Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xocasən qəsəbə klubunda "Qonağımız var" layihəsi çərçivəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, Xalq yazıçısı Natiq Rəsulzadə ilə görüş keçirilib.
İdarədən AzərTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Xalq yazıçısı haqqında məlumat verilib. Qeyd edilib ki, "İntihar edənin gündəliyi", "Yağışlı bayram", "Adacıq" kimi geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Biz qayıdacağıq" kimi onlarla maraqlı filmlər çəkilib. Onun əsərləri bir çox xarici dildə dünyanın müxtəlif ölkələrində çap olunub və nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb.
Natiq Rəsulzadə çıxışında tələbəlik illərindən, jurnalist fəaliyyətindən, çoxşaxəli yaradıcılığından danışıb, auditoriyanın suallarına ətraflı cavab verib.
“Ədəbiyyat və incəsənət”
(17.01.2024)