“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
44-cü hissə
Yenə eyni yolda
Keçmiş günlərdə o qədər ağrı-acı var idi ki... Bununla belə, həbsxanada gördüklərindən sonra keçmişdə yaşadıqları ona xoşbəxtlik işartılı günlər kimi gəlirdi. Uşaqlığı, bacısı Leyli ilə oyunları, məktəb illəri, atasının, qardaşının qadağalarına baxmayaraq gizlicə seriallara baxmaqları, kişi-qadın münasibətlərinin dərinliklərini bildikcə oğlanlara maraqla tamaşa etmələri, böyüdükcə öz ağ atlı oğlanlarını gözləmələri...
Sonra Rüfətli günlər, ürkək-ürkək dəhlizdə baxışmaları, söhbətləşmələri, ilk dəfə əlini Rüfətin ovcunda hiss eləməsi, Rüfətin göndərdiyi şeirlər, hədiyyə olaraq verdiyi açarqabı...
Sonra Bakı günləri, yaddaqalan tələbəlik illəri. Qızlarla boş dərslərdə alış-veriş mərkəzlərinə, kitabxanaya, kinoya getməkləri... Toyunun, Madarlı günlərinin üstündən sükutla keçib o günlərdən yalnız eyvandan gizlicə qonşu oğlanla baxışmasını xatırlayırdı, bir də ömrünün ən xoşbəxt gününü -- Aylininin doğulduğu günü.
Rasimli günlər sonu acı olsa belə, öz gözəlliyini və təkrarsızlığını qoruyurdu. Stomatoloji kabinetdə, Rasimgildə sevişmələri, Rasimin ionika ifa etməsi, oxuması, birlikdə gələcəyə xəyal qurmaları, Xızıda keçən təkrarsız həftələri...
Rəşid müəllimlə bağlı günlərdən də xoşbəxt bir şeylər var idi. Əlinə pul gəlməsi, salonu həvəslə işlətməsi, fitnes günləri, xarici gəzintilər, Dubayın, Bodrumun qəlbi riqqətə gətirməsi, Səda Sayanın konserti, rahatlıq, əmin-amanlıq və firavanlıq. Ən bahalı hədiyyələr, ən dəb geyimlər, ən bərkgedən restoranlarda ən dadlı təamları dadmaq...
Turallı günlər büsbütün gözəl günlər idi, dinə tapınmışdılar, ibadət edirdilər, ibadət o qədər təkrarsız məşğuliyyət idi ki, insanı mənən təmizləyirdi, paklaşdırırdı. Yalnız Turallı günlərində Ülkər maddiyyatı ötəri, keçəri şey sanmış, mənəvinin mükəmməlliyinə heyran qalmışdı. Turalın qızıl kimi xasiyyəti, Banu ilə şirniyyat bişirmələri, üçlükdə çay içərək şirniyyat yemələri, cüməgünləri məscidə getmələri, Turalın doymaq bilmədən dinlədikləri söhbətləri, Aylinlə gəzintiləri...
Bilgəhli günlərdən də yaddaşına yazılan anlar olmuşdu. Masmavi dənizin nəhayətsizliyinə öz tənhalığı ilə tapınması, dənizlə dərdləşməsi, yayda Aylinlə orada keçən xoş anları unudulmaz idi...
Həbsxanadan qayıtdıqdan sonra gedib Nazəndə xanımgildə qızına sarmaşmışdı, duz kimi yalamışdı onu, götürüb evə aparmaq istəyəndə Nazəndə xanım qarşısını kəsmiş, demişdi:
-- İncimə, ancaq mən Aylini sənə verə bilmərəm. Sən nə işlə məşğul olduğunu gözəl bilirsən. Mən də bilirəm. Bununçün səni danlamaq, aşağılamaq fikrində də deyiləm. Sadəcə, o işlə övlad tərbiyə eləmək tutmaz. Səhər çıxıb gecə yarı evə gələn adamsan. Bəzən sutkalarla itirsən. Zöhrə baxırdı uşağa, indi o da yoxdu. Kim bu uşağı məktəbə aparıb-gətirəcək, dərslərinə baxacaq, yemək-içməyini verəcək? Onu başdı-başına buraxıb bədbəxtmi eləmək istəyirsən? Uşaq mənimlə qalasıdır. İstəyirsən, köç sən də bizimlə qal. Etiraz etmirəm. Öz işindir. -- Susub əlavə etmişdi:-- Əslində, sənin getdiyin yolun yolçusuna bəraət ola bilməz, yəni cəmiyyət sənin kimilərini qəbul etməməlidir, mən məhkəmə yolu ilə nəvəmi səndən alıb səninlə əlaqələri bilmərrə kəsməli, sənin Aylinlə yaxınlaşmağına imkan verməməliyəm. Amma göydə Allah var. Sən bu qapıya gələndə ağıllı, ismətli bir qız idin, başına nə gəldisə, mənim murdar övladımın əliylə gəldi. Bu, sənin bəraətin də olmasa, ən azından, günahlarının yarıbayarı yüngülləşməsidir.
