“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
35-ci hissə
Bu da son
Sentyabrın axırları idi, isti küləklər mülayimləşmişdi, ara-sıra yağışlar yağırdı.
İqbal bazar günlərindən əlavə arada da gəlir, gah ərzaq gətirir, gah da maklerlə birgə evə baxmağa gələn müştəri ilə qiymət sevdasına çıxırdı.
Bir gün də yenə gəlmişdi, Bəsti xala yatan vədələr idi, maklerlə müştərini yola saldı, həmişə özü də qalmazdı, gedərdi, amma indi dayandı, keçib əyləşdi, Ülkərdən çay istədi:
-- Çayınız varsa, bir çay verin də mənə, zəhmət deyilsə.
Ülkər gedib ona çay süzüb gətirdi. İqbal çayı asta-asta içdi, hiss olunurdu ki, nəsə sözlü adama oxşayır. Həm də nəsə təlaşlıydı.
***
Süleyman “tfu, lənət sənə” deyib yerindən durdu, əsəbi şəkildə davam etdi:
-- Hökmən bu iblis qıza əl uzadacaq. Bu, lap ağ oldu. Nə oldu elə, bu bədbəxtin qarşısına ancaq mənfur insanlar çıxdılar?
Əl atıb telefonunu götürdü, Elgünü yığdı. Saatın neçə olmasının fərqində deyildi. Saat 6-ya qalıbmış. Elgün bir müddət sonra “alo” deyə yuxulu səslə ona cavab verəndə sərt şəkildə söylədi:
-- Sən bu əsərin adını dəyiş, nə haqla bu adı vermisən? Fahişə Ülkər deyil, onu bu yola sürükləyən o kişilərdir, bu cəmiyyətdir. Anlayırsan? Qələmi götürüb hadisəni vərəqə köçürməklə deyil. Hadisəyə yazıçı baxışın hanı, yazıçı müdaxilən hanı? Sən nə haqla hadisələri öz axarına buraxırsan? Nə haqla?!!
Tezcə də əlaqəni kəsib yarımçıq qaldığı vərəqi əlinə aldı ki, bir qədər də oxuyub işə yollansın.
***
...Sonra İqbal bir stəkan da istədi, onu da asta-asta içdi.
-- Anamla yola gedirsiz?
Sualın məğzini anlamadı Ülkər. Ümumiyyətlə, İqbalın çıxıb getməməsi, bu halı şübhə doğururdu.
-- Bəli, yola gedirik.
-- Hə, sizdən həmişə razılıq edir.
-- Sağ olsun.
-- Deyir, sənin donluğunu artırım, mən də planlayıram ki, bunu yaxın zamanlarda mütləq edim.
-- Çox sağ olun.
Ülkər otaqdan çıxmaq istədi:
-- İcazənizlə, mən təmizlik işləri görməliyəm, mürəxxəs olardım.
İqbal yerindən durdu:
-- Getməyin, bir dəqiqə ayaq saxlayın.
Ülkər dayanıb mat-mat onu süzdü. İqbal yaxınlaşdı, Ülkər nə baş verəcəyini təxmin edə bilmirdi hələ də, ən pisi, onu düşünürdü ki, yəqin, İqbal onu işdən çıxarmaq istəyir, amma bunu deməkdə çətinlik çəkir.
Birdən İqbal onun üstünə atılıb ətli dodaqlarını sifətinə sürtə-sürtə özünə sıxdı, Ülkər müvazinətini saxlaya bilmədi, ikisi də yerə dəydi. İqbal onun üstünə keçib əlini ayaqlarının arasına ataraq “Mənim mələyim, sevgilim” deyə zarıyırdı, tövşüyürdü, xırıldayırdı, Ülkər isə ağlına gətirmədiyi bir olayın təəccübündən, don vurmasından sonra məsələnin mahiyyətini anlayıb İqbalı kənara itələməklə məşğul idi.
-- Sənin əməkhaqqını min manat eləyəcəm. Həftədə bircə dəfə mənim olsan, bəsimdir.
-- Buraxın, ayıb olsun sizə. Bu nə vəhşilikdir!..
-- Canım. Ürəyim. Ufff...
-- İndi qışqıracam, ananız oyanacaq.
--Həyatım. Sevgilim. Bir dənəsən sən...
Ülkər qışqırdı, İqbal cəld kənara atıldı.
Ülkər ondan yaxa qurtarıb paltarının cırılmış sinəsindən sallanan döşünü göz yaşları içində geri itələdi, aşağı çəkilmiş alt paltarını qaldırdı, “ayıb olsun sizə” deyərək hönkürməyə başladı.
İqbal quruyub qalmışdı, Ülkərin təslim olmayacağı ağlına belə gəlmirdi.
Ülkər hönkürərək əşyalarını yığmağa başladı. İqbal bir kəlmə “Bəs Namiq deyirdi ki, siz... siz...” deyib dalını gətirməyə utandı, amma sonra hər halda dalını gətirdi. Dedi, Namiq deyirdi ki, siz fahişəsiz.
Haradan tanıyırdı Namiqi, olsun ki, Gülgün vasitəsilə tanış idi, olsun ki, başqa yolla, Namiq nə bilirdi Ülkər bunun evində işləyir, indi bunların heç birini aydınlaşdırmağa lüzum yox idi. Bilgəh hekayəti bitmişdi. Beləcə qapqara bir hekayətə dönmüşdü ilk vədələrdə al-əlvan görünən bu hekayət.
Bədənini göyərtmişdi, cırmaqlamışdı, dodağını belə dişləmişdi İqbal, paltarını da yaman günə qoymuşdu. Zoğalı rəngli çamadanını dartıb İqbalın yalvarışlarının, üzrxahlıqlarının müşayiəti altında qapıdan, ardınca darvazadan çıxdı.
İqbal onun barəsində səhv düşündüyü üçün özünü qınayır, ziyalı adına ləkə olan bu hərəkətinə görə özünə nifrətini bildirirdi, Namiqin də dalınca danışırdı ki, bu cür namuslu qadına şər atıb.
Ülkər üçün dünyada sonuncu körpülər də uçmuşdu. Bədənindən çox qəlbi, ürəyi zoqquldayırdı. Çamadanını arxasınca sürüyə-sürüyə irəliləyirdi, sanki evlər, hasarlar, ağaclar, maşınlar üstünə gəlirdi.
Sonradan artıq səma, dəniz də onun üstünə gəlməyə başladı. Bu yükün altında inlədikcə inləyirdi, gücü yalnız göz yaşlarına çatırdı.
***
Süleyman sanki çiynində ağır yük evdən çıxdı, iş yerinə yollandı. Roman onu incidirdi, məngənəyə salıb sıxırdı, ağrıdırdı, hisslərini, düşüncələrini əzib tapdalayırdı.
“Ədəbiyyat və incəsənət”
(19.01.2024)