Tanrı, məni bağışla!

Turunc Baxışlı  "Ədəbiyyat və incəsənət".

 

Bu cür şeirlərə şifahi xalq ədəbiyyatımızda Şikayətnamə deyirdilər. Ən təsirli Şikayətnanə dahi Füzulidən gəlmişdi. Bu da olsun müasir dövr Şikayətnaməsi. 

 

Bilirsiz ki qonaqdır, evi təmiz ev edən,

Bizim səmirsiz evə nə gələn var, nə gedən

Çovğun qapını döyür, hava yaman qaranlıq,

Fikir götürüb məni, dayan dedim bir anlıq.

 

Evdə bircə masa var, bir də köhnədən divan,

Bir də hər şeyə şahid sınıq, sökük bir tavan.

Tək oturub qalmışam qapımı yoxdur döyən

Halıma bixəbərdir, dərdin mən ilə bölən.

 

Üstümdə köhnə palto, düymələri qırıqdı,

Elə bil sahibiçün o da yaman darıxdı.

Qələmi alıb ələ, başladım qəmdən yazam,

Kəlmələrin izində, ruhum ilə mən azam.  

 

Birdən qapım döyüldü, xatirələr qonağım,

Xaraba qalmış evdə göyə çıxdı fəğanım.

Uşaqlığım kövrəlib, tanımadı heç məni,

O qədər dəyişmişəm illərdən bəri yəni?

 

Sağım, solum iztirab suallar başımdadı,

Olub keçən nə varsa əcəb yaddaşımdadı.

Saxta gülüş üzümdə gəncliyimlə danışır,

Gələn qonaq otaqda, varlığıma alışır.

 

Biraz sükut baş aldı, səsim yaman titrədi,

Gəncliyimə baxarkən, gözüm yaşla inlədi.

Otağın hər tərəfi vərəqlərlə sayrışır,

Səsi arabir çıxan radio da danışır.

 

Deyir, yaman baş alıb saxta, yalan, xəyanət

Dostluğu unutmuşuq, heçlik olub sədaqət.

Söhbət yaman uzandı, qələm bitdi əlimdə,

Sözlərim də tükəndi, dözüm yoxdu dilimdə.

 

Eh, cavanlıq hardasan, yenə tənha qalmışam

Fələkdən ömür alıb, keçmişimə dalmışam.

Vaxtı, zaman yetişdi, yola saldım keçmişi,

Gəldi gözümdə durdu, taleyimin əl işi.

 

Yenə tənha bir gecə, bir də fəqir bu şair,

Yazıb pozur əlacsız, hər an bəxtinə dair.

Səndən Şikayətim var, Tanrı məni bağışla

Bağışla ki, yaşayım, heç olmasa o yanda.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.