“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Elnur İmamverdiyevə həsr edilmiş şeirlə tanış olacaqsınız.
ELNUR VƏFADAR OĞLU İMAMVERDİYEV
(01.09.2001-25.10.2020.)
Kürdəmir rayonunun Carlı kəndindən olan Azərbaycan silahlı Qüvvələrinin əsgəri. Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi.
ÜRƏKLƏRDƏ YAŞAYACAQSAN
Kürün sol sahilində, sən, Carlıda doğuldun,
Təkcə bu kəndin deyil, Vətənin oğlu oldun.
Uşaqlıqdan ağıllı, mərifətli böyüdün,
Heç yadından çıxmadı uluların öyüdü.
Atan sənə demişdi, bala, vətən bizimdir,
Bu yurdda həm daş-qaya, həm də çəmən bizimdir.
Yağılarda qalammaz, bir qarış torpağımız,
Oğul, bizi gözləyir əziz Qarabağımız.
Atanı dinləyərək düşündün lap dərindən;
-Vaxtdır qurtarmalıyıq, erməninin şərindən.
Əsgərliyə gedəndə sevinirdin necə də…
Anan xatırlayır ki, yatmamışdın gecə də…
Qulluğun nümunəvi, özün qoçaqdan qoçaq,
Ancaq bir arzun vardır, düşməni yurddan qovmaq.
Başladı müharibə, nəhayət, o gün çatdı,
Sən oldun vuruşlarda, xüsusi təyinatlı.
Döyüşdün Füzulidə, Cəbrayılda şir kimi,
Qubadlı, Zəngilanda, bir möcüzə, sir kimi.
Məhv eyləyib düşməni, belini qırdın şərin,
Əfsanəyə çevrildi, Elnur, sənin hünərin.
Vətən sevgisi ilə, sən bayrağa büküldün,
Əbədi yaşamaqçın doğma Carlıya döndün.
Hər kəsə örnək oldu qeyrətin, igidliyin,
Səni cənnətlik etdi əbədi, şəhidliyin.
Elnur, yaşayacaqsan, ürəklərdə hər zaman,
Unutmaz qəhrəmanın heç vaxt doğma el-oban.
“Ədəbiyyat və incəsənət”
(16.01.2024)