QİRAƏT SAATInda “Eşq mələyi”

   “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

39-cu hissə

 

Dəhşət saçan bir kitab

 

Bəzən bir gündə altı-yeddi müştərini yola salırdı. Pullar qalaqlanırdı, evin xərclərini qarşılamaq o yana, özünə qır-qızıl da alırdı. Özünü dünyanın ən bədbəxti hesab edir, daim qorxu və hürkü içində yaşayırdı, bir gün onun hansı yola qulluq etməsi üzə çıxanda onu həmişə müdafiə edərək “fahişə olmadığını” dilə gətirən, əri ilə mübahisələrə girən bacısı, orda-burda şəstlə gəzən, “mən zalım Qələndərovun oğluyam” deyə qürrələnən qardaşı, ona görə ürək xəstəliyi tapan anası hansı vəziyyətə düşəcəkdilər? İncikliklərə baxmayaraq, hələ də ona öz övladı kimi münasibət göstərən, ona inanmağa çalışan Nazəndə xanım bəs? Çox çətindir daim qorxu-hürkü içində yaşamaq.

Telefonuna hər zəng, hər mesaj gələndə diksinirdi, özünə yer tapa bilmirdi.

Naza özünün feysbuk və instaqram səhifəsində hərdən əlinin altında olan qızların fotolarını düzürdü, “Bakının ən gözəl cananları məndədir” statusu yazırdı, bu fotolarda, təbii ki, o da olurdu, ilk dəfədə nə qədər etiraz etmişdisə, Naza fikrindən əl götürməmişdi, demişdi:

-- Guya təkcə sənin yiyən var? Məndə elə qız var ki, ata-ana qızıdır, evdə, universitetdə onu ən tərbiyəli qız hesab edirlər, özü də nişanlıdır, bugün-sabah tikdirib ərə verəcəyik onu. Elə qız var, atası sistemdə işləyir. Eləsi var, əri ola-ola gizlicə bu yola qulluq eləyir. Onlar mənə şəkil qadağası qoymur, sən qoyursan? Ay zalımın qızı, ərin yox, atan yox, qardaşın da səndən üz döndərib, sən kimdən, nədən qorxursan? Bir də ki, ha desinlər sənsən, deynən mən deyiləm. Ad-familiya yazılmayıb ki, əllərində sübutları olsun. Deynən, adam adama oxşayar da.

Yeganə olaraq Ülkərin bir tutalqası var idi, bu işdən qazandığı pulları murdar pul hesab eləyirdi, ilk dəfəsindən lombardla danışmışdı, qızıl girov qoyub oradan pul götürürdü, evə xərclik verirdi, zaman tamamlananda qazandığı pullarla lombarda borcunu ödəyirdi. Yəni təsəllisi var idi ki, murdar pulları evinə aparmır, anasına, balasına xərcləmir.

Bir dəfə Nazəndə xanım Ülkəri həyat yoldaşı Ərəstuna ehsan süfrəsi açarkən evinə dəvət etmişdi, ehsan yeyiləndən əvvəl qəbirüstünə getdilər. Orada bir kişi marıtlayıb Ülkəri süzürdü, Ülkər hiss edirdi ki, nəsə bir xoşagəlməz hadisə baş verəcək. Elə də oldu, həmin kişi Ülkərə yaxınlaşıb dedi:

-- Canan, keçən dəfə nömrəni qoymadın, səni Mama Rozasız, özüm çıxarmaq istəyirəm hər dəfəsində, nömrəni ver.

Ülkər “Siz nə danışırsız, məni kiminləsə səhv salmısız” deyib cəld ondan aralandı, nigaran qalan, “Bizim Zibanın yoldaşının səninlə nə işi” sualını ünvanlayanNazəndə xanıma “Məni kiminləsə səhv salıb” izahatını verərək şiddətlə döyünən ürək çırpıntıları ilə həmin mərasimi yola verdi. Hara kimi gizlətmək olacaqdı bu boyda işi?

