Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...
Bu gün Azərbaycan ədəbiyyatında tənhalıq poeziyası yaradan, qəlibsiz şeirlər yazıb, Allah üçün darıxan, ssenarist, dramaturq, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür.
Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində dünyaya gəlmişdir.
O, 1956-cı ildə Bakıdakı Bülbül adına Musiqi məktəbini bitirib, Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali təhsil alıb.
Daha sonra isə Moskvada Çaykovski adına Konservatoriyada ixtisas kursu keçib.
Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim olaraq başlayan Vaqif Səmədoğlu, 1968-1973-cü illərdə “Azərbaycan Sovet Ensiklopediyası” Baş redaksiyasında “İncəsənət” şöbəsinin müdiri, 1973-1975-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ssenarist, 1978-1982-ci illərdə “Yazıçı” nəşriyyatında redaktor, 1982-1985-ci illərdə yenidən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ədəbi hissə müdiri, 1992-1994-cü illərdə isə “Oğuz eli” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır.
O, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Azərbaycan Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olmuşdur.
Şairin "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Və bundan sonra onun əsərləri dövri mətbuatda vaxtaşırı dərc olunmuşdur.
4 kitabın, 8 dram əsərinin, saysız-hesabsız şeirlərin, 23 filmin ssenari müəllifidir. Əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub.
“Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.
O, 2015-ci il yanvarın 28-də, 76 yaşında vəfat etmiş və Fəxri Xiyabanda, atasının yanında dəfn olunmuşdur.
Gəlin şairin yaradıcılıq ümmanına kiçik bir səfər edək.
Bakıya duman gəlib,
Heç kəsə demə.
Deyəsən yaman gəlib,
Heç kəsə demə.
Çıraq yanıb bu axşam,
Yanıb, sönüb bu axşam,
heç kəsə demə.
Bu dumana qapımdan
Çıxan kimi azmışam,
Yenə şeir yazmışam,
Heç kəsə demə.
Daş evlər arasında
Neyləyər duman mənə?
Gülüm, diriyəm yenə
Heç kəsə demə...
*
Ayrılıq mehriban,
Ayrılıq doğma.
Gəlmə.
Ayrılığın evini yıxma.
Arzular dirçələr, yuxum çin olar,
Otaqda gərəksiz gülüşlər dolar,
Məndən küsüb gedər incik şeirlər.
Sevinclər içində təklənər kədər.
Əzablar içində yaşayım yenə
Xeyli dərd lazımdır ölməkçün mənə
Gəlmə,
Gəlmə...
Belə qalım azadam,
Azad.
Mənə bu dünya da, o dünya da yad.
*
Əlimi uzatdım
Sevincə sarı,
Gördüm, yox,
Arada kədər dayanıb.
Atamı səslədim,
Köməyə gəlsin,
Gördüm, yox,
Arada qəbir dayanıb.
Üz tutub gedirdim
Allaha tərəf,
Gördüm, yox,
Arada ömür dayanıb...
*
Salam, ata, salam.
Bilirəm, arxamdasan.
Məzarından cəmi əlli-altmış
Addım bu yanda dayanıb
Trolleybus gözləyirəm.
Trolleybusa minib,
Sənin yanına gələnə qədər
Yaşamağa gedəcəyəm.
Ömür bu imiş, ata?
Gəldi…
Salam trolleybus,
Əlvida ata…
*
Sabah vaxtın olsa,
Yada sal məni,
Heç olmasa
Bir səkidən
O birisinə keçərkən.
Qoy üstünə gələn
Bir avtonun səsi
Unutdursun məni yenə.
Mən də yaddaşından çıxıb,
Lənət deyim
Siqnal səsinə...
*
Elə bilirsən
Sənə deməyə
Daha sözüm qalmayıb?
Üzündə təbəssümünü görməyə
Gözüm qalmayıb?
Bu sən, bu mən,
Bu torpaq,
Elə bilirsən
Qarşında çökməyə
Dizim qalmayıb?
*
Ömrüm nisyə getdi,
Ölümüm də nisyə olsun.
Elə bir bazarın varmı, İlahi?
Məni yuxuda öldür,
Ağrısız, əzabsız.
Elə bir azarın varmı, İlahi?
Mənə bu dünyaya baxmaqçün
Bir kiçik pəncərə ver.
Elə bir məzarın varmı, İlahi?...
*
Ürəyim yol çəkir bir gözə dönüb,
Yollar da tərs kimi uzanır, gülüm.
Yuxumdan hər gecə durnalar keçir,
Bilmirəm nə olub, haradan bilim?!
Belə getsə sınar quşların səsi,
Dənizin də səsi günbəgün batar.
Yubanma, əzizim, gəl qurtar məni,
Arxadan dərd çapır, qorxuram çata...
Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada...
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...
Tez ol xəbər ver, görüm necəsən,
Gözlərin necədi, yerişin necə?
Yaman darıxmışam, mən səndən ötrü,
Barı bir soraq ver özün gəlincə.
Yerini bilmirəm, bilsəm gələrəm,
Könlünü alaram, sevərəm yenə.
Xəzərin köksündən qalxan dumana,
Qara şanı büküb gətirrəm sənə...
Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada...
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)