QİRAƏT SAATInda “Eşq mələyi” Featured

    “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

34-cü hissə

 

Gözlənti davam edir

 

Saat 5-ə qalmışdı, artıq hava işıqlaşırdı. Küçəyə açılan laybalay iri pəncərəyə alatoranın göyümtülə çalan işığı düşürdü.

Ülkər acışan gözlərini ovxaladı. Durub hamam otağına keçdi. Üzünə su vurdu. Sonra mətbəxə adladı. Qəhvədanı doldurub su qaynatdı. Mətbəx şkafını açdı, quru çay axtarışlarına başladı. Bir neçə qutu tapdı, həm iriyarpaqlı, həm xırdayarpaqlı qara çay da var idi, yaşıl çay da, üstəlik, qırmızı çay da. İriyarpaqlı çaydan götürüb çaynikə tökdü. Yadına uşaqlığı düşdü, atası həmişə qutusu iri olur deyə iriyarpaqlı çay alardı.

Su qaynamışdı, çayı dəmlədi, çay içmək üçün qənd axtarışına çıxdı, amma şokoladları görəndə qəndlə çay içmək istəyindən vaz keçdi, şokoladlardan gözü tutanının ikisi ilə bir fincan çay içdi, sonra şokoladın xatirinə daha iki şokoladla daha bir fincan çay içdi.

Nəsə yemək istəyirdi. Soyuducunu açdı, xeyli içinə boylandı. Buz dolabında toyuq naqetsi və yarımfabrikat mal əti kotletləri var idi. Əlbəttə ki, subay adamın soyuducusunda kiloyla ət, toyuq, balıq görməzsən ki... Bitki yağı, bir qutu yumurta... Balıq konservi, ət tuşonkası, kolbasa, sosis, bankada hazır dovğa...

Belə bir ömür yaşamaq qismət imiş, demək, Ona. Subaylıq sultanlıqdır, deyirlər. Amma isti bişmişin də öz yeri var. Plov, bozbaş, piti, ürəyin istəyəndə bunları yemədinsə, daha nə oldu. Lap elə şorba olsun. Qələndərov çox vaxt evdən çıxanda yazıq anasına əmr verərdi, lobya şorbası bişir, sarımsaq-qatıqla. Toyuq şorbası bişir, həm düyü at içinə, həm vermeşil. Qəşəng dovğa elə, noxudu da olsun.

Sulu yeməklərin aşiqi idi Qələndərov.

Birdən içinə haradansa acıq doldu, atasını xoş halda xatırlamağından diksindi. Onu bədbəxt edən insanı niyə bu cür xatırlamalıdır axı? Yalnız lənətlə, nifrətlə xatırlanmağa layiq idi Qələndərov.

Nəsə yemək iştahı bir anda çəkildi. Durub qonaq otağına keçdi.

Ev sahibinin əntiqə zövqü var idi, bu zövqə heyran olmamaq mümkünsüzdü. Bolluca suvenirlər düzmüşdü otaq boyu. Qab-qacaq da yaraşıqlı idi, yumşaq mebel də, çilçıraq da.

Divanın üstündə əyləşdi. Birdən içinə nəsə bir qısqanclıq doldu. Görəsən, O, bu evə başqa qadınları da gətirirmi? Bax elə bu divanda, kim bilir, hansı oyunlardan çıxıb o qadınlarla. Bunu düşünüb anidən dodağını büzdü, tez də özünün özünə acığı tutdu. “Bunu sən deyirsən? Sən??? Saysız-hesabsız kişilərin altına yıxılmış fahişə, sən indi Onun hansısa qızla yaxın ola bilməsindən narahatlıq duyursan?”

Özünü bu cür aşağılamağı, sanki başqası tərəfindən edilibmiş kimi, özünü də incitdi, hətta doluxsundu. Gör haradan-hara gəlmişdi, o cür ciddi, nizam-intizamlı bir ailənin qızı olaraq gəlib gör hara çıxmışdı. Fahişə adı üstündəydi artıq.

Durub kor-peşman güzgünün önünə qayıtdı.

Xatirələri Bilgəhdə qırılmışdı. Davamını gətirməliydi. Həyatının kulminasiyasına yaxınlaşmışdı. Nə olmuşdusa, ondan sonra olmuşdu. Ona kimi olanlar yalan idi sonra olanların yanında.

Güzgüyə baxdı. Sanki o anları yenidən yaşayırmış kimi, xatırladıqca zülüm-zülüm ağlamağa başladı.

 

 “Ədəbiyyat və incəsənət”

(18.01.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.