“Əsarətin zəncirini qırmağa çalışmağımı. Sərhəd kənarında uçan quşların qanadlarından öyrəndim!” – GÜNEYDƏN ŞEİRLƏR Featured

Əli Çağla, “Ədəbiyyat və incəsənət”

 

Təbrizdən -  Güney Azərbaycanımızdan bu səfər quzeyli oxuculara öz şeirlərimi ərməğan etmək istəyirəm. Ümidliyəm ki, onları bəyənəcəksiniz.

 

 

SINIQ AYNA

 

Qaranlığa qapıldım ümidsiz xəyallarımla

Ürəyim sıxılan həbsxananın divarları oldu,

Depremdən törənən səsim titrədi

Və dünya getdikcə uzanan yollara çevrildi!

 

Göyün sonsuzluğunda izlədiyim ulduzlar

Başımın üstündən uzaqlaşdılar sayrışaraq.

Yenidən birləşmələri üçün

dartınan sınıq aynanın parçaları kimi

Ulduzların bir daha birləşməyəcəklərini anladım.

 

Göy üzünü ay, yer üstünü şəhərdəki işıq dirəkləri işıqlandırsa da

Qaranlığı axtarıram!

Küçələrin bucağında ağzı köpüklənən qardaşın yanında,

Bacının həyətdə şəritə sərdiyi büstqalterinə baxan

Qonşuların parıltılı gözlərində axtarıram qaranlığı!

Ananın məhkəmədə dodağının üstündə

Göllənən burun suyuna qarışmış göz yaşlarında

Və atanın... Atanını qabar əllərindəki göm-gör pullarda axtarıram...

 

Yer kürəsini “Müsbət fikirləşək” adlı kitablar qurtarsa da

Bu sınıq aynanın cinsindəki ailəni birləşdirə bilməyəcək.

İtsəm də qarışıq nizamın içində

Əsarətin zəncirini qırmağa çalışmağımı

Sərhəd kənarında uçan quşların qanadlarından öyrəndim!

 

Yenə də ümidimin alovları közərir içimdə

Adımı çığıra-çığıra səsləyən qızın səsini xatırlayıram.

Simasını xatırlamağa çalışıram, xatırlaya bilmirəm.

Hə... düşdü yadıma duvağı dağılmış köpəyin qızı!

Qaranlığı doldurun içimə, bu qızı tanımıram bəlkə də!

Ağarmamışdı saçları, məni çığıra-çığıra səsləyən qızın

Heç zaman da inana bilməzdim ağaracağına.

Üzünə çopur, alnına şeir qazmamışdı təcrübələr

Yaşıl yaylığını yelləndirərdi o olsaydı.

Silin bu səhnəni, beynimdən silin!..

 

Ümid adlı bir işığın böyüklüyü

Kiçik, amma güclü qaranlığa məğlubdur!..

Ey mənə azadlığı öyrədən sərhəd kənarındakı quşlar

Sizin kimi qanadlandıracağam

Bacıların dumanda yolunu azan istəklərini,

Qardaşların ürəklərindəki istismar diləklərini

Və yaylıqlarını yelləndirən qocalmış qızların duyğularını!..

 

BU GECƏ

 

İki qarğanın toyudur bu gecə!

Qar-qar stress yaşayır dişi qarğa.

Baxsan alnına erkək qarğanın

Tərdən muncuq düzülübdür.

Uzun corablarını ağacdan yelləndirərkən dişi qarğa

Yaxasındakı qalstukunu sığallayır qarğa bəy.

Kim deyir görmədin?

Gördüm onları, sevişdikdə...

 

İki itin bir alabaş balası olur bu gecə!

Atasına oxşayır küçük oğlu küçük...

Anasının göz yaşı döşündəki südünə qarışıb sevincindən

Atası sevinc dolu həyəcanından başını dik tutur

Və gecənin sükutunda harmoniyalı mahnı oxuyur: Haf-haf-haf...

Kim deyir görmədin?

Gördüm onları, sevindikdə...

 

İki ayı qədəh-qədəhə vurur bu gecə!

Başqa bir ayının sağlığına.

Mağaranı şərab qoxusu bürüyüb.

Üç aydır mükərrər içirlər ayılar

Və üç aydır yuxularına şərab calayırlar.

