Azərbaycanın görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında keçirilən hekayə müsabiqəsinin mükafatlandırma mərasimi 2 Fevral - Gənclər günündə Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda baş tutacaq.
“Ədəbiyyat və incəsənət” portalı Müsabiqənin Təşkilat Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalının birgə təşkilatçılığı ilə keçirilən müsabiqə ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edir.
Mövzu seçimi sərbəst olan müsabiqəyə 200-ə yaxın iştirakçı qoşulmuş, öncə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşmişdi: Elay İsmayılov, Xanbala Mahmudov (Xan Abdulla), Cavid Babayev, Orxan Cuvarlı, Bəşir Niftəliyev, Şəhriyar Bəhmənov, Səma Quliyeva, Pərviz Əlyaroğlu.
Növbəti mərhələdə isə qaliblərin və mükafatçıların adları elan edilmişdi.
HƏVƏSLINDİRİCİ YERLƏR
Bəşir Niftəliyev,
Səma Quliyeva
3-CÜ YER
Xan Abdulla
2-Cİ YER
Orxan Cuvarlı
1-Cİ YER
Cavid Babayev.
Mükafatçılara tutduqları yerə müvafiq olaraq pul mükafatları, Fəxri Diplomlar və Xalq yazıçısı Anarın imzası ilə kitablar təqdim ediləcək.
Qeyd edək ki, müsabiqənin himayədarı “Azeristeel" MMC Metal Konstruksiylar Zavodu, informasiya və təşkilati dəstəkçiləri “Ədəbiyyat və incəsənət” portalı və “Şirvan” cəmiyyətidir.
Mükafatlandırma mərasimi saat 14-də başlayacaq.
Azərbaycan Ədəbiyyat Fondu və “Ulduz” jurnalının birgə təşkilatçılığı ilə gənc yazarları stimullaşdıran növbəti müsabiqə isə yaxın günlərdə elan ediləcək. Bu dəfə gənc şairlər Vaqif Səmədoğlunun 85 illik yubileyi münasibətilə şeir müsabiqəsində qüvvələrini sınaya biləcəklər.
“Ədəbiyyat və İncəsənət"
(29.01.2024)