Onunçün verdinmi mənə göyləri, məndən göylər qədər uzaq olasan?! Featured

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Səni yaz qatarı apardı tezdən,

Elə bil dünyanı qarlı qış aldı.

Heç yana getmədin sən yer üzündən,

Bəs niyə yer üzü birdən boşaldı? 

 

Hicran elə gəldi, ayırdı bizi,

Sanki üfüqlərə uçan xəyaldın.

Hicran elə bildi ayırdı bizi,

Bir idin, min olub qəlbimdə qaldın. 

 

Gecələr sakitcə axan ulduzlar,

Göylər çəmənində naxışlarındır.

Hardansa gözümə baxan ulduzlar

Ulduz yox, həsrətli baxışlarındır! 

 

Bu gün şair, nasir, dramaturq, publisist, tərcüməçi kimi fəaliyyət göstərmiş dəniz, göy, məhəbbət şairi adlandırılan, "İstiqlal" və "Şərəf" ordenli xalq şairi Nəbi Xəzrinin anım günüdür. 

Nəbi Ələkbər oğlu Babayev 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra  İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, 1943-cü ildə xəstələndiyi üçün ordudan tərxis edilmişdir. Ordudan tərxis olunduqdan sonra o, bir müddət  "Kommunist" qəzetində  korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır.

1945-ci ildə şairin "O cavanın laylığı" və "Söz" şeirlərini  oxuyub bəyənən Səməd Vurğun Nəbi Xəzrini yanına çağırtdırır və onu Yazıçılar İttifaqına üzv qəbul edir. 

Azərbaycan Dövlət Universitetində, Leninqrad Dövlət Universitetində və Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almış Nəbi Xəzri Leninqrad Universitetində oxuyarkən erməni tələbələrdən biri onun qrup yoldaşları olan qızlara sataşdığı üçün şair onunla mübahisə edir. Dava böyüyür və dekanın şairi universitetdən qovması ilə nəticələnir. Daha sonra qızlar rektorla danışıb onun yenidən universitetə bərpa edilməsinə nail olurlar.

Təhsilini bitirib Bakıya qayıtdıqdan sonra şair Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi və katib, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin və Azərbaycan mədəniyyət nazirinin müavini, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinin sədri və "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti vəzifələrində çalışmışdır

Nəbi Xəzri 1954-cü ildə İsa Muğannanın baldızı, həm də xalası qızı olan Gülarə xanımla ailə həyatı qurmuş və beş övladı dünyaya gəlmişdir. Lakin bir qızı və bir oğlu uşaq vaxtı dünyasını dəyişmişdir. 

1950-ci ildə şairin "Çiçəklənən arzular" adlı ilk kitabı Nəbi Babayev imzası ilə çap olunmuşdur. Daha sonra dənizi və dənizin ətrini ətrafa yayan xəzri küləyini çox sevdiyi üçün o, 1958-ci ildə özünə Xəzri Təxəllüsünü götürür. 

2007-ci ilin yanvarında insult keçirən şair nitq qabiliyyətini itirmiş və dörd gün sonra, yəni yanvarın 15-də dünyasını dəyişmiş, 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur. 

Və bu günkü şeir payımız da Nəbi Xəzri yardıcılığının ərməğanıdır, xoş mütaliələr! 

 

Dəniz, göy, məhəbbət 

 

- Dənizi hədiyyə verirəm sənə...

Mən dedim, sən baxdın, sən gülümsədin.

Göylərin şəfəqi düşdü üzünə.

- Mən isə... göyləri verirəm, -dedin... 

 

Ayrıldıq qəribə hədiyyələrlə,

Göylər eşqim kimi mənə əzizdir.

Ayrıldıq dənizlə, ağ ləpələrlə,

Necə aparasan? Dəniz dənizdir. 

 

Dənizi verdim ki, sənə hədiyyə,

Gəldiyim sahilə gələsən bir də.

Məni görməyəndə o mənəm - deyə,

Mənimlə danışıb, güləsən bir də. 

 

- Əgər görüşməsək, bizə dağ olar,

Dedim, neçə dəfə belə dedim mən.

Dəniz sahilinə qayıtmaq olar,

Göylərin sahili varmı, gedim mən?! 

 

Düşündüm, ayrılıq gələndən bəri,

Sən mənim eşqimə çıraq olasan.

Onunçün verdinmi mənə göyləri,

Məndən göylər qədər uzaq olasan?! 

 

 

Mən bir dənizəm ki, eşqim səhərdir,

Səni düşünürəm, əzizim, yenə.

Mənim dalğalarım xatirələrdir,

Qoy çatsın qəlbinin

                                  sahillərinə. 

 

Əsl məhəbbət ki, böyük hünərdir,

Coşar umman kimi təzə arzular.

Mənim dalğalarım 

                                     xatirələrdir,

Orda tufan da var, burulğan da var.

Dənizəm, eşqimdən qaçmaq hədərdir,

Mən ki, adlayıram çölü, çəməni.

Mənim dalğalarım, 

                                 xatirələrdir,

Gecə də, gündüz də tapacaq səni.

 

 

Sevgi miniatürləri 

 

Keçir xəyallarım sənin izində

Sən Ayla, Günəşlə tən görünürsən.

Dünyaya baxıram sənin gözünlə

Yenə gözlərimə sən görünürsən. 

 

 

Onlar görüşdülər... Aylı gecəydi...

Oğlan pıçıldayıb. "Sevirəm" - dedi,

- Əhdindən dönənin gözü oyulsun!

Ay da sevgimizə qoy şahid olsun. 

 

Onlar ayrıldılar... Aylı gecəydi...

Oğlan başqasına "Sevirəm" - dedi.

Ay girdi buluda üzündə kədər,

Qorxdu, bir də onu şahid çəkərlər.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.