3 seçilmiş! - ƏDƏBİ TƏNQİD Featured

Əli Bağış (Savalan Qorqud Daşdəmir) yazır

 

“Ədəbiyyat və incəsənət”in təqdimatında

 

“Günəşi sağ əlimə, ayı sol əlimə qoysalar belə, yenə yolumdan dönmərəm!
Muhəmməd RəsulAllah


“Tanrı göydən dərdi məni,
Yerə göndərdi məni”
Ramiz Rövşən

 

Heç bir zaman əhliləşməyən, öz tutduğu yoldan dönməyən, Qiyamətdəki Qurd.

 

15 dekabr 2023-cü ildə 77 yaşı tamam olan nəhəng şair, böyük fikir və əqidə adamı, dahi Ramiz Rövşənin 2-ci ən böyük poeması “Canavar ovu” barədə bəzi fikir və mülahizələrimi yazmaq istədim.
Əziz dostum və böyük şairimizə elə kiçik doğum günü hədiyyəsi kimi də düşünmək olar!
Poema, dahiyanə, sufi-ekzistensial “Süd dişinin ağrısı”poemasından fərqli olaraq həm metafizik, həm alleqorik, həm də bədii üslubda yazılmış möhtəşəm sənət əsəridir.
O, 5 yaşında ata yurdu Qubadlıda bir qış günü xalasıyla qonşu kəndə yol gedən zaman qarşılaşdığı Canavarı 32 il sonra ölümsüzləşdirib...
Əsər 5 nəzm və 5 nəsr bölümündən ibarətdir.
Həyatda olduğu kimi, dialoqu xoşlamayan şair bu möhtəşəm poemada da yalnız monoloqdan istifadə edib.
2-ci bölmədə (Uşaqla ) və 5-ci bölmədə (Allahla) Canavarın monolqu, doğrudan, valehedicidir.
1,3 və 4-cü bölümlər isə şairin Allah, insan, azadlıq, tənhalıq, deqradasiyaya uğramış cəmiyyət barədə fikirlərinin Canavar timsalında ifadəsidir!
Bir dəfə (çoxlu görüşlərimiz olur) şairdən soruşdum ki, Ramiz müəllim, Canavarı göydən kəndə niyə apardınız ki?
Gülüb belə cavab verdi, mən Canavarı kəndə aparmadım ki, özü məni kəndə apardı…
Doğrudan da, “Dəstəyi Allah əlində” olan Canavar axı hər canlıya nəsib olmayan “Azadlığın tənhalığı”ndan imtina edib bütün eybəcərlikləri özündə ehtiva edən ikiayaqlı məxluqlar dünyasına (Taifə) niyə girsin ki?!

Göydən enən Canavar, bəlkə, elə öz “azadlığının tənhalığı”ndan qaçıb o kəndə (Taifə), öz ölümünə sığınırdı?
Ruhən, mənən aclığı Canavarı maddi aclığa sürükləyirdi.
Ulaya-ulaya özü kimi tənha olan bayquşu axtaran, ,,Allah kimi alınıb-satılmayan “ yalquzağın vahiməli səsi şairi belə qorxudur!!!
Birdən o səs Allaha çatar və Allah özü yaratdığı iki əbədi tənhaya -Bayquşa və Canavara həmdəm olmaq üçün Yer üzünə enərdi.
Allahsız ovçular Allaha atəş açardılar və Qiyamətdən öncə Qiyamət qopardı...
Amma göydə Allah, yerdə şair buna imkan vermədilər!
...Sus, ulu yalquzaq, ulama, bəsdi,
bəsdi, çək gözünü bu göydən daha.
Yaxşı ki, bir bulud aranı kəsdi,
yaxşı ki, çatmadı səsin Allaha...

 

Doğulmamışdan atasını, 6 yaşında anasını itirən, yetim qalıb tək-tənha böyüyən Muhəmməd rəsulAllah, nəbilik gəldikdən 10 il sonra Məkkədə çoxlu zülm, əzab görməklə bərabər, çox az tərəfdar topladığından ən sonda yeni dinini təbliğ edib daha çox tərəfdar toplamaq məqsədi ilə Məkkənin 70 km cənubundakı müşrik ərəblərin 3 ən böyük bütündən biri olan Əl-Latın yerləşdiyi Taifə doğru üz tuturdu...