Kim deyir görmədin?

Gördüm onları, içdikdə...

 

İki tülkü quyruqları ilə aslana plan çəkirlər bu gecə!

Gözlərindəki hiylə ilə kibrit çəkirlər qaranlığa.

Əllərində yuxu şərbəti

Boyunlarından aslanan sülh medalları

Kim deyir görmədin?

Gördüm onları, danışdıqda...

 

İki çaqqal şeir yazır bu gecə!

Və sabah tribuna arxasında şərr oxuyacaqlar.

Aslanın əlindən “Xalq şairi” ordeni almaq üçün...

Kim deyir görmədin?

Gördüm onları, şeir yazdıqda...

 

Və bir insan darıxır bu gecə!

Yüksəldir qramafondakı Zara Leanderin  səsini

Başındakı papağını masaya qoyub fikirləşir.

Barmağı ilə ballistik raketi oynadır,

Meşənin bağrına sancaqlayır alovları.

Kim deyir görmədin?

Gördüm “Bir”-lərin acımasızlığını...

 

SƏSSİZ UÇURUM

 

Səssiz uçurumun ucundayam

Geriyə baxdığımda qanadı yolunmuş quşları görürəm

Dəmirləri paslanmış qəfəslərin açıq qapılarını

Çevrilirəm, baxmaq istəmirəm.

Yaşıllığa inanmadığım üçün, bozarır önümdəki mənzərə!

 

Qaranlıq düşüncələr ağrıya sürükləyir məni

Və ölümün səssizliyi, lal-dinməz dayanıb yanımda.

Görürəm, bilirəm

Bilirəm, görə-görə çox şeyləri yenə də görmürəm

Bədənim parça-parça, ruhumda deşiklər var

Və səssiz uçurumun ucunda

Bu son nəfəsim olsun deyə çalışsam da

Sayısı yadımdan çıxıbdır nəfəslərimin.

 

Heç bir şey qalmadı, heç bir şey üstümdən qatar kimi keçmir artıq

Quş olub uçmaq duyğularımı qara divarlar pozdular otağımda

Duyğulana bilmirəm heç bir şeyə...

Mən bir şeyə inana bilmirəm, bir şeyə.

Bəlkə də asılı qaldığım “Bir” sözünün üstündəyəm

Sözümün üstündüyəm, asılı qalmışam.

Asılı bir,

Bir asılı bilir

Bir sözümün üstündə

“Bir” sözünün üstündə...

 

Dünyanın həbsxana olduğunu bilirəm

Bilirəm, asıldığımdan sonra həbsxananın qapısının əbədi açıq buraxılacağını da bilirəm

Bilirəm dünya müharibə meydanı olsa da belə

Ayaqlarımı sevgi minalarının üstündə buraxdığımdan sonra

Sülh bəyannaməsini imzalayacaq hökmranlar – diktatorlar, bilirəm.

Sən evdə oturub qəzetə oxuyarkən,

Xəbərimi eşidəcəksən... Muğayat ol... Çayın soyumasın...

Hər şeyin sonu qap-qara qaranlıqda yox olur

Yox olur, əvvəldən olmayan “Bir” sözü, yox olur.

Yox olur,

      Olur,

          Yox olur,

                  Asılmır

                           Asılır...

Bir sözünün üstündə asılı qalıram

Bir sözünün...

Sözünün bir-bir

Bir sözünün asılıram üstündə

Üstündəyəm bir sözünün

Sözümün üstündə dayanıb asılıram.

 

Ümidlərim balıq olmaq arzusunda ikən

Sizin həyətinizin mavi hovuzunda qərq oldular.

İndi paslı qəfəslərin açıq buraxılmış qapıları,

Minaların xünsa olmaqları

Və sənin sətir-sətir qəzetə oxumağın

Divardakı pişiyin balıqlara şorgözlük etməyini görməməyin

Ağlamağın, üzünü didməyin

Fotoqrafçıların işinə yarayar sadəcə, bilirəm.

 

Gələcəyin olmadığı son nöqtədə

Geriyə baxa bilmədiyim səssiz uçurumun ucunda

Bu son nəfəsim olsun dediyim sözə vəfalı olmasam da

Son siqaretimi alışdırıram...

Yanıram...

Bunu sən bilməyəcəksən...

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.