb qızdan hansı obadan olduğunu sordu. Qız heç bir söz demədi. Yalnız qorxu, həyəcanla icazə istəyib ordan uzaqlaşdı. Can xeyli vaxt qızın gözəlliyi qarşısında donub qaldıqdan sonra özünü birtəhər ələ alıb və evə dönür. Qızın dərdindən rəngi saralır, solur, bir an belə onu unutmur. Xəstələnir. Padşah məmləkətin loğmanlarını sarayına dəvət edir, oğlunun dərdinin əlacını soruşur. Onlar xəstəliyi ilə bağlı heç bir söz deyə bilmirlər. Bir dərviş gəlir, Cana baxır və padşaha bildirir ki, oğlunun xəstəliyi sevgi xəstəliyidir. Oğlunu sevən ata Candan onun kim olduğunu sorur. Can isə gördüklərini danışır, qızın hansı obadan olduğunun bilmədiyini deyir. Atası söz verir ki, o qızı tapıb, onunla Canı evləndirəcək. Atasının ona mərhəmət göstərdiyi görən Can o qızı axtarmaq eşqilə sağalır, ayağa durur. Yenə də meşəyə üz tutur, axtarır, taqətdən düşür, yorulur. Yaxınlıqdakı çaya gedib yuyunmaq, bir az dincliyini almaq istəyir.
Hə, sizə kimdən deyim, Canın meşədə rast gəlib, gördüyü qızdan. Bu qızın adı Gül idi. Körpəlikdən anasını itirmiş, atası dul qadınla evlənmişdi. Analığ ona gün verib, işıq vermirdi. Gününü göy əskiyə döndərmişdi. Evin bütün ağır işlərini ona gördürərdi. Gül hər gün çaya gəlib, ağır səhənglə evlərinə su daşıyardı. Ögey ana Gülün günü- gündən gözəlləşdiyini görüb daha da qəddarlaşırdı. Bütün günü onu işlətməkdən, söyməkdən, təhqir etməkdən həzz alırdı.
Gül də meşədə cavanı gördüyü gündən könlün ona salmışdı. Hər cün çaya gəlir, çayın kənarında məskən salmış salxım söyüdün altında oturub dərdini caya danışır, dərdləşirdi. Və yenə də çaya gəlib səhəngini doldurdu. Gözlərini qaldıranda qarşısında Canı gördü. Gül özünü bir anlıq itirib, çaş-baş qalır. Can onu axtardığını, onu gördüyü gündən yalnız onun eşqilə yaşadığını, sevdiyini bildirir. Gül də ona biganə qalmadığını söyləyir. Nəhayət, Can padşaha istədiyi qızdan danışır, ona bir könüldən min könülə aşiq olduğunu deyir. Padşah oğlu ilə razılaşır və Gülü oğlu üçün istəməyə elçi göndərir. Ögey ana padşahın oğlunun Gülü sevdiyini eşitcək hikkəsindən, paxıllığından az qalır ki, çatlasın. Dərdə düşür. Bütün günü fikirləşir ki, nə etsin. Axır ki, tapır. Gələn elçilərə qızının əvəzində qızıl yatağı istəyir və bu yataqların yalnız Canın əli ilə tapılmasını istəyir. Əri nə qədər onu bu fikrindən daşındırmaq istəyirsə əl çəkmir.
Can, bu yolun gedər-gəlməz olduğunu bilsə də, sevdiyi qızın yolunda qızıl yatağı əldə etmək üçün yola düşür. Yorulmadan, gecə, gündüz bilmədən çayın qırağındakı qayalarda qızıl yatağı axtarır. Gülün eşqiylə sıldırım, adamkeçməz qayalarda külüng vurur. Nəhayət ki, tapır. Həmin vaxt Gül Canı görmək ümidilə çayın kənarına gəlmişdi. Çayın kənarındakı qayalardan Canın külüngünün səsini eşidir. Can həmin vaxt artıq qızıl yatağını tapmışdı. Külüng səsi ara verəndə Gül aşağıdan onu səslədi. Can Gülün səsin eşitdi, tez sevgilisinə qovuşmaq istədi. Qayaların üstündən sanki uça-uça ona qızıl yatağını tapdığını söyləmək istədi. Elə bu vaxt ayaqları yerdən üzüldü, qayadan sürüşdü, ölümcül halda çaya düşdü. Gül onu dizləri üstə aldı, sevgilisinə son anda doyunca baxdı, qayaların üstünə çıxdı, özünü qayadan atmaq istədi. Bu vaxt bir pəri peyda oldu. Onun əllərindən tutub, qayadan aşağı endirdi. Qıza dedi ki, yaxınlıqdakı qalanın arxasında yerdən bir bulaq çıxır, dirilik suyudur. Get o bulaqdan su götür, Canın yaralarına tök, Can sağalacaq. Gül pərinin dediyi kimi etdi, axtarıb bulağı tapdı, dirilik suyundan gətirib Canın yaralarına tökdü. Can gözlərini açdı. İki sevgili yenidən bir-birinə qovuşdu.
Bəli, padşah bu xəbəri eşidən kimi bütün şəhəri xalça-xalı ilə bəzədi. Böyük sevinc, coşqu ilə çıxdı oğlunun, gəlninin qabağına. Analığ bunları gördükdə qan başına vurdu, paxıllıqdan bağrı çatlayıb öldü.
Padşah oğluna qırx gün, qırx gecə toy elədi. Onlar yedi, içdi, yerə keçdilər. Siz də yeyin, için, kama çatın. Göydən üç alma düşdü. Biri mənim, biri özümün, biri də nağıl danışanın.
İllər keçir. Həmin qızıl yatağı Canyataq-Gülyataq adı ilə məşhurlaşır. Onların sevgi dastanı dillərdə gəzir. Can və Gül bir-birini sevən bütün aşiqlərə bu qızıl yatağından pay verir.
Danışdığım nağıl Kəlbəcərdəki Canyataq-Gülyataq qızıl yatağı haqqındadır. O yer sevgililərin qovuşduğu yerdir. Ordan nə qədər qızıl daşısalar da, həmin yataqdan qızıl tükənməz, cünki o müqəddəs yer - əbədi sevginin yatağıdır. Oradan çıxan qızıldan həmin yerlərin insanları xeyir görər. Xaincəsinə əl uzadanların apardıqları qızıl isə onlara xeyir gətirməz, gilə dönərək ayaqlara yapışar.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)