“Günahlar yer axtarır gizlənməyə…” - Tural Cəfərlinin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc şair Tural Cəfərlinin yeni şeirlərinin təqdimatını davam etdirir. Bu gün siz daha 3 şeirlə tanış olacaqsınız. Oxunma sayından bəllidir ki, dünənki paylaşımı çox bəyənmisiniz. Əminik ki, bugünkü şeirlər də xoşunuza gələcək.

 

Unutmaq xatırlamaq üçün lazımdır...

4

Cümə axşamı, kofe sərsəmliyi edib

Müslüm Gursesə qulaq asıram...

Mahnıda bir cümlə var, lap damara işləyir:

“Eğer seni kırdıysam Darıl bana, Ama bir gün beni ararsan Bak ruhuna”…

 

Kimi qiymətləndiririksə, özümüzü ucuz edirik,

Həyatın yazılmamış qanunudur:

Kimi çox sevirsənsə, öncə o səndən nifrət edəcək…

 

Hava haqqında məlumat verilir:

Sabah adamların qanı qaralacaq,

Münasibətləri mənfiyə düşəcək,

Arabir baxışları tutulub, açılacaq,

Amma əsasən yağmursuz olacaq…

 

Dostum, darıxma, bir gün hamı biləcək,

Sənin yaxşı adam olduğunu…

Salavat çəkib ruhuna, qədir ağacını axır ki,

Sulayacaq qohumlar, doğmalar, yadlar…

 

Birtəhər ömrünü başa vurmaqdansa,

Burax getsin arzularını…

Bəlkə bir də gəlməyəcək,

Amma saxlama xəyallarını,

Bir qatar yoluna burax,

Bir məktub yaz keçmişə-

Yaz ki, bu günümə də şükür!

Bu gün də unutmağa çalışdım

Bu gün də insan qaldım…

 

Təkliyini kimə danışdınsa,

Ona məxsusdur azadlığın…

Yoxluğunu kim əzab libası edibsə,

Ona məxsusdur varlığın…

 

Qumar kimidi bəzi sevgilər,

Ancaq sevməyən qazana bilər…

Sən də qumar oynadınmı?!

Sən də uduzdunmu, son göz yaşına kimi…?

Sən də vurdunmu peşmanlıq daşına kimi…?

 

Özünü unutmaq ən böyük xilasdır…

5

Cümə günüdür, azan oxunur,

Günahlar yer axtarır gizlənməyə…

 

Atadan dəmi götürdük, anadan qəmi,

Bir az həssas olduq, duyğular cəmi.

Ürək bəla seçdi, gözlər də nəmi,

Olduq belə adam, olduq sərsəri.

 

Payıza oxşadı səsimiz,

Xəzan oldu avazımız.

Qışa döndü talelər,

Dönük oldu yazımız.

 

Adama paxıllıq da güc gəlmir,

Hamıya uğur diləyib,

Dəli olursan…

 

Tut ağacı kimiyəm,

Çırpıldıqca böyüyürəm,

Yığıldıqca dincəlirəm,

Kəsildikcə dirilirəm…

 

Sənə bir təsəlli deyim-

Qorxma, ölüm heç kimi unutmur…

 

 

Boş yerə mənə nifrət edənlər, başımın tükündən çoxdur…

Bibliyadan ayə

6

Nifrət-sevginin xain üzü,

Nifrət-həqiqətin axsaq ayağı,

Nifrət-hamının sonu, heç kimin əvvəlli…

 

Bax, dəniz ləpələri sahili döyür,

Sahil döyəcləyən ləpələr də böyüyür,

Amma sahillər ləpələrə küsmür,

əksinə hər dəfə bir az da aşiq olur ləpələrə sahillər…

 

Gülməli də olsa yaşamaq bəhanəsi ilə ölmək olmur,

Amma ölmək bəhanəsi ilə yaşamaq olur…

 

Adam var heç vaxt ölümü düşünmür,

Halbuki ölümü düşünməkdir həyatın özü…

 

Kim bizi unutsa da, kim bizi tərk etsə də,

Ölüm heç kimi unutmur, heç kimi birdəfəlik tərk etmir…

 

Sonda qayıdan qonağa ölüm deyirlər,

Əslində ölüm heç vaxt qayıtmır,

Ölüm bizi xatırlayanda hamı bizi unutmağa başlayır,

Hamı bizi xatırlayanda isə ölüm bizi unudur…

 

Musa əsasını dəryaya vurdu, dərya aralandı,

sən də gözlərini qəlbimə vurdun, qəlbim bütövləşdi…

 

Bəzən olacaqları təxirə salmaq üçün nəsə uydururuq,

Məsələn, “hər şey yaxşı olacaq” deyib, susuruq və …

 

Dəryanın ortasında daşın içindəki qurdam,

Məni unutmayan Tanrıya bir sualım var:

“Bəndənə unutmağı necə öyrətdin?”…

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.