 

“Şair, hökmdarın hüzurundasan!”
yazıldığı qanlı-qadalı, ölümlü-itimli, xəyanətin, satqınlığın diz boyu yürüdüyü zamandan -1937-dən 9 il sonra nə ana, nə ata tərəfində yazı-pozu adamı olan, qosqoca Bakının qədim kəndi Əmircandan bütün Azərbaycana, özünəqədərki bütün stereotipləri darmadağın edəcək bir dahi doğulurdu...

 

Və bulaq başında yalquzağın Əjdər kişinin 13 yaşlı oğluyla və onun quzusuyla sorğu-sualı başlayır!
Əsatirlərimizdə Qiyamətə qədər dözüb yaşayan, Qiyamətin tufanında dərisi boğazından çıxana qədər caynaqlarını torpağa batırıb dayanan və dözən nəhəng yaradılmış Yalquzaq, müdrik qocaya (şairə) reinkarnasiya olub,Yaradana, onun yaratdığı ikiayaqlı və dördayaqlılara suallar ünvanlayır:
“Sən 13 yaşında dəcəl uşaqsan,
Mən 13 yaşında qoca yalquzaq”
Və ya
“Ay Allah bəndəsi, biz ki yaşıdıq,
Niyə mən qocayam, sən uşaq?..”desin
Və ya
“Yoxsa ayrı vaxt var hərədən ötrü;
Canavar vaxtı var, adam vaxtı var?!”
Və ya 
“Niyə quşun vaxtı quş kimi uçmur,
Qarğalar 300 il yaşayır niyə?!”
Yalquzaq gözüylə yaratdığı dünyanın “ədalətsizliyindən”
Yaradana şikayət edən Yalquzaq (şair)
sonra 13 yaşlı uşağa yaşadığı və yaşamağa məhkum olduğu fani dünyanın ən böyük eybəcərliklərindən birini -”yaşamaq uğrunda mübarizə”nin “şirinliy”ini izah edir:
“Tanrı hər quzuya bir qurd göndərib,
Hər qurda bir quzu, haqq-hesab budu.
Bu cığal dünyada min ildən bəri
Bəlkə də, ən düzgün haqq-hesab budu”.
Yalquzaq (şair) demək istəyir ki, oğul, güclü olub zalım olacaqsan, zəif olsan, məhv olacaqsan!
Hər ikisi Allahsızlıqdır!
Ədalətli olacaqsan, mənim balam ədalətli!!!
Bəşərin qurtuluşu ədalətdədir!

...Taifin kənarlarına çatan RəsulAllah Muhəmməd, oğulluğu Zeydə ədalətli olmağı, yalnız və yalnız ədalətli olmağı təlqin edirdi!
Zeyd dayandı və soruşdu:
- Ədalət nədir, ya RəsulAllah?
- Oğul, ədalət - özünə rəva görmədiyin heç bir şeyi başqasına rəva görməyəcəksən deməkdir!..

Ən sonda Yalquzaq (şair) quzuya insan dünyasının “gözəlliy”ini anladır:
“Sən də belə qorxma ölümdən, quzu, 
İnan dünyagörmüş bu yalquzağa.
Canın qurtaracaq zülümdən, quzu,
Bıçaq görməyəcək boğazın daha...

Bilirəm, o evdə əzizlənirsən,
Hamı sevə-sevə aldadır səni.
Sənə öz əlindən qənd yedizdirən
Bu dəcəl uşaqdı cəlladın sənin”
Stop!
Və quzu birdən-birə ikiayaqlının daha təhlükəli, daha riyakar, daha ikiüzlü olduğunu anlayır.
Və sevinir ki, bu ikiayaqlılardan fərqli olaraq,Yalquzaq onun ətini yeyib, sümüklərini “ölüncə qab dibi yalayan” köpəklərə atmayacaq, onu bütövlükdə udub, Quzunu (qurbanı) Yalquzağa (cəllada) çevirəcək!..

Doğrudan da, faşist həbs düşərgələrində nasistlərə xidmət edən yəhudilər (qurbanlar)
(O yəhudiləri nasistlər “Kapo” adlandırırdılar) öz millətinə qarşı nasistlərdən daha çox qəddarlıq (cəlladlıq) edirdilər...

“...Fikir vermə-
mələdikcə 
qoy mələsin o quzu,
Səni aldadır eləcə
həzin-həzin o quzu.