Qəribə psixologiyaları var fahişələrin. Hamısının dilinin ucunda bir bəraət nitqi hazırdır, “Neynəməliyəm, evimə çörəkpulu aparmamalıyam?” deyən qadınlar, “Əyin-başıma görə utanıram, neynəməliyəm, adam kimi yaşamamalıyam?” deyən qızların hər birinin öz həqiqəti var, hər biri özü naminə edirdi nə edirdisə, səhv yolda, utanc gətirəcək bir yolda olduqlarını duyurdular, bununla belə, bu yolu yeganə xilas yolu kimi getməkdə israrlı idilər, öz güzəranları, rahat həyatları üçün bu yolu yeganə yol hesab edirdilər.

Fahişələrin arasında əsla utanıb çəkinməyənlər də var idi, hətta seçdikləri peşədən qürur duyurdu belələri. Onlar üçün çöl də bayır kimiydi. Bəziləri özləri sosial şəbəkədə oğlan tutur, bir saatlarının və bir sutkalarının qiymətini yazırdılar. Onlar başıuca gəzir, heç nədən çəkinmir, rahat həyat sürürdülər.

Ülkərin isə məsələsi tamamilə başqa idi. O, özünün naminə yox, qızının naminə edirdi nə edirdisə. Ailə qura bilməyəcəyi, arxa-dirək tapmayacağı həqiqəti ilə barışmışdı, normal, barı qızının təhsil haqqını ödəyə biləcək iş yeri tapacağına ümidləri də ölmüşdü. Başı daşdan-daşa dəyəndən sonra bu yolu seçmişdi. Bu yol onu daim ruhi sarsıntı, qorxu-hürkü içində saxlayırdı, amma başqa seçim görmürdü özlüyündə.

Fahişə sözünün yükü çox ağır idi, heç cür bu sözü həzm edə bilmirdi. Fahişələr barədə dükan-bazarda söhbət eşidəndə, bir film görəndə diksinirdi, hətta gözünə F hərfi ilə başlayan bir söz sataşanda da diksinirdi.

Bir gün hansısa hiss onu Axundov adına Mərkəzi Kitabxanaya çəkib apardı. Kitabxana oxuduğu Pedaqoji Universitetin yanındaydı, qızlarla bura tez-tez gələrdilər. Hər dəfəsində gözləri dörd halda ətrafa baxardı, təsadüfən Rüfəti görəcəyinə inam içinə hakim kəsilərdi. O təmiz, saf günləri üçün indi bu çirkablığın işində inlədiyi halında çox darıxdı, burnunun ucu göynədi.

Şəxsiyyət vəsiqəsini verib kitabxanaçı xanıma ağlına gələn ilk bəhanəni uydurub dedi:

-- Xanım, mən feministəm, qadın hüquqsuzluğu barədə elmi iş yazıram, əxlaqsızlığa meyil edən, yəni peşəkar... -- fahişə demək istədi, amma dili gəlmədi bunu deməyə, -- ...əxlaqsız qadınlar barədə bilgi almaq istəyirəm, hansı kitabı məsləhət görərdiniz?

Qadın da qəribə adlanan (əslində Ülkər üçün kitabın adının, müəllifinin heç bir fərqi yox idi, qadının nə dediyinə ona görə əhəmiyyət vermədi) qəhvəyi cildli bir kitabı tapıb ona uzatdı.

Ülkər boş masalardan birinin arxasına keçib kitabı ortadan açdı, oxumağa başladı:“Həyat nədir? Sual qəliz sualdır. Hərə öz həqiqətləri ilə yaşayır. Sabrina Valisce də eynən.

Yeni Zelandiyada yaşayarkən Sabrina Valisce fahişə kimi həyatının böyük bir hissəsini insan alverinin dekriminallaşdırılması ilə bağlı kampaniyalara həsr edib.

İndi isə fikrini dəyişərək deyir ki, qadınlardan fahişə kimi istifadə edən kişilər cəzalandırılmalıdır. Onun həyat hekayəsinə qulaq kəsək.

Sabrina Valisce adi uşaqlıq keçirib, şən və qayğısız olub. Amma qəfildən ailə səmalarına qara buludlar dolur. 12 yaşında ikən atası özünü öldürür. Onda onlar yaşıl qitədə yaşayırdılar. Bu, onun həyatını büsbütün dəyişir. İki il ərzində anası yenidən ailə qurur və onlar Avstraliyadan Yeni Zelandiyanın Vellinqton şəhərinə köçürlər. Burada isə Sabrina Valiscenin həyatı acınacaqlı keçir.

"Mən özümü bədbəxt hiss edirdim", -- Valisce deyir.

"Ögey atam qəddar insan idi və dərdimi danışmağa biri yox idi".

Onun arzusu peşəkar rəqqasə olmaq idi və məktəbdə nahar vaxtı balet sinfi də qurmuşdu. Bu o qədər uğurlu alınır ki, məşhur rəqs qrupu Limbs orada gəlib dərs verirmiş. Lakin heç iki ay keçməmiş qız küçədə fahişəlik etməyə məcbur qalır. Hadisə bu cür olur:

Məktəbdən evə qayıdan yolda parkdan keçərkən bir kişi ona seks müqabilində 100 dollar təklif edir.

"Məktəbli formasında idim və bu murdarlığı etdiyimi heç kəs anlaya bilməzdi”, -- deyən qız onun istəyinə təslim olur.

Valisce pulu məşhur Auklənd şəhərinə səyahət etmək, oranı görmək üçün istifadə etmək istəyir və burada Gənc Kişilərin Xristian Birliyi nəzdindəki turizm agentliyinə üz tutur.

"Kömək üçün kiməsə zəng vurmaq istəyirdim. Yataqxananın həyətindəki telefon kabinəsinə girdim və bir nömrə yığdım. Məşğul göstərdiyinə görə gözləməyə qərar verdim", -- o deyir.

"Elə bu zaman mənə polislər yaxınlaşdılar və nə etdiyimi soruşdular. Telefondan istifadə etmək üçün gözləyirəm, dedim".

Polislər telefonu istifadə etmək üçün başqa heç kimin olmadığını dedilər. Onlara elə gəlirdi ki, "son dərəcə ağıllıdırlar", Valisce deyir -- amma əsl səbəbini izah edəndə dediklərimi anlamadılar.

"Onlar üzərimi axtardılar ki, prezervativ olub-olmadığını bilsinlər. Çünki bu məhəllə fahişəxanalarla dolu Karanqhap küçəsinin arxasında yerləşirdi.

"Sözün düzü, elə bu zaman pul qazanmaq yolunu tapdım. Polislər məni qorxutsalar da, bilirdim ki, pul qazana bilməsəm, küçələrə düşməyə məcbur qalacağam və məni indi, fahişə olmadığım halda divara sıxıb, axtarış apararaq qorxu və hədə gəlirdilərsə, fahişə olduğumu zənn edirdilərsə, demək ki, fahişə olub-olmamağımın heç bir fərqi olmayacaqdı".

Valisce Karanqhap küçəsinə gedir və orada işləyən bir qadından məsləhət istəyir. QadınValisceyə işləyə biləcəyi iki dalan göstərir.

"O, mənə prezervativ də verdi və qiymətləri, o qiymətlər müqabilində edə biləcəyim şeyləri başa saldı. Çox yaxşı qadın idi. Yaşı az olsa da, Samoanın bu işlə çoxdan məşğul olduğu bilinirdi".

İki il küçələrdə işlədikdən sonra 1989-cu ildə Valisce Christchurch-də yerləşən Yeni Zelandiya Fahişəlik Kollektivinə baş çəkir.

"Oraya kömək almaq məqsədilə yaxınlaşmışdım. Fahişəlikdən qurtulmaq istəyirdim, amma mənə qoruyuculardan başqa heç bir şey təklif edən olmadı", -- o deyir.

O, həmçinin hər cümə günü kollektivin təşkil etdiyi şərab və pendir yığıncağına dəvət alır.

"Onlar “seks işçiləri”nə qarşı olan stiqmanın pis bir şey olduğunu müzakirə edir və deyirdilər ki, başqa işlər kimi, fahişəlik də pul qazanmaq növüdür", -- Valisce xatırlayır.

Belə olduqda o, gördüyü işi məqbul qəbul etməyə başlayır.

O, kollektivin masaj salonunun koordinatoru kimi işləməyə başlayır və vasitəçilik də daxil olmaqla, insan alverinin bütün aspektlərinin dekriminallaşdırılması üzrə kampaniyaların müdafiəçisinə çevrilir.

"Elə bilirdim ki, bir inqilab baş verəcək. Dekriminallaşdırmanın qadınlar üçün yaxşı şeylər vəd etdiyinə ürəkdən inanırdım", -- o deyir.

Dekriminallaşdırma 2003-cü ildə qəbul olunur və Valisce bu münasibətlə fahişəlik kollektivi tərəfindən təşkil olunan bayram məclisində iştirak edir.

Fahişəlik 2003-cü ildə qanuniləşdirildikdən sonra Yeni Zelandiya mətbuatında fahişələrin “iş elanları” görünməyə başlayır.

Lakin az keçmədən Valisce sanki yuxudan ayılır. Fahişəlik İslahatı Qanunu imkan verir ki, fahişəxanalar qanuni biznes kimi işləsin.

Birləşmiş Krallıq Daxili İşlər üzrə Seçki Komissiyası insan alverinə qarşı müxtəlif yanaşmaları müzakirəyə çıxarır. Buraya tam dekriminallaşdırma da daxildir. Amma Valisce deyir ki, bu, Yeni Zelandiyada dəhşətli bir hal aldı və qanundan xeyir görən yalnız aradüzəldənlər və qumarbazlar oldu.

"Zənn edirdim ki, qanun qadınlara güc verəcək və hüquqlarını tanıdacaq", -- o deyir.

"Az keçmədən anladım ki, doğru olan bunun əksi imiş".

Problemlərdən biri o idi ki, fahişəxana sahibləri istədikləri qiymətə "hər şey daxil paketi"ni təklif edir və kişilər də qadınlarla istədikləri kimi davranırlar.

"Bizə “hər şey daxil paketi” olmayacağı vədi verilmişdi", -- Valisce deyir.

"Yoxsa qadınlar təklif etdikləri seksual xidmətlərin dəyərini özləri bilə bilmir və ya hansısa təklifi rədd edə bilmirlər. Bu da dekriminallaşdırmaya və onun gətirəcəyi xeyirə zidd idi".

40 yaşlı Valisce Vellinqtonda yerləşən fahişəxanaya iş üçün müraciət edir və gördüklərindən şoka düşür.

"İlk iş günümdə bir qızın əsəb pozğunluğu yaşadığını gördüm. O, əsəbdən əsir, ağlayır və danışa bilmirdi. Katibə ona acıqlanır və deyirdi ki, işinin başına qayıtsın. Mən əşyalarımı götürüb oradan ayrıldım", -- o deyir.

Bir müddət sonra o, Vellinqtondakı fahişəlik kollektivinə gördüyü mənzərədən danışır.

"Bununla bağlı nə edəcəyik?"

"Kömək üçün hara müraciət etməliyik?" -- o soruşur.

Onun bu sualına heç kim əhəmiyyət vermir və sonda kollektivdən ayrılmaq qərarına gəlir.

O vaxta kimi təşkilat onun yeganə dəstək yeri, seks alveri işçisi olduğuna görə qınaq görmədiyi məkan olmuşdu.

Əslində Valiscenin "abolisionist" istiqamətdə gedən yolu hələ təşkilatda könüllü olduğu müddətdə başlayıbmış.

