Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
İstəkli oxucularım. Bu dəfə sizlərə gənc qəzəlxan Murad Vəlixanovu təqdim etmək istəyirəm. Onun qəzəlləri kifayət qədər ad edib və bəyənəcəyinizə əminəm.
1.
İSTƏMİRƏM
Get, gülüm, get, mənə sən can olasan, istəmirəm,
İşvəli, sevgili canan olasan, istəmirəm.
Bir də göz yaşı töküb kuyivə gəlməm, gözəlim,
Görüb əhvalımı xəndan olasan, istəmirəm.
Bivəfalıqda bütün aləmə məşhur oldun,
Sən əgər huriyü qılman olasan, istəmirəm.
Vurmusan sinəmə min yarə, kifayətdi mənə,
Bu sınıq könlümə dərman olasan, istəmirəm.
Bivəfasan, deyiləm razı, öləndən sonra,
Qəbrim üstündə nigəhban olasan, istəmirəm.
Pis günümdə məni saldın nəzərindən, getdin,
Yaxşı gündə mənə mehman olasan, istəmirəm.
Muradın qiymətini bilmədin, incitdin onu,
Elə ki, öldü, peşiman olasan, istəmirəm.
2.
YA RƏBB
Hifs eylə günahdan bu bəladan məni YA RƏBB
Heç etmə cüda zikri-duadan məni YA RƏBB
Şah sənsən əgər mövqeyimin söhbəti olmaz
Bilsən də ucuz xoşdu gədadan məni YA RƏBB
Mən harda öyünsəm sənə biganəliyimdən
Təcrid elə ol mülki-fənadan məni YA RƏBB
Gözlərdəki nur vəslinə yetmək əlacımdı
Var etmisən ən ali ziyadan məni YA RƏBB
Yoxdur dözümüm ədlinə, Sən Sahibi-Qüdrət
Tərk etmə tükənsəm də cəfadan məni YA RƏBB
Rəhmani-Rəhimsən ki əta mərhəmətindi
Qıl məhrum əta içri-xətadan məni YA RƏBB
Murad sənə səssiz dua eylər ki duyursan
Vay halıma kəssən bu sədadan məni YA RƏBB
3.
MEYL ET KUYİNƏ
Dedim ibrət götürüm birdəfə zahidlərdən
Mənə yox fayda kor olmuş, qoca şahidlərdən
Ona hey eşqimi etsəm də uca əlçatmaz
Xaliqim çox daha yüksəklərdədi xalidlərdən
Bu könül bezdi daha tab gətirə, əzm eliyə
Niyə siz bezmədiz ancaq acı tənqidlərdən?
Sən də ey Həccə gedən mötəbər ağsaqqalımız
Uca tikdin bu imarətgahı məscidlərdən
Meyl et kuyinə ey badi-həva, eylə xəbər
Sənə çoxdur inamım bivəfa qasidlərdən
Yenə Murad O'na aid nəsə yazsın dilədi
Nəsə tapmır daha yazıq O'na aidlərdən
4.
ALLAHIN ADINDAN
İstədim lütf eləyim mən kəlam ALLAHIN adından
Sonra çaşdımki nə yazsın adam ALLAHIN adından
Ona hər canlılar aşiq ona hər bir aləm aşiq,.
Eliyər eşqi təvafın İmam ALLAHIN adından
Fərqi yoxdur ateyisdir ya müsəlman həmin insan,
Verilir cümlə bəşərçün salam ALLAHIN adından.
Sığınır şeytana insan yaranır yalançı xislət,
Eliyirlər istifadə tamam ALLAHIN adından.
Hələlik bəsdi bu Murad çatar ömrün sona bitməz,
Bu gedişnən çox edərsən davam ALLAHIN adından.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)