İlan dili çıxarsa da,
inanma yalandı daha.
Bu qurd da, o quzu da
ikisi bir candı daha.

Yıxılsan, elə bilmə ki,
qurd özü udacaq səni.
Yox, bu qurdun qarnındakı
o quzu udacaq səni...”

Canavarın quzunu apardığını oğlunun bağırtısından duyan Əjdər kişinin tüfəngi götürüb (!) bulağa sarı qaçarkən qızının quzunun boynuna bağlanmış lentini tapmağını şair çox milli bir şəkildə yozur:
Əjdər kişi quzunun qanına boyanmış lenti tapanda elə bildi ki, canavar quzunu yox, onun qızını qaçırıb...
Və Əjdər kişi ”Oğraş!” deyə bağırıb göyə iki güllə atdı!
Stop!
Şair tüfəngə sığınan, tüfəngə güvənən insanın Canavar (təbiət) qarşısında acizliyini, zəifliyini ecazkar şəkildə belə ifadə edir:

Hanl sənin hirsin, kinin?
-Bu tüfəngin içində.
Bu tüfəngin içindədir
Sənin bütün gücün də!

Səcdə qıl bu tüfəngə sən,
Uca tut onu din kimi,
Bu tüfəngin içindəsən
Çıraq içində cin kimi.

 

Bu tüfəngin içindəsən,
Uyuyursan xısın-xısın.
Lüləsi-
gözündən iti,
Gülləsi-
qolundan uzun...”


Bütün sovet və bəzi sol təmayüllü qərb ədəbiyyatında insanın mütləq təbiəti ram edəcəyi, təbiətə qalib gələcəyi bir doktrina kimi irəli sürülüb.
Dahi Nazim Hikmət belə illüziyaya qapanıb:
“...Akın var,
güneşe akın!
Güneşi zapt edeceğiz,
güneşin zaptı yakın...”
yazmışdı.
(Bütün təbiət fəlakətlərinə: daşqın, zəlzələ,vulkana qarşı bütün dünya ölkələrindən daha çox hazırlıqlı olan Yaponiya kimi dünyanın 3-cü iqtisadi gücü sunami qarşısında rəsmən əlacsız qaldı!)
Ağlından başqa Yaradan tərəfindən heç bir mühafizə (Çeyran kimi qaçmaq, balıq kimi üzmək, şahin kimi uçmaq, möhkəm pəncə, iti diş, zəhər və s. kimi hücum vasitələri) sistemi olmayan insan ən müasir elm, texnika, silah kimi nəsnələrə sahib olan kimi onu yaradan Təbiətə (Allaha) qarşı, O-nun mükəmməl yaratdığı düzənə qarşı savaşa başlayır!
Bəlkə, elə buna görə Uca Yaradan öz müqəddəs kitabında - Quranda “insan nankordur “deyə dəfələrlə vurğulayır!
Haşiyələr:
1-ci haşiyə
SSRİ tarixində ölkədən ən ağlasığmaz qaçışı edən adam Stanislav Kurilovdur!
14 dekabr 1974-cü ildə kruiz layneri ilə Vladivostokdan ekvatora və geriyə (heç bir porta dönmədən) üzən gəmi ilə Filippin yaxınlığında gəmidən okeana atılıb 3 gündə 100 km (!) məsafə üzən Kurilovdan jurnalistlər soruşanda ki siz okeandakı canlılardan qorxmadınız? (“Okeanda tək adam” kitabı rusca internetdə var)
Kurilovun cavabı çox maraqlı olur:
Bir neçə saatdan sonra insan okeanla elə harmoniyaya girir ki, elə bilirsən, sən də bu canlılardan birisən. Akulalar kimi, delfinlər, müxtəlif canlılar kimi!

2-ci haşiyə 
Yapon Kvantun ordusunun zabiti Hiroo Onoda 1944-cü ildə Filippində (yenə Filippin) partizanlıq etmək əmri alır və 29 il (!) Amerika ordusuna qarşı savaşır.
1973-cü ildə (Bu barədə ingiliscə “Təslim olmadım” kitabında yazıb)
ən sonda ona əmri vermiş mayoru tapırlar, o, silahı yerə qoymağı əmr edir!
Hiroodan jurnalistlər soruşur ki, bu 29 ildə meşələrdə vəhşi heyvanlar, zəhərli sürünənlər, zəhərli böcəklər arasında siz necə yaşadınız?
O belə cavab verir ki, bir aydan sonra sən də onların bir parçası olursan, onlarla harmoniyada yaşayırsan!