Əlbəttə ki, qadın düz deyirdi. Aylinlə kimsə məşğul olmalıydı. Üstəlik, Nazəndə xanımın nənə olaraq da hüquqları var idi. Ülkər öz evində qalmaq qərarı verdi. İki-üç gündən bir gəlib nənə-balanı yoluxurdu, yenə qazandığı pulları deyil, lombarddan götürdüyü pulları gətirib Nazəndə xanıma verir, balası üçün xərcləməsini təvəqqe edirdi. Utandığından üzünə üzlər keçirib qadını aldatmağa da çalışmışdı ki, vallah, mən o yola qulluq etmirəm, bir firmada çalışırdım, firmanın qız alveri ilə məşğul olduğunu əsla bilmirdim.
Guya indi də başqa bir firmada çalışırdı, fahişəlik pulları deyildi gətirib verdiyi.
Maliki də sürücü kimi qızını gəzdirmək üçün bu dönəmdə tutmuşdu, Nazəndə xanımgilin qonşusu idi Malik.
Yatıb-çıxandan sonra bir müddət Nazadan uzaq qaçıb özünə iş tapmaq istəmişdi, amma “ləkəli avtobioqrafiyası” ona hər yerdə əngəl olmuşdu, bir həftə uğursuz cəhdlərdən sonra yenidən Nazanın qapısını döymüşdü. Naza onu ələ verməyən, mərd-mərdanə “srokunu yatıb çıxan” Ülkəri artıq sağ əli hesab edirdi.
Tezliklə Ülkər Dubaya da gedib-gəlməyə başladı, bir dəfəsində beş-altı qız aparırdı, haradasa bir həftə-on gün çəkirdi turneləri, ərəblərin tər qoxuyan yaşıl əsginaslarını üst-üstə qalaqlayıb Bakıya qayıdır, növbəti gedişə hazırlaşırdı. Beləcə ömür davam edirdi. Həyat nisbətən stabilləşmişdi. Özü daha müştərilərlə yatağa girmirdi deyə Ülkər nisbətən sakit, həyəcansız idi.
Bir dəfə qardaşı Xəyalla da rastlaşmalı olmuşdu. “Park-bulvar”dan özünə və Aylinə pal-paltar alırdı, Xəyal da arvad-uşağı ilə uşaq şöbəsində idilər. Onu görcək Xəyal ailəsindən aralanıb Ülkərin yanına gəldi. Ülkərin əlində son “Ayfon” vardı, olduqca bahalı libasdaydı, üç iri paket də pal-paltar almışdı, zəngin yaşadığı sezilirdi. Xəyal onu öldürəcəyi ilə hədələdisə də, sözləri çox sönük çıxdı, bir xeyli ordan-burdan söhbətləşdilər, Xəyalın sonradan hər halda doğmalıq hissləri oyanmışdı deyəsən, bacısını öldürmək fikrindən vaz keçmişdi. Gün-güzərandan söhbət düşəndə isə qardaşı çətin durumda olduğunu, dolana bilmədiyini dilə gətirmiş, Ülkərdən iki yüz dollar borc da almışdı.
Ülkər həyatının növbəti dönümünün ssenarisini yazmışdı artıq. Nazayla birgə işləmək. Pul-para qazanmaq. Lap pullu olanda çəkilib bir salon açıb işlətmək. “Aylin” salonunu bərpa eləmək. Bütün çabalarını qızını böyütməsinə həsr etmək. Qızını oxutmaq, ağıllı-kamallı bir oğlana ərə verib xoşbəxt eləmək.
Amma insan heç vaxt burnundan uzağı görə bilməz.
Ülkərin ağlına gəlmədiyi başına gəldi.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)