Bir Kərəm ağlayır pərdələr üstə və ya doğulduğu gündə ölən adam Featured

Fəridə Ləman, “Ədəbiyyat və incəsənət”in təqdimatında

 

Qazax mahalının sazlı-sözlü İncədərəsi ustad aşıqlar - Aşıq Avdı, Aşıq Cəlal, Aşıq Şəmistan, Aşıq Sadıx, Aşıq Məhəmməd, Aşıq

Kərəm və başqalarının gözəl dünyamıza göz açdığı bir məkandı.

Saz-söz sənətində onların qoyduqları nəzəri və təcrübi ənənələr gənc aşıqlar - Aşıq İlham, Aşıq Şaiq, Aşıq Həsən, Aşıq Hüsən, Aşıq İnsafə və başqaları tərəfindən ləyaqətlə davam etdirilir. Bunlardan

bəziləri ifaçı aşıq olmaqla yanaşı, həm də yaradıcı aşıqdır. Söz açacağım Aşıq Kərəm məhz ifaçı və yaradıcı idi. 

 

Adını çox eşitmişdim, özü ilə şəxsən 1993-cü ildən yaxından tanış oldum. Həmin illərdə

həyat yoldaşım Nurəddin Qaybalıyev Xanlıqlarda yerləşən ağır artilleriyada zabit idi, mən isə bölgə müxbiri işləyirdim. Tez-tez əsgərlərlə görüşə gedirdik, belə görüşlərdə Qazax rayon mədəniyyət işçilərinin xidməti danılmazdır. Bir-birindən gözəl musiqi nömrələri əsgərlərdə gərginliyi azaldır, ümidli sabahlara, qələbəyə səsləyirdi.

Aşıq Kərəmlə də görüşümüz əsgərlərimizin yanında oldu. Sazın simlərini göynədən barmaqlar nə biləydi ki, sahibinin ömrü belə

qısa olacaq, bu pərdələr «köçdü Kərəm-deyib» - qəm sızıldayacaq, dərd söyləyəcək. Bir vaxt:

 

Mən bəxtiyar bir aşığam,

Əlimdədir hələ sazım,

Yerə-göyə sığışmaram,

Sən gələndə dilə, sazım! -

 

deyən aşığı qara əcəl yaman susdurdu. Amma onun susmayan nəğmələri, misra-misra nəğmələşən, könül pıçıltısına çevrilən şeirləri qaldı. Bu şeirlər əbədiyyət nəğmələridi. Bu nəğmələrin üstündə bir

Kərəm möhürü, Aşıq Kərəm imzası var. İndi ürəyinin istisi, qəlbinin səsi dil açan bu şeirlər toplumu əlimin altındadır.

Onun şeirlərində el-obasına sevgi, dosta sədaqət, inam, etibar, saflıq, duzluluq gördüm.

 

Mərd oylağına yaxşı sal nəzər,

Qaçaq İsmayılı dillərdə əzbər.

Sorağı İranda, Turanda gəzər,

Bir vətən həsrəti, gəl, İncədədir.

 

Aşıq Kərəmin mayası saflıqdı, onu həyatda nə var-dövlət, nə mənsəb, vəzifə maraqlandırmır. O, köksündə elə bir ucalığa layla deyir ki, namərdin, müxənnətin hiyləsi əməl sahibinin öz ayağına dolaşa bilər.

 

İstər çoban olsun, istər hökmdar,

Birdi mənə əgər varsa etibar.

Hər kəsin yazılı öz qisməti var,

Axtarıb getməyə tova demişəm.

 

Aşıq Kərəm yaz arzulu, yaz diləkli, vətənpərvər bir insan idi. Zalımdan, zalımın zülmündən hər kəsə amanda olmağı arzulayırdı.

Arzulayırdı ki, əmin-amanlıq, bolluq olsun, həsrətlər qovuşsun, vətənin dar günündə  xalq bir olsun.

 

Vətənin dar günü xalqım bir ola,

Birləşə hər sözü, işi bir ola,

Yol göstərə alim ola, pir ola,

Arxa dura, bir-birinə göz ola.

 

Bu misralar vətəndaş çağrışıdır, Vətənin dərdlərinə həmdəm bir insanın istəkləridi. Və o, Vətən oğullarını «qeyrət eylə»-deyə tor-

paqlarımızı işğaldan azad etməyə çağırır.

 

Bu torpağı satmaq olmaz,

Ar-namusu atmaq olmaz.

Bir bu qədər yatmaq olmaz,

Vətən oğlu qeyrət eylə,

qeyrətə gəl!