...Məkkə müşriklərinin tapındığı 13 ilahdan ən böyük üçü belə adlanır:
1.Hübal
2.ƏL-Lat
3.ƏL-Uzza
ƏL-Lat bütü bərəkət və əkinçilik tanrısıdır. Bu ikinci tanrı Taif qəsəbəsində yerləşirdi.
Muhəmməd rəsulAllah və oğulluğu Zeyd təkallahlığı yaymaq üçün Məkkədən 70 km cənub-qərbdə yerləşən Taifə 2 günlük yolçuluqdan sonra yetişdilər.

 

Şəvval ayının 27-si idi.

RəsulAllah taiflilərin qəbilə başçılarına Allahdan başqa Allah olmadığını, özünün də O-nun elçisi olduğunu dönə-dönə izah etdi.

10 gün ərzində  bütün dediklərinə, gətirdiyi dəlillərə baxmayaraq ( Allah rəsulunun bir ləqəbi də Əmin idi, yəni doğruçu, düzgün. Bunu taiflilər də bilirdi), Taifin qəbilə rəisləri eynən Məkkənin qəbilə rəisləri kimi həqarət etməyə başladılar:

-Allah elçi göndərmək üçün sənin kimi yetimdən başqa birini tapa bilmədimi?!

Sən yalançısan.Torpaqlarımızdan çıx, hara gedirsən, get. Qövmün və həmşəhərlilərinin dediklərini qəbul etmədiyini görüncə bizləri dədə-baba dinimizdən döndərməyəmi gəldin?!”

Və  insanlığa “Rəhmət olaraq göndərilən”i qovdular.

Allahın elçisi bütpərəstlərin bu hərəkətindən çox qəmgin və mütəəssir halda qəbilə rəislərinin evindən çıxanda uşaqların, cavanların, qız və qadınların yolun iki tərəfi boyunca sıraya düzüldüyünü gördü. Özü öndə , Zeyd arxasınca taiflilərin cərgəsi arasında keçərkən daş, tüpürcək, söyüş yağışı başlandı. Uşaqdan böyüyə kim əlinə nə keçsə, Allahın Elçisinin üzərinə atırdı. Zeyd O-nu bacardığı qədər qorumağa çalışsa da, qanlar içərisində olan üz-gözünü belə silə bilmirdi.

Ayaqlarına atılan daşlardan axan qan ayaqqabılarına axır, yerdə iz buraxırdı. Taifli qadınlar sidik və nəcasət dolu qabları köməksiz qalmış bu iki Allah fədaisinin üzərinə tökürdülər...

Yağan saysız-hesabsız daşlardan (“Sənə bir daş atar yerindən duran, Səni sevdiklərin daş-qalaq eylər...”) canlarını zorla qurtarıb Taifdən kənardakı üzüm bağlarına sığındılar. Rəhmət və Bağışlanmaq üçün göndərilən yenə bəla istəmədi və yalnız belə dedi:

- Allahım, qüvvətsiz və çarəsiz qaldığım, xalq tərəfindən bu hala düşdüyüm üçün Sənə şikayət edirəm...”

Bəzi araşdırmalara görə, bu zülm yolçuluğu 2 km-dən çox olub. Azğınlaşmış insanlar it sürüsü kimi iki saatdan çox Allahın Elçisini qovmuşdular...

 

“Qovur, qovur səni bu it sürüsü,

Bu qorxaq itlərin  

                               igid sürüsü.

Ağızları  

                 köpüklənə-köpüklənə,

Bir-birinə güvənib

                         ürəklənə-ürəklənə

                         qovur səni bu itlər...”

 

“İtlər hürüşdü, adamlar çığırışdı:

- Kəndə canavar girib, canavar!.. Qoymayın, qaçdı!..Yolunu kəsin,vurun öldürün!..

...Əslində, o canavar özü də bu dəqiqə heç onu qovanları görmürdü. Kəndin içiynən arxasına baxmadan qaçırdı və arxadan onu qovan adamların söyüşünü, onu qovan itlərin hürüşünü eşidirdi...

