"Böyük kitab" milli ədəbi mükafatı Rusiya Federasiyasının ən nüfuzlu ədəbiyyat mükafatlarından biri sayılır, 2005-ci ildə Rusiya Milli Ədəbiyyatına Dəstək Mərkəzi tərəfindən təsis edilib. TASS, Rusiya Elmlər Akademiyasının Rus Ədəbiyyatı İnstitutu, Rusiya Kitab İttifaqı, Mədəniyyət Nazirliyi və başqaları həmtəsisçilər kimi çıxış edirlər. Hər il münsiflər heyətinin seçimi ilə üç mükafat verilir, əsas mükafatın pul məzmunu - 3 milyon rubl, ikincisi - 1,5 milyon rubl, üçüncüsü - 1 milyon rubldur. Əlavə olaraq, bir mükatçı da xalq səsverməsi yolu ilə seçilir. Bu il 16-cı dəfə "Böyük kitab"mükafatı öz laureatlarına qismət olub. Yazıçı Leonid Yuzefoviç (şəkildə) "Filellin" romanına görə "Böyük kitab" Milli Mükafatına layiq görülüb. Bu, həftəsonu Paşkov Evində keçirilən təntənəli mərasimdə elan edilib. Yuzefoviç mükafatın bir hissəsini Sasıl-Sısı adlı yakut kəndinin konservasiyası, qorunub saxlanması üçün verəcəyini vəd edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “Kommersant deyli” nəşrinə istinadən məlumat verir.
Mərasimdə yazıçı söyləyib: "Burada sənədli romanıma görə "Böyük kitab" mükafatını aldım. Romanda hadisələr Yakutiyada baş verir. Mən əvvəllər də Yakutiyada olmuşam, amma heç vaxt qırmızı komandir İvan Strod və ağ general Anatoli Pepelyayev arasında döyüş baş verən həmin kənddə olmamışam. İki ay bundan əvvəl nəhayət orada oldum. Bu, ağır səyahət idi, amma hər halda, mən ona tab gətirdim, mənim yaşımda bu, asan deyildi. Demək istəyirəm ki, bu səfər mənə o qədər güclü təsir bağışladı ki, ümumiyyətlə, son illərdə gördüyüm hər şeyi kölgədə qoydu. Və budur, bu mükafatın bir hissəsini Sasıl-Sısı kəndində nə qalıbsa, onun konservasiyası üçün verəcəyəm".
Media nümayəndələri ilə söhbətində mərasimə qatılmış yazıçı Vladimir Berezin qeyd edib ki, Yuzefoviçin "Filellin" romanı sevgi haqqında yazılmışdır, bu süjetdə ən qiymətli olan odur ki, insan emosiyaları arxaik deyil, zamandan kənarda başa düşüləndir. O qeyd edib ki, bu, hətta aktual siyasi romandır.
İkinci yeri yazıçı Maya Kuçerskaya "Leskov: nəsr olunmuş Dahi" əsəri ilə tutub. "Müəllifdən başqa onun dünyaya gəlməsində maraqlı insanlar yoxdursa, heç bir kitab dünyaya gələ bilməz. Yazıçı olmaq çətindir, amma bu işdə bizə kömək etdiyiniz üçün təşəkkür edirəm", - deyə Kuçerskaya qeyd edib.
"Böyük kitab" Ekspertlər Şurasının sədri Mixail Butov bildirib ki, Leskovun yeni tərcümeyi-halına ehtiyac çoxdan hiss olunur. "Daha çox oxucu üçün Nikolay Leskov ən əhəmiyyətli rus yazıçılarından birinə çevrilir. Bununla yanaşı, o, hər hansı bir inersiya üzrə hələ də "ikinci sıra" yazıçısı sayılır", - deyə Butov qeyd edib. Onun sözlərinə görə, Kuçerskaya öz kitabında yazıçının həyat faktlarına qarşı qərəzsizdir, indi mütləq qalmaqallı adlandırılacaq süjetlərin gündəmə gəlməsi dönəmində belə süjetlərə əsla yer verməyib.
Üçüncü yerdə Viktor Remizovun "Əbədi murdarlıq" əsəri qərarlaşıb. "Əbədi mürdarlıq" bir çox insanların mənə köməyi sayəsində yaranıb. Onların hamısına mənim böyük minnətdarlığım var. Amma xüsusi təşəkkürü Mən Krasnoyarskın "Memorial" cəmiyyətinə ifadə etmək istəyirəm. Onların dərin, ciddi, uzun və fədakar əməyi olmadan bu kitab sadəcə olmazdı", - deyə o bildirib. "Əbədi murdarlıq" kitabında İosif Stalinin son nəhəng industriya layihəsi olan Transpolyar dəmir yolunun tikintisində baş verən dəhşət saçan hadisələrdən bəhs edilir.
"Ədəbiyyata verdiyi töhfəyə görə" xüsusi mükafat V. Dal adına Rusiya Ədəbiyyatı Tarixi Dövlət Muzeyinə verilib.
Və ən nəhayət, bizi narahat edən bir nəsnə barədə də söz açmaq istəyirik. Rusiya kinoindustriyasında böyük pay sahibi olan ermənilər öncə mediada da söz sahibi olmaq çabaları göstəriblər və bunlar öz bariz nəticəsini ortaya qoymaqdadır. Hazırda isə onlar Rusiya ədəbiyyatında da ən müxtəlif yollarla aparıcı mövqelərə soxulmağa çalışırlar. Ən böyük ədəbiyyat müsabiqələrində jüriləri pulla, hədiyyələrlə, tapşırıqla ələ almaq ermənilərin ədəbiyyat siyasətində dominantlıq təşkil edir. Səsvermə, rəy sorğusu şəklində seçimlərdə isə mütləq toparlanıb, qüvvələrini cəmləşdirib qalibiyyət əldə etməyə çalışırlar. Necə ki, nüfuzlu “Böyük kitab” mükafatında olduğu kimi. Mükafatvermə mərasimində bir nominasiya da xalq səsverməsidir. İnternet üzərində keçirilən bu səsvermədə təbliğat səyləri ilə minlərlə erməninin iştirakını təmin etməklə erməni fəalları qadın yazıçı Narine Abqaryanın "Simon" romanına birincilik qazandırıblar, halbuki Narine Abqaryanın sözügedən romanı ikinci yerdə qərarlaşan Aleksey Polyarinovun "Rif" romanından, eləcə də üçüncü yeri tutmuş Marina Stepnovanın "Bağ" romanından dəfələrlə zəifdir.
Çox təəssüf ki, düşmən fəaliyyətini mədəniyyət cəbhəsində get-gedə artırır, bizsə bu sayaq şeylərə əsla əhəmiyyət vermirik. Elə əhəmiyyət verməyə-verməyə də informasiya müharibəsini uduzmaqdayıq.