Parisdə yaşayan əski azərbaycanlı milyonçu

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

1920-ci ilin 28 aprelində bolşeviklər yerli satqınların köməyi ilə Azərbaycan Xalq Cümhuriyyətini süqut etdirərək ölkəmizi işğal etdilər. Və qırmızı repressiya illəri başladı. Milli düşüncəli, vətənpərvər, varlı hər bir kəs təqib edildi. Həmin dönəmdə 

bir çox dövlət xadimlərinin, görkəmli ziyalıların ailələri ölkəni tərk etmək məcburiyyətində qaldı. Belə təzyiqlə üzləşən ailələrdən biri də cümhuriyyət dövründə ticarət və sənaye naziri vəzifəsini icra edən Mirzə Əsədullayevin ailəsi oldu. Bu gün o ailənin bir üzvü barədə danışacağıq. 

 

Mirzə Əsədullayev məşhur Azərbaycan milyonçuları - Şəmsi Əsədullayevin oğlu və Ağa Musa Nağıyevin kürəkəni idi. Onun həmin dönəmdə 15 yaşında bir qızı var idi, Ümbülbanu adında.

Ümbülbanu 1905-ci ilin yanvarında Bakıda anadan olmuşdu, məlum hadisələrə görə atası həbs ediləndə Vətənindən didərgin düşdü. Tale onu Fransaya apardı.  O, sonralar “Banin” təxəllüsü ilə Fransa ədəbiyyatının tanınmış simalarından birinə çevrildi. Və ömrünün sonunadək Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı kimi məşhur olan, dostları tərəfindən “Qafqaz gözəli”, “Şamaxı şahzadəsi” adlandırılan Ümbülbanunun bu gün - bu qarlı-şaxtalı yanvar günündə 119 yaşı tamam olur.

O, gözümü açanda anası artıq dünyasını dəyişmişdi. Onun dünyaya gəlişi kimi, sonrakı həyatı da rəvan keçmədi. Hakimiyyətə gələn bolşeviklər atasını həbs etib, babalarının var-yoxu da əllərindən alırlar. O, atasını həbsxanadan qurtarmaq, ölkədən çıxmaq üçün istəmədiyi, lakin hörmətli bir şəxsə ərə gedir. O, 19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə yollanır. Fransada maneken, mağazada satıcı, dəftərxanada katibə, tərcüməçi işləyir. Sonradan Banin fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə almağa başlayır.

Onun 1946-cı ildə çap olunan “Qafqaz günləri” kitabı müəllifinə ilk uğur qazandırır. Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Nikos Kazaçakis, Anri Monterlen, Ernest Yungen kimi qərb yazıçılarında Baninə rəğbət yaranır. İkinci Dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernest Yungenlə Baninin dostluğu yarım əsrdən çox davam edir. Banin hətta Yungen haqqında kitab yazır.

Ümbülbanunun uşaqlığının ağlı-qaralı xatirələri “Qafqaz günləri” kitabında əks olunub. Bundan sonra yazdığı “Paris günləri”, “Ernest Yungenlə görüş”, “Mən opiumu seçdim”, “Sonra”, “Sonuncu ümidin çağırışı” və digər romanları ona geniş oxucu rəğbəti qazandırır. Son kitabı – “Mariya mənə nə danışdı” romanı 1991-ci ildə, ölümündən bir il əvvəl işıq üzü görür.

Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl tərcümələri ilə tanınırdı. O, İvan Buninin və Fyodor Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən sayılırdı.

İlk dəfə onu Azərbaycan oxucusuna diplomat Ramiz Abutalıbov tanıdıb.

Fransız mühitinə qaynayıb-qarışmasına baxmayaraq, Ümbülbanu soy-kökünü heç vaxt yaddan çıxarmayıb. O, Qarabağda baş verən hadisələri həyəcanla izləyib. Parisdəki “Azərbaycan evi” assosiasiyasının üzvü olan Banin Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələri ilə bağlı məqalələrlə çıxış edib.

Fransanın “Fiqaro” qəzeti 1992-ci il oktyabrın 29-da olduqca kədərli bir məlumat yayır: “İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib...”.

Ömrünün axırınadək Vətənə gələ bilməyən, Azərbaycan həsrəti ilə dünyadan köçən Ümbülbanu qələmi ilə Azərbaycanı dünyada və Fransada tanıdıb. Bu gün onun yazdıqları həmvətənləri və dünya oxucuları tərəfindən maraqla oxunur. Özü Vətənə qayıda bilməsə də, əsərləri bu gün bizimlədir.

Ruhu şad olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.