...Dəyib bir-birinə evlər, həyətlər,

Bu nə qovhaqovdu, nə vurhavurdu?

Gör necə qudurub it oğlu itlər,

Qovur küçə-küçə qurd oğlu qurdu.

 

Ölüncə qab dibi yalayanların

Sən bir hirsinə bax, hikkəsinə bax.

Qapılarda quyruq bulayanların

Qabağından qaçmaq

zülmdü, Allah!..” 

 

Stop!

1970-ci ildə Ramiz Rövşənin  “Gənclik “nəşriyyatı tərəfindən ilk kitabı çap olundu. Tiraj 4500 ədəd, qiyməti isə 14 (!) qəpik.

Müəllifin ilk kitabının adı “Bir yağışlı nəğmə “ idi.

Kitabda gənc müəllifin 55 şeiri yer almışdı.

Və Azərbaycan sovet ədəbi mühitində sözün həqiqi mənasında bir “Xirosima bombası” partlayışı effekti yaratdı.

Nə Lenin, nə partiya, nə kolxozçu, nə zavod fəhləsi, nə sovet sisteminin “nailiyyətləri”ni tərənnüm edən bir misra belə yox.

Ya bu kitab 100 il keçmişdən gəlmişdi, ya 100 il öncədən gəlmişdi...

Özünə qədərki bütün sovet ədəbiyyıtına məxsus stereotipləri darmadağın edən şeirlər idi.

“Partbiletim sol cibimdə, ürəyimin başındadır”. “O kimdir, külüngü dağ kimi vurur, Keçici bayrağın yanında durur”, “Mən hansı bir insana bənzədim ki Lenini”, “Bəli, Avroradan Qış sarayına atılan topları biz atmalıydıq”, “Leninləşir bütün bəşər, Bütün ellər, qəbilələr”. “Leninlə söhbət” poeması, “Lenin zirvə” şeirlər kitablarının tüğyan etdiyi zaman “Yatar oğlanların pişik yuxusu Qızların evinin pilləkanında” və ya “Təkcə gücsüzlüyündən yıxılmır, atam balası, Arabir gücündən yıxılır adam..”, “Ölməyə yox, İlahi, Yaşamağa vətən ver!..”, “Qadınlar düşdülər Allahın arxasınca. Allah zəmini biçirdi, Qadınlar dərz bağlayırdılar” kimi şeirlər yaza bilmək ən azı cəsarət idi...

55 eyni ruhlu şeirə görə Ramiz Rövşənə Azərbaycan yazıçılarının plenumunda (!) 3 günlük məhkəmə qurulur və onu 3 gün “qovurlar”.

Axı necə olur ki, sən bizim kimi daha çox “pay” almaq üçün “quyruq bulamırsan?” Sən kimsən belə? Bizim qurduğumuz dünyanın-“Saray şairi”evimizin bünövrəsinə əxlaqlı şeirlər dinamiti qoyub partladırsan?

24 yaşlı gənc şairi mənən asmaq üçün Qolqofa  yollayırlar.

Şair  ara-sıra çap olunsa da, yalnız 16 il sonra ikinci kitabı - “Göy üzü daş saxlamaz” çapdan çıxır.

Birinci kitabdan sonra sağ qalanlar və sonradan böyüyənlər yenidən şairlə savaşa qalxırlar.

Ən sevdiyim şairlərdən birinin “Göy üzündə daş nə gəzir?” kimi guya Ramiz Rövşəni yıxıb sürüyən böyük yazısı çap olunur.

Bir-iki məqamı nəzərə almasan, çox qərəzli və kitabın mahiyyətindən anlamayan bir yazı kimi oxucu yaddaşıma həkk olunub...

1970-ci ildən başlayan anti-Ramiz Rövşən hərəkatı 48 ildir davam edir.

“...Bir vaxt iri köpəklər hürərdilər üstümə,
İndi xırda küçüklər hürüşür addımbaşı.
Hürməkdə o köpəklər
yaman ustaydı, usta,
Bu küçüklər hələ ki
bir az naşıdı, naşı...”

O “şair”lər şairə “daş atır”lar ki, bütün yaradıcılığında Ramiz Rövşən qırmızı xətt kimi keçir. Hamısının yaradıcılığında şairin “Nəğmələr”i var... Amma elə həvəslə, elə ürəklə “oturduqları ağacı” baltalayırlar ki, hərdən bu yazıqlara demək istəyirsən, Ramiz Rövşən var deyə, sizlər də şair sayılırsınız. O, olmadığı gün sizlərin qiyaməti başlayacaq...

