Sumqayıtda Gülnarə Cəmaləddinlə görüş keçiriləcək

Sabah - yanvarın 27-də saat 12.00-da Sumqayıt şəhərinin Səməd Vurğun adına Mərkəzi kitabxanasında maraqlı bir görüş təşkil olunacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsindən daxil olan məlumata görə, bölmənin sədri, şairə Gülnarə Cəmaləddinlə oxucuları görüşəcəklər. 

 

O nə Misri idi oynadın, qadın,

Yandı ürəyimin başı, göynədi.

Yer qaçdı ayağım altından, qadın.

Bu yurdun torpağı, daşı göynədi.

 

İllərdi bu yurdun qızı, gəlini,

Cəngi havasına oynayır, qadın.

Sənin çəkdiyini nə bilsin naşı,

Qanın niyə coşub, qaynayır, qadın?!

 

Oyna, Misri deyən dilinə qurban,

Bircə qatlanmasın dizlərin, qadın.

Bax belə ,başını dik tut, əyilmə,

Qoyma yaşla dolsun gözlərin, qadın.

 

Misri havasına qolun götürüb

Şəhid balasını ağlayan qadın.

Yerlərə, göylərə meydan oxuyub

Dərdiylə dünyanı dağlayan qadın.

                                     

Sağ ol, sınmaz yerim, fəxrim, qürurum,

Tarixi tarixə bağlayan qadın.

Qaldırıb bayraq tək Ana adını

Daim ucalarda saxlayan qadın!

 

Şəhid analarına həsr edilən bu şeir onun qələminin məhsuludur. Şeirləri maraqla oxunur, bəyənilir, paylaşılır. 

Arzu edənlər görüşdə iştirak edə bilərlər. 

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.