 

Müxənnətlərə fürsət verən, adam kimi yaşamağa beşcə gün möhlət verməyən, yapalağa zinət verib başa çəkən, iki üzü də qara dünyada Kərəmin də çox arzuları ürəyində qaldı.

 

Səndən düzlük umanları,

Nəs ağızı yumanları,

Laçınları, tərlanları,

Doydurursan sara dünya.

 

Aşıq Kərəm ədəbiyyatımız, qədirbilən oxucularımız üçün bir xəzinə, bir əbədi irs qoyub gedib. Aşıq şeir növünün müxtəlif növlərində özünü ustalıqla sınayan sənətkar bir-birindən gözəl şeir-sənət nümunələri yaradıb.

 

Gəl güclüdə öz gücünü sına sən,

Əl qaldırma bir gücsüzə sına sən.

Düz demirsə gəl Kərəmi qına sən

Yarışmaqdan yarışmamaq yaxşıdı.

 

Sənətkarın şeirlərinin çoxunda onun insani xarakteri, humanizmi, vicdani saflığı, ustadına ehtiramı, öyüd və nəsihətləri açıqlanır.

 

Özgəsinə tələ quran,

Özü düşər, özü düşər,

Hər məclisdə mərd igidin,

Sözü düşər, sözü düşər,

 

Sevincli, kədərli günlərində yeganə həmdəmi telli sazı olub Aşıq Kərəmin. Dil bilən, hal qanan olub telli saz. Coşub, çılğınlaşıb, kövrəlib, zilə, bəmə qalxıb telli saz. Sahibinin köksündə ona həmdəm,

sirdaş olub. 1990-cı il 20 yanvar günündə rayondan bir dostunun qızının toyuna gələrkən qanlı faciə ilə üz-üzə gəlmiş və sazına üz tutaraq haqsızlığa qarşı üsyan səsini qaldırmışdı:

 

Qışa döndü bahar, yazım,

Qəfil söndü xoş avazım,

Şəhid oldu oğlum, qızım,

Ağla, telli sazım, ağla.

 

Bu nağıllaşan dünyaya kimlər gəldi, kimlər getdi?! Əslinin düymələrindən alışıb od tutan bir Kərəm vardı. Bir Aşıq Kərəm də vardı,  Vətən dərdlərindən ürəyi çat-çat olan

Kərəm. Özü bu vəfasız ürəyin onun yarı yolda qoyacağını bilirmiş.

Şair Barat Vüsala yazdığı «Ürək ağrım» şeirində yazır:

 

Şair Barat, vermir aman,

Ürək ağrım, ürək ağrım.

Hərdən məni edir peşman,

Ürək ağrım, ürək ağrım.

 

Hər kəs kimi o da baharı, gül nəfəsli yazı çox sevirdi. Güllər fəslinin gəlişilə ürəyi coşur, telli sazı dil-dil ötürdü.

 

Kainata nəfəs verən,

Novruz gəldi, Novruz gəldi,

Ürəklərə nur çiləyən,

Novruz gəldi, Novruz gəldi.

Gəlişiylə ellər gülür,

Çəmən gülür, çöllər gülür.

Telli sazda tellər gülür,

Novruz gəldi, Novruz gəldi.

 

Əllinci baharı əbədi susdu, telli saz kədərə büründü, zümrüd ormanlar gözündə qaraldı, kəkliklər qaqqıldaşmadı, bənövşələr sevgi

nağılı pıçıldamadı. Xoş avazı dağlara, daşlara dəyib çilikləndi.

Amma, Kərəmsevərlərin qəlbində əbədi bir sevgi yuvalandı. Sazının simləri üstündə bir kədər ağladı… Telli saz sahibinin yoxlu-

ğuna ağlayırdı…

 

Ay da keçər, il də Kərəm,

Sözün qalar dildə, Kərəm,

Hörmət qazan eldə, Kərəm

Elin səni ucaldacaq!

 

Azərbaycan Aşıqlar Birliyinin Azərbaycan Dövlət İncəsənət muzeyində Aşıq Kərəmin həyat və yaradıcılığına aid keçirdiyi təntənəli mərasim elinin onu ucaltdığından və unutmadığından xəbər verirdi.

 

P.S: O, 1945-ci il martın 11-də dünyaya gəlmişdi, Qazağın Aslanbəyli kəndində. 1995-ci il martın 11-də Mərdəkanda haqq dünyasına qovuşdu. Bu, 50 yaşının ona «töhfəsi» oldu.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.