Ağ damlı evlərin çörəyi - NAĞIL Featured

Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün

 

Qulaq asın, danışım.

Biri var idi, biri yox idi, Yaradan var idi, bəndəsi yox idi. Çox qədimlərdə, gözəl bir diyarda dünyada heç bir yerdə olmayan, nadir sarı buğdası ilə şöhrət tapmış bir məmləkət vardı. Bu məmləkətin insanları çörək verən idilər. Üz tutub bu yurda gələnləri heç vaxt əliboş, çörəksiz qaytarmazdılar. Sarı-qızılı taxıl zəmilərində çalışan zəhmətkeş insanlar becərdikləri halal nemətdən yeyər, halallıqla da dolanardılar. Onlar bu zəmilərin sapsarı dənlə dolu sünbüllərini oraqla biçər, sərib günün altında qurudardılar. Sonra taxılı çarçarla döyər, buğda çəltiyindən ayrılar, sonra onu aparıb dəyirmanda üyüdər, unu çuvallara yığardılar. Bu dəyirmanda hər gün yüz çuval un üyüdülərdi. Yaxın-uzaq ellərdən tacirlər bu diyara  buğda unundan bişirilən ətirli çörəkdən dadmaq həvəsilə gələr, dəvələrini un çuvalları ilə yükləyərdilər.

Dəyirmanın yanında karvansara var idi. Karvansara sahibinin övladı yox idi, amma yanında Tuncay adlı bir şagirdi vardı. Karvansara sahibi çox zalım və xəsis idi. Gələn zəvvarlardan gecələmək üçün çoxlu pul alardı. Şagirdi sahibinin hərəkətlərindən utanar, lakin heç bir söz deyə bilməzdi. Əlindən gələn mehriban təbəssümlə tacirləri qarşılayıb, yola salmaq olardı.

Bir gün xəsis karvansara sahibi xəstələndi, məmləkətin hər yerindən təbiblər gətirildi, lakin dərdinə bir əlac tapılmadı. Şagirdi ona dedi:

- Cəsarətimə görə bağışlayın, amma xəstəliyiniz daxilinizdə insanlara bəslədiyiz kin, paxıllıq və xəbislikdəndır. Bura çörək ətri ilə gələnlərə elə qiymət deyirsiniz ki, gəldiklərinə peşman olurlar. İnsanlarla belə rəftar etmək olmaz. Qazandığınız bir parça çörəyi Allah əlinizdən alıb, sizi kor qoyar.

Xəsis karvansara sahibi bir qədər fikirləşdi, gördü ki, gənc şagirdinin sözündə həqiqət var. Odur ki, əmr etdi:

- Bu gündən bura gələn bütün zəvvarlara bir çuval əlavə un verilsin, karvansarada isə gecələmək üçün çox cüzi ödəniş tələb edilsin.

Az sonra karvansara sahibi tacirlərin duası ilə sağalıb ayağa qalxdı.

Günlər keçdi, bu diyara üz tutanlar çörək verən karvansara sahibindən, sehrli buğda üyüdən dəyirmandan hər yerdə söz açdılar, bu məmləkətin sorağı mahaldan-mahala yayıldı.

Bu diyardakı evlərin damları ağ idi. Hər səhər günəş öz qızmar şəfəqlərini şehirli buğda əkilən zəmilərin üstünə salardı. Dənlə dolu sünbüllər yetişər, ağırlıqdan torpağa baş əyərdilər. Bu məmləkətin insanları evlərin damlarını ağ əhənglə əhəngləyərdilər ki, yayda sərin, qışda isti olsun. Ağ damlı evlər məmləkəti halal çörəkli bir bir yurd yerinə çevrilmişdi.

Ağ damlı evlərin diyarına hardansa gəlmə xəbis bir tayfa yerləşmişdi. Karvansara sahibi onlara kömək etmiş, ac qalmağa qoymamışdı. Amma dad qədirbilməz qonşu əlindən. Bu tayfanın qızlarından birinin karvansara sahibinin şagirdinə gözü düşmüşdü. Tuncay isə öz elinin qızını - Ağcanı sevirdi. Bunu bilən paxıl qonşu qızı saf ürəkli Ağca ilə dostlaşdı. Hər gün onları bir-birindən ayırmaq üçün yeni hiyləgərliklərə əl atdı.

Nəhayət, günlərin bir günü Tuncay Ağca ilə gizlicə görüşərkən karvansarada yanğın baş verdi. Karvansara yanıb tamam kül oldu. Günahı gəncdə gördülər. Hiyləgər qonşu qızı onun üzünə dayandı ki, yanğından qabaq karvansaraya gəlmiş, Tuncayı orada görmüşdür. Yəqin ki, karvansaranı da o yandırıb. Hamı diliqurumuş qonşu qızının sözünə inandı, Tuncayı daş-qalaq edib, eldən qovdular. Ağca gözüyaşlı qaldı.

