“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc şair Tural Cəfərlinin yeni şeirlərini təqdim edir. Bu gün sizlərə 3 şeir təqdim edəcəyik. O şeirləri öncə sükutu dinləyib sonra oxuyacaq, işığı anlamaq üçün qaranlığı sevəcək və heç bir ağrının zamana qalib gəlmədiyini anlayacaqsınız...
Öncə sükutu dinlə, sonra oxu.
1
Əlini səmadan çəkdi,
Dualarından küsən biri-
Yox oldu gözlərindəki
Dan ümidləri...
Qaranlıqda işığı
Axtarmaqdan yorulmadı
Gecənin yorğun kədəri...
İçində bitən bir sevgini
Sabaha dən səpdi
Bir yaz yağışında
Yenidən cücərər deyə...
Tanış olduğumuza şadam-
Ey ayrılıq elçisi...
Bilirsən, sənə də etibar yoxdu,
Bir gün mütləq görüşür bütün ayrılanlar...
Yasdamı, toydamı, ya da küçənin ortasında
Görüşür, ayrılıqlara imza atanlar...
Qəribədir, hamını unutsaq da, bircə “O”nu unuda bilmirik,
“O” asılır paltarlarımızın düymə yerindən,
“O” görünür eynəyimizin şüşəsindən,
“O” yazılır dərman reseptlərimizin sonuna...
Şərab da badəni sərxoş edirsə,
Gəlməyən hamıdan çıxıb gedirsə,
Sənin də şərabla aran düzəlir,
Sənin də hamıdan getməyin gəlir...
Qaranlığı sevməyən, işığı anlamaz...
2
Qələt edib oyunu pozdum,
Həyat gülməyənə ağlamağı öyrədir,
Ancaq ağlayana gülməyi öyrətmir...
Bir də küçələr var ki,
Adı şair, yazıçı oxunsa da,
Xatirələr küçəsidir,
Görüşlər küçəsidir,
Kimsəsizlər küçəsidir...
Məsələn, Rəşid Behbudov küçəsi-
Titrək baxışlar küçəsi kimi,
Təbriz küçəsi-
İlk sevginin utancaqlığı kimi
Yaddaşımı işğal edib,
əsir qalıb ömrümün ən gözəl illəri
həmin küçələrdə...
Səhərin gözü açılmamış,
Küçəni süpürən qadının
Saçlarını oxşayan meh
Siqnal səsindən ürküb
Yerini qarğış və söyüşə verir...
Sənin də qarğışın tutdu məni-
Xoşbəxt oldum, ancaq bu xoşbəxtliyimi
Başıma vuran qayğılar zəhləmi töküb...
Kim uydurub bu yalanı-
İlk sevgi unudulmur?
Bilirsən, hər şey unudulur,
Elə ilk sevgi də,
Təkcə ağrılar vəfalı olur,
Ürəyi tərk etmir əclafcasına...
Sən də ağac deyilsən,
Mən də yarpaq deyiləm.
Nədir bu küləyə etiraz,
Nədir bu yağışa hikkən?
Get, bulud ol, başımın üstündə-
Ancaq dolub eləmə, mənim yağışa
Hörmətim var...
Heç bir ağrı zamana qalib gəlmir...
3
Qaşlarını düyünləyib həyata tələ qurmaq olmur,
Bir gülüşə təslim olan kinləri deyim sənə...?
Sözünü tutmayanın yanında durmaq olmur,
Bu bayquş ulayan tinləri deyim sənə...?
Bizim görüşümüz Hira dağıdır,
Özündə böyük bir sirri saxlayır.
Keçmiş əhvalımız indi ağıdır,
Ölsə də, ruhunu diri saxlayır.
Əsən barmaqların üzümdə göynər,
Göynər, uzandıqca şəlalə saçın.
Nə mən əvvəlkiyəm, nə sən sonrakı,
Özgəyə aiddir, şöhrətin, şanın.
Boş qalmış qollarım çərpələng olub,
Zaman öz kefində uçurur bəxti.
İnanmaq işini çoxdan buraxdım,
Heç kimə güvənim qalmayıb, qəti.
Daha yer göstərir mənə adamlar,
Metroda, qatarda “əyləş” deyirlər.
Bu da qocalığın əlamətidir,
Kövrəlmə, belədir, “öyrəş” deyirlər.
Yenə gic damarım tutubdu mənim,
Yolda səkilərə “salam” verirəm.
Adamlar ötüşür bir-bir yanımdan,
Onları səkidən cansız bilirəm...
“Ədəbiyyat və incəsənət”
(22.01.2024)