“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Elvin Ömərova həsr edilmiş şeirlə tanış olacaqsınız.
ELVİN XEYBƏR OĞLU ÖMƏROV
(18.08.1991.-10.10.2020.)
Kürdəmirin Qarasu kəndindən olan, Azərbaycan Ordusunun Quru Qoşunlarının baş giziri, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.
ELVİNİN ARZUSU
İnsanların qəlbində saysız arzuları var,
Arzu elə hissdir ki, arzudan arzu doğar.
Hər insanın köksünə yüz arzu, dilək sığar,
Vətəni bütöv görmək arzusuydu Elvinin.
Məktəbdə dərslərindən yalnız əla alırdı,
Doğmaların, dostların qayğısına qalırdı,
Ağlı, mərifətiylə günbəgün ucalırdı,
Amalı, əqidəsi şəffaf suydu Elvinin.
İllər keçdi, böyüdü, yetkin bir əsgər oldu,
Düşmənə sinə gərən, istehkam, sipər oldu,
Onun evi, eşiyi, yatağı səngər oldu,
“Düşmən məhv olsun, Allah!” – duasıydı Elvinin..
Torpaq kafirdədirsə, əsil oğul dincəlməz,
Bu elə əzabdır ki, ağrısı saya gəlməz,
Adam qəlbən danışmaz, susar, ürəklə gülməz,
Düşməndə doğma yurdu, obasıydı Elvinin.
Əsgərliyi qurtarıb qayıtsa da evinə,
Heç rahat olmadı, nə də bildi, sevinə,
Ordum, sanki deyirdi qayıt səngər-evinə,
Hərbçi olmaq qəlbinin, sədasıydı Elvinin.
O təlim-təhsil aldı, oldu orduda gizir,
Mənasız, boş yaşayan insan özündən, bezir,
O kəslər xoşbəxtdir ki, adı dillərdə gəzir,
Özgədən fərqləndirən zəkasıydı Elvinin.
Orduda əsgərlərə dürüst bir yoldaş idi,
Çoxunun qəlb dostuydu, səmimi sirdaş idi,
Elə mehriban idi, sanki bir qardaş idi,
Bir sözlə, hər bir əsgər doğmasıydı Elvinin..
Fəxr edirdi, bu yolu nə yaxşı ki, seçmişdi,
Aprel döyüşlərindən cəsarətlə keçmişdi,
Hələ o vaxt düşməni məhv eyləyib, biçmişdi,
Orduda xidmət etmək sevdasıydı Elvinin.
Dünya yiyəsiz deyil, var sahibi, hakimi,
Döyüşdü yağılarla xalqın mərd oğlu kimi,
Məhv etdi mənfurları Babək, Koroğlu kimi,
Döyüş, ədalət adlı sədasıydı, Elvinin.
Şəhid oldu, müqəddəs, ülvi arzuya çatdı,
Düşmənə qan ağlatdı, düşmən kədərə batdı,
Vətən bütöv, tam olsun – Qarabağım azaddı,
Azad olunan torpaq qisasıydı Elvinin.
Hər adamda olammaz, nə mərdlik, nə mətanət,
Elvin göstərə bildi necə olur ləyaqət,
Elçin, Hənifə qalıb qəhrəmandan əmanət,
Bir də şəhid xanımı, – sonasıydı Elvinin.
Qaranlıqlar qovuldu, açıldı nurlu səhər,
Ali Baş Komandanla xalqım qazanıb zəfər,
Cəsurlar sayəsində ordum göstərdi hünər,
Bu xoşbəxtlik çin olan röyasıydı Elvinin.
“Ədəbiyyat və incəsənət”
(18.01.2024)