 

Canavar qaçır, itlər, adamlar qovur.

“bu kəndi bürüyən nədi?

Sənin qorxundu, qorxun!

Arxanca yüyürən nədi?

Sənin qorxundu, qorxun...”

Canavar o it və insan sürüsündən yox, öz qorxusundan qaçırdı.

O qorxu –“ o mundar itlərə yem olmaram mən” qorxusu idi.

O qorxudan canını qurtaran Canavar kənd qəbiristanına üz tutur.

 

“...Ora üz tut, ora yüyür,

Üz tut qəbrə-gora, yüyür!..

Ölümdən gizlənməyə,

Ölümü gözləməyə

Ondan yaxşı yer hanı?!”

 

Və Canavarın Allaha üz tutmağı, yəni sonuncu monoloqu başlayır:

“Burda dörd tərəfim başdaşlarıdı,

Çaşdım bu daşları görəndə, Allah.

Bu ətdən, sümükdən yaratdıqların

Yoxsa daşa dönür öləndə, Allah?

 

Diş kimi torpağa batıb bu daşlar,

Yoxsa diş çıxarıb bu torpaq belə?

Yoxsa bircə-bircə dadıb bu daşlar

Axırda hamını udacaq belə?...”

Diri İnsan Qorxusundan qəbiristana qaçan Canavar bu dəfə Daşlaşmış  İnsan Qorxusu ilə üz-üzə gəlir. Sonda qanına susamış Diri İnsandan və köpəklərdən Daşlaşmış İnsanın enli kürəyinə sığınır.

Hər yerdən əlacı kəsilən Yalquzaq sonda Yaradandan öz canavar cənnətinə qovuşmağı istəyir.

...Qıraqda deyil ki qurdun cənnəti,

Qurdun cənnəti də öz içindədi...

 

Mənim içimdədi cənnətim, Allah,

Tez ol, yetir məni o cənnətə sən.

Özün al canımı bu sabah-sabah,

Özün ötür məni o cənnətə sən...

“O yalquzaq gizləndiyi başdaşının arxasından sıçrayıb çıxanda Əjdər kişinin gülləsi onu havada haqladı. Özü də düz alnının ortasından dəyib bir göz qırpımında  canını aldı...”

Yalquzaq nə insanlara, nə də köpəklərə-yaradılmışlara təslim olmadı.

Onu Yaradana və Göndərənə canını təslim etdi...

 

İyun. 632-ci il. Mədinə şəhəri.

Aləmlərə Rəhmət olaraq Göndərilən sonuncu Rəsul can üstədi.

Yerinə yetirdiyi nəhəng bir missiyanın rahatlığı, o missiyanı yerinə yetirən zaman heç vəchlə, heç bir halda təslim olmamaq, güzəştə getməmək inadı, bütün məşəqqətlərə dözərək ümmətinə bəla istəməmək mərdanəliyi və Onu Göndərənə verəcəyi hesabat qorxusu içində idi.

Bu zaman vəhi mələyi göründü:

- Səni yoxdan Yaradan Sənə salam deyir. Arzu edərsə, ta Qiyamətə qədər onu yaşadaram.

Yanındakılar Allah Rəsulunun şəhadət barmağı, sevincdən dolan göz yaşları ilə yuxarını göstərdiyini gördülər və son sözlərini eşitdilər:

- Məni Rəfiqimə qovuşdur...

 

2030-cu illər .

Əmircan.

Ata evi.

60 yaşlarında Rövşən, arıqlamış, zəifləmiş halda yataqda uzanan dahi şairin, hər şeyi olan nəhəng Atanın yanında oturub göz yaşlarını saxlaya bilmir:

- Bir istəyin varmı, Ata?!

Şair zəifləmiş, heç bir zaman heç kimə əyilməyən, təslim olmayan vücudunun sağ əlinin barmağını yuxarıya doğru qaldırır:

- Gözümüzü özün qapa.

Göz yumunca Haqqı tapaq.

Hər ağızdan bir söz qopar

Son anda: Allah!

Dayandı.

Sonda güclə əlavə etdi:

-Onu istəyirəm, oğul, Göndərəni!..

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.