Tuncay bu tənələrdən, haqsızlıqdan başını götürüb getməkdə olsun, sizə kimdən deyim, kimdən xəbər verim, karvansara sahibindən. O, şagirdinin karvansaranı yandırmasına inanmaq belə istəmirdi. Odur ki, axtarıb bir falçı tapdı, fal açdırdı. Falçı söylədi ki, oğlanın bu işdə heç bir günahı yoxdur, yanğını bu məmləkətə təzə köçən bir qız törətmişdir. Tuncayın başı üstündə şamlar yanır, o öz elinə qayıdacaq və bu yurda sahib çıxacaq, şah olacaqdır.

Hə, Tuncay öz el-obasından, sevgilisindən gözüyaşlı ayrılıb yola düşdü. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi, diz qabırğada, ayaq üzəngidə getməyə başladı. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib cinlər diyarına yetişdi. Cinlər Tuncayı görən kimi üstünə atıldılar:

- Ey bəni-insan, sən kimsən, nəçisən? Nə cürətlə bura gəlib çıxmısan?

Tuncay pis insanların əlindən qacdığını söylədi və yalandan bu diyarı axtarıb-tapdığı üçün sevindiyini deyib, onları inandırdı. Cinlər gecələr oğurluqla xəzinə yığar, çörəyin nə olduğun bilməzdilər. Tuncay cinlər diyarında yaşamağa məcbur oldu və əl altından yavaş-yavaş onların bütün sirrlərini öyrənməyə başladı. Dostlaşdığı bir cinin üstünə dəmir sancaq taxdı ki, qaçmasın, ona yer şumlatdı, taxıl əkdirdi, ev tikdirdi. Dönüb oldu cinlərin ən inamlı, yaxın adamı. Cinlər padşahı da gəncin ağıllı, bacarıqlı olduğunu görüb, onu özünə vəzir təyin etdi..  

Zaman sürətlə keçdi, Tuncay öz el-obası üçün çox darıxdı. Hər gecə yuxusunda anasını, sevgilisini gördü. Öz mahalına, elinə dönmək istədi. Bir gün cinlərdən öyrəndiyi cadu-əfsunu oxuyub, görünməz oldu, cinlərin yığdıqları bütün xəzinəni ələ keçirdi. Dostlaşdığı cinin belinə minib onu evlərinə aparmağı əmr etdi. Beləcə, bir illik yolu bir günə gəlib, doğma yurda yetişdi. Bir evdə axşamladı. Ev sahibindən öyrəndi ki,   karvansara sahibi dünyasını dəyişmiş, bütün malını-madarını ona vəsiyyət etmişdir.

Səhər açıldı, Tuncay şəhər əhlinin meydana tərəf axışdığını gördü. O da onlara qoşuldu. Bu vaxt bir quş gəlib düz gəlib onun başında oturur. Sən demə, bu şahlıq quşu - Humay quşu imiş. Şah ölmüş, şəhər əhli özlərinə yeni şah seçmək üçün quşu üç dəfə uçurtmuş, üçündə də quş gəlib Tuncayın başına qonmuşdu. Beləcə, camaat Tuncayı taxta çıxardır, özlərinə şah seçirlər. Tuncay şah seçiləndən sonra hiyləgər qonşu qızını qatıra bağlayıb, ölənə qədər sürütdürür, Ağca ilə kəbin kəsdirib, qırx gün, qırx gecə toy edir, ömürlərinin sonuna qədər şad-xürrəm yaşayırlar. Çörəyi bol olan ağ damlı şəhərin sakinləri ağıllı şahları ilə firavan yaşayıb, ömür sürürlər.

Burada nağıl tamama yetdi, hamı durub evinə getdi. Mən də ağ damlı evimə getdim. Evə girdim, göydən üç alma düşdü, üçü də öz ağzıma düşdü, nə edim ki, sizə çatmadı.  

 

Hə, nağılsevərlər. Söylədiyim nağılda  həqiqət də var. Sonralar ağ damlı evlərin elində - Ağdamda həmin dəyirmanın və karvansaranın yerində çörək muzeyi yarandı. Çörəyi göz bəbəkləri kimi qoruyanlar, illərlə bu sehirli dəyirmanı da qoruyub, yüz illər tarixi olan abidəyə çevirdilər. İnanırıq ki, yenə də uzaq ellərdən insanlar həmin yerlərə çörək ətrinə gələcəklər.

 

 “Ədəbiyyat və incəsənət”

(26.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.