“Təşkilatda gördüyüm işlərdən biri mediadakı xəbərləri toplamaq idi. Orada bir şey oxumuşdum: bir nəfər danışırdı ki, seks ticarətindən ayrıldıqdan sonra hisslərini anlamağa başlayıb.

Mən də onun dediyi “Nə baş verdiyini anlamıram, niyə özümü bu cür hiss edirəm?” hissini illər boyu yaşamışdım. Və yalnız məqaləni oxuduqdan sonra öz-özümə dedim: “İlahi, bu mənəm”.

Valisce üçün geriyə yol yox idi.

O, 2011-ci ildə fahişəliyi atır və Avstraliyanın Queensland şəhərində yerləşən Qızıl Sahilə köçür. Çaşqın olsa da, depressiya yaşasa da, o, həyatının istiqamətini dəyişmək qərarında idi.

Qonşusu ona internet fahişəliyini məsləhət bilir, o isə bunu rədd edir.

"Elə bil ki, alnıma "fahişə" sözü yazılmışdı. Qonşum bunu necə bilmişdi? Bilirəm ki, bunun yeganə səbəbi qadın olmağım idi", -- Valisce deyir.

Sonralar həmin qonşusu hər görəndə Valisceyə həqarət edirmiş.

Valisce internetdə qadınlarla tanış olmağa başlayır. Bu feministlər dekriminallaşdırmaya qarşı idilər və özlərini abolisionistlər adlandırırmışlar.

Onların modelinə əsasən, fahişəliyə məruz qalan şəxs dekriminalizasiya olunmalı və bunu törədənlər və bu işdə ara düzəldənlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Hazırda Avstraliyanın Daxili İşlər üzrə Seçki Komissiyası da bu modeli nəzərdən keçirir.

Melburnda 1980-ci illərin ortalarından bəri fahişəxanalar qanuniləşdirilib. Sistemə qarşı kifayət qədər dəstək olsa da, ona qarşı artmaqda olan bir hərəkat da nəzərə çarpır. Melburnda bir fahişəxana 2002-ci ildən bəri fond birjasındadır.

Valisce insan alverindən ayrılıb keçmişi ilə barışaraq feminist fəala çevrildiyi anı "yeni həyatının başlanğıcı" hesab edir.

"Keçmiş həyatımdan əvvəlcə emosional, sonra fiziki və son olaraq fikrən uzaqlaşdım", -- o söyləyir.

Konfransdan sonra Valisce həkimə gedir və ona travmasonrası stress pozuqluğu diaqnozu qoyulur.

"Bu, fahişəliyin nəticəsi idi -- mənə çox pis təsir etmişdi, amma təsirdən çıxmağı yaxşı bacarırdım", -- o deyir.

"Özünü hiss edə bilmək üçün uzun zaman lazım gəlir".

Valisce üçün ən yaxşı müalicə onu başa düşən və fahişəliyin vurduğu ziyan əleyhinə mübarizə aparan insanlarla işləməkdir. O, həm də səsini ucalda bilməyən qadınlara kömək etmək uğrunda çalışır.

"Mənim məqsədim insanları bu sənayeyə cəlb etmək, ya da buradan uzaqlaşdırmağa çalışmaq deyil", -- o deyir.

"Amma fərq yaratmaq istəyirəm və başqa qadınlara kömək etmək üçün bacardığım qədər səsimi ucaltmalıyam".

Pəncərədən şərin qarışdığını görən Ülkər yalnız indi fərqinə vardı ki, dörd-beş saata kitabı oxuyub bitirib. O, yerindən durub cildinə “The pimping of prostitution: Abolishing the Sex Work Myth” yazılmış kitabı kitabxanaçıya qaytardı, oradan çıxdı. Bura kimi də tutduğu yol onu qorxudurdu. Amma bu kitabı oxuduqdan sonra bu yol onu lap dəhşətə gətirdi.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.