“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Əli Məmmədova həsr edilmiş şeirlə tanış olacaqsınız.
ƏLİ ƏVƏZ OĞLU MƏMMƏDOV
(01.09.1998.-04.11.2020.)
Kürdəmir rayonunun Atakişili kəndindən olan, Silahlı Qüvvələrin kəşfiyyatçı kiçik çavuşu, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
Z İ R V Ə D Ə İ G İ D Ə L İ
Atakişili kəndində dünyaya göz açmışdı,
Bu yurdda ayaq açıb, yerimişdi, qaçmışdı.
Xəyalları quş kimi uzaqlara uçmuşdu,
Var idi xoş söhbəti, var idi şirin dili,
Əbədi məskən saldı zirvədə igid Əli.
Dörd bacının sevimli, gözəl qardaşı idi,
Atanın, həm ananın yaxın sirdaşı idi,
Məktəbdə şagirdlərin əziz yoldaşı idi,
“Yox” sözü ona yaddı, cavabı bəli, bəli,
Əbədi məskən saldı zirvədə igid Əli.
Bu Vətənə məhəbbət, onu eylədi əsgər,
Vətən Vətən olarmı, qorunmayırsa məgər?
Həmişə inanırdı, bizim olacaq zəfər,
Arzusuydu Komandan əmr versin, “İrəli!”
Əbədi məskən saldı zirvədə igid Əli.
O, əsgəri borcunu verdi ləyaqət ilə,
Xidmət etdi Vətənə namusla, qeyrət ilə,
Donuz zəmidən çıxmaz, heç zaman söhbət ilə,
Torpaq qayıtmalıdır, bizim torpaq-əzəli,
Əbədi məskən saldı zirvədə igid Əli.
İşğaldakı torpaqlar ürəyini dağladı,
Vətən məhəbbətiylə coşdu, daşdı, çağladı,
Taleyini biryolluq hərb işinə bağladı,
O, kəşfiyyatçı oldu, bir dastandır əməli,
Əbədi məskən saldı zirvədə igid Əli.
Daim irəlidəydi, döyüşürdü qorxmadan,
Deyirdi: Sonun çatıb ağılsız düşmən, nadan,
Qələbə bizimlədir, haqq ilədir Yaradan,
Kafirlərin çürükdü tarixidək təməli,
Əbədi məskən saldı zirvədə igid Əli.
Bu qeyrətli çavuşu tanısın bütün aləm,
Çox şücaət göstərdi, vəsfə acizdir qələm,
Yağıların qisməti daim olacaq ələm,
Düşmənin Qarabağdan biryolluq çıxdı əli,
Əbədi məskən saldı, zirvədə igid Əli.
Ruhun şad olsun, Əli, Şuşamız olub azad
Bizim doğma torpaqda yağı oynadammaz at,
Sizin hünərinizə dünya özü qalıb mat.
Qəhrəmanlar tanıdır doğma obanı, eli,
Əbədi məskən saldı, zirvədə igid